Ermənistanın regional təcridi dərinləşir: Dünya və region ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər
Azərbaycanın dünya dövlətləri ilə, xüsusən də qonşu ölkələrlə geniş əlaqələri sirr deyil. Region ölkələri ilə siyasi, iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. İstər Rusiya ilə, istər Gürcüstanla istərsə də Türkiyə və İranla qarşılıqlı əlaqələr yüksək etimad əsasında aparılan siyasətin nəticəsidir. Təbiidir ki belə halda Azərbaycan ərazilərini işğal edən, işğalçılıq siyasətini davam etdirən Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir.
Məsələn bu günlərdə İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirildi. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olundu. Bununla yanaşı oktyabrın 29-da
İstanbulda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatda da dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və bu xüsusda fiziki və hüquqi şəxslərin fəaliyyətlərinin bu prinsiplərlə tam uyğun olmasına dair razılıqlarını ifadə etdilər. Eyni zamanda sözügedən bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini vurğuladılar; bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini bildirdilər.
Bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olundu və münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edildi.
Bundan əvvəl isə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirmişdi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman sanki Azərbaycanın mövqeyini təkrarladı. Realist siyasətçi olan Con Bolton bildirdi ki, əgər Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yəni Ermənistanın çıxış yolu bundan ibarətdir.
Bütün bunlar region dövlətlərinin və bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin bariz nümunəsidir.
Məsələ burasındadır ki, Ermənistan yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Nəticə etibarilə, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb.
Ermənistanın iddialarına baxmayaraq, Rusiya da Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. 2017-ci ildə Serj Sarkisyanın hakimiyyəti dövründə Aİ Ermənistanda seçkilərin keçirilməsi üçün 7 milyon avro ayırdığı halda, Paşinyana ianə olaraq cəmi 3 milyon avro ayırıb. Bu ilin yayında Brüsseldə olan zaman Paşinyanın Aİ-dən əvəzsiz yardım formasında bir milyard avro tələb etməsi hələ də Aİ kuluarlarında gülüş obyektidir.
Bütün bunlardan belə qənaətə gəlməjk olar ki, Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, Ermənistanın iflası və özünü təcridi daha da dərinləşcəkdir. Siyasi, iqtisadi, sosial, demoqrafik və diplomatik böhrandan çıxmağın yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarması və qonşu dövlətlərlə sivil əsaslarla münasibət qurmasıdır.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az”a bildirib ki, Azərbaycan bir çox ölkələrlə üçtərəfli format çərçivəsində əməkdaşlıq edir: "Ermənistanın bu formatlara oxşar hər hansı bir şəkildə fəaliyyəti yoxdur. Hətta yaxın münasibətləri olan İran və asılı olduğu Rusiya belə, Ermənistanla belə bir formatda maraqlı deyil. Ermənistanın nəyi var ki, onunla belə bir format yaradıb, hansısa regional layihəni həyata keçirsinlər?
O ki qaldı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatına, bu çox faydalı əməkdaşlıqdır və Ermənistanın təkləndiyini göstərir. Bəyannamələrdə qeyd edilir ki, bu ölkələr Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eləcə də Dağlıq Qarabağla bağlı fikirlər yer alıb. Azərbaycanla Gürcüstan arasında nə qədər layihələr var, dövlətimiz bu ölkəyə milyardlarla dollar sərmayə yatırır. Ermənistan Gürcüstana bir dollar investisiya qoyubmu? Təbii ki, yox. Çünki buna maddi imkanı yol vermir.
Faktiki olaraq, Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələrdən Ermənistan təcrid olub. Maraqlıdır ki, onlar niyə bu layihələrdən kənarda qaldıqlarını bir dəfə olsun belə müzakirə etməyiblər. Əlbəttə, səbəblərini bilirlər ki, məhz işğala görə bu layihələrdən kənarda qalıblar, bütün qazanclardan məhrum olublar. İşğal faktoru olmasaydı, bu gün Gürcüstanın qazandıqlarını Ermənistan da əldə edə bilərdi”. E.Şahinoğlu vurğuladı ki, Ermənistanın ən böyük arzusu Rusiya ilə İran arasında nəqliyyat xətti seçilərkən özünün bu layihədə yer alması idi: "Amma İranla Rusiya əlavə xərcləri nəzərə almaqla Ermənistandan imtina etdilər və bu layihədə Azərbaycana üstünlük verdilər. Məhz qeyd etdiyim Şimal-Cənub marşrutu yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Göründüyü kimi, Ermənistan bundan da məhrum oldu”.
Anar