Etimad Əsədov evdən yox, bir eldən getdi





Başın sağ olsun, Vətən! Daha bir igidin bu dünyadan vaxtsız köç etdi. Torpaq uğrunda düşmənlə döyüşən, amansız savaşlarda qalib əsgər mətanətini qoruyan, xalq, millət eşqi ilə ömrünü başa vuran "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Ehtimad Əsədov uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşub. Etimad Əsədovun ömrü döyüş meydanlarında keçib. Qanlı-qadalı müharibə illərində Qarabağda döyüşdü. Müharibədən sonra isə öz komasına çəkilib, sakit dayanmadı. Azadlıq üçün döyüşdü, demokratiya üçün döyüşdü. Müharibə iştirakçıları, Qarabağ qazilərinin haqları üçün döyüşdü.


Özü kimi qazi olan oğulları başına toplayıb "Qarabağ Qaziləri" Birliyini yaratmışdı. Torpaq uğrunda mübarizə aparıb gəlib sonra da haqq, demokratiya, azadlıq mübarizəsinə qoşulmuşdu. Ömrü boyu mübarizə aparan döyüşçü amansız xəstəliyin cəngindən xilas ola bilmədi. Döyüş yolunda ayağını itirən qazi xəstəliklə mübarizədə həyatını itirdi. Belə bir deyim var: "Hər kəs alın yazısı ilə birgə doğulur". Nə xoş ona ki, Etimad Əsədovun alın yazısına isə ancaq şərəf, ləyaqət, xeyirsevərlik, mübarizlik, dönməzlik, vətənpərvərlik və Qazilik yazılıbmış.

Bu qismət hər adama nəsib olmur. Bəlkə də özü bunun fərqində deyildi, amma birəbir yaşadı ömür yoluna yazılanları. Böyüklüyünün fərqində olmazdı. Haqqı nahaqqa vermədən 55 il şərəfli bir ömür yaşadı. Haqqı tapdananın müdafiəsinə qalxdı. Köməksizlərə arxa, dayaq oldu. Mərdlik örnəyi insanlardan idi. Məhz bu səbəbdəndir ki, bu ölkədə yüzlərlə Qarabağ qazisi, neçə-neçə kimsəsiz insan həyatına, yaşamına görə özünü ona borclu bilir. O, bir evdən yox, bir eldən getdi. Özü də nakam getdi. İllərdir mübarizə aparmasına rəğmən bir ayağını qoyub gəldiyi torpaqları azad görə bilmədən köçüb getdi bu fani dünyadan. Bəli, heç kimin ağlına gəlməzdi ki, bir səhəri Etimad Əsədovun vaxtsız ölüm xəbəri ilə açacağıq.

O, bu xalqın ümid yeri, işıqlı gələcəyi idi. Qazilərin Qarabağa olan ümidi idi. Bəs, indi Etimadsız dünyada qazilərin taleyi necə olacaq? Çətinliyə düşən əlillər kimin qapısına pənah aparacaq? Haqları tapdanan döyüşçülər kimin yanına qaçacaq? Kim onlara dayaq duracaq?

Yaşına, ağrılarına, xəstəliyinə rəğmən yenə də müharibə ruhu vardı canında. Nə vaxt Qarabağla, torpaqla bağlı açıqlama alsaq, "heç nə istəmirəm, müharibə başlasın, gedim müharibəyə" deyirdi.
İllər ötəcək, fəsillər dəyişəcək, amma Etimad Əsədovun qəhrəmanlığı, savaşı, mübarizliyi unudulmayacaq. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Qarabağ var, bu böyük Vətən oğlu da var olacaq. Axı o da öz əməlləri ilə ölümsüzlüyə qovuşan şəxsiyyətlərin sırasında özünə yer edib. Böyük bir xalqın qəlbində taxt qurub. Həyatı boyu insanlara döyüşməyi, savaşmağı, Vətən uğrunda ölməyi aşılayıb.

İllərdir işğal altında qalan torpaqların azadlığı uğrunda mübarizə aparan, qazilərin, köçkünlərin haqq səsini aidiyyəti qurumlara çatdıran Vətən oğluna son borcumuzu yerinə yetirmək üçün yas mərasimində iştirak etdik. Qazinin dəfn mərasimi izdihamlı idi.

Qohum-əqrəba, dost-tanış bir yana qalsın, ölkə ictimaiyyətinin tanınmış simaları, silahdaşları da qazi ilə sağollaşmağa, ondan halallıq almağa, halallıq verməyə yığışmışdı. Döyüşçünün evi önündə uğrunda qan tökdüyü üçrəngli Azərbaycan bayrağı dalğalanırdı, sinəsində Etimad Əsədovun fotosunu gəzdirən Qarabağ qaziləri də əsgər sırası ilə dayanmışdılar. Qazinin vida mərasimində vəsiyyətinə uyğun olaraq Azərbaycanın dövlət himni oxunub, əl çalındı. "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı və üçrəngli bayrağın müşayiəti ilə yola salınan mərd oğul "Fatmayı" qəbiristanlığında uğrunda savaşdığı torpağa tapşırılıb.

Qeyd edək ki, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 1963-cü il təvəllüdlü E.Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" İctimai Birliyinin sədri idi.

Mərhumun yaxın dostu, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun məlumatına görə, Etimad Əsədov 3-4 ay əvvəl ağciyər xərçəngi olduğunu bilib: "İranda bir müddət müalicə olundu, kimyaterapiya prosedurları qəbul etdi. Lakin səhhətində heç bir irəliləyiş olmadı. Ağciyərinə su yığılmışdı. Elə sonuncu dəfə həkim qəbulunda olanda yığılan suyu təmizlədilər. Çox təəssüf ki, onu həyatda saxlaya bilmədik. Etimad Əsədov qazilər üçün böyük itkidir. O, Qarabağ qaziləri üçün çox işlər görüb, insanlara dəstək olub. Onun qədər vətənpərvər, qazilərin qayğısına qalan, vətənini sevən ikinci insan tanımıram. Etimadın vəfat etməsi ailəsi üçün ağır itkidir".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Qarabağ Qazisinin ölümünə biganə qalmayıb. Onun haqqında xatirələrini bölüşüb:

"Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu. Yerinə protez taxırdı. Onu da bəzən yastıq, bəzən də silah kimi istifadə edərdi. "Ayağını" çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram. Bu barədə o uzaq illərdə yazmışdım".

Onunla həbsxanada bir yerdə olduğu günləri xatırladan R.Arifoğlu belə deyib: "Günün birində məhkəmə iclasında protezini çıxartdı, hakim Mənsur İbayevə və digər hakimlərə atdı. Tək deyildi, hakimlərə biz də nə gəldi tolazlayırdıq; dəmir qəfəsdə 7 nəfərdik, tərkibimiz baş nazir, deputat, redaktor, partiya sədri, dövlət müşaviri... Titullu insanlardan ibarət idi.

Türmədəydik, Allahın yazısını və sınağını bərabər yaşayırdıq. İbayev bizi növbəti dəfə əsəbiləşdirmişdi və əlimizdə nə var, tolazlayırdıq hakimlərin oturduğu kürsüyə. Su butulkası, stəkan, ayaqqabı. Bax, o anda dəmir tellərin arasından ayaq şəklində bir protez Mənsur İbayevin düz qarşısına düşdü. Etimadın şəhid ayağını əvəz edən protez elə bir səs elədi ki...

İbayev və hakimlər qaçdılar... Hə, həmin anda onu kəşf etdim ki, bizim sabiq baş nazir çox zəngin söyüş ehtiyatına malikdir, Sərdar da pis deyildi. Hələ bir İbrahimə bax - təmkin heykəli bir söyürdü ki...
Bu olaydan sonra bizə suyu cirə ilə verdilər - butulkalar yığışdırıldı. Bizim dəmir qəfəslə hakimlərin arasına da mühafizə qoydular. Onların gözü Etimadın silahında idi - birdən çıxardar, atar ayağını, İbayevi yaralayar, hökm çıxardammaz...

O isə bizim sevimli Qazimizdi.

Dəli-dolu, haqsızlığa dözümsüz, Mənsur İbayevə daha dözümsüz...

İbayev sağdır, hər halda, amma Etimad bugünkü durumu ilə ondan daha diridi.
Bayıl həbsxanasında 13 ay bərabər olduq. Bütün müddəti təkadamlıq kamerasında qaldı. "Kimsəyə yük olamam, mənə belə rahatdı", deyirdi...

6 aylıq bir bir məhkəmə dönəmi vardı. Yuxarıda yazdığım olay həmin zamanlarda baş verdi. İş bitdiyi üçün həbsxanadakı rejim nisbətən yumşalmışdı. Şənbə-bazar, məhkəmə olmayan günlər və məhkəmədən sonrakı 20 gündə yeməyimizi bərabər yeyərdik. Sabahları yeməyi bərabər hazırlardıq. "Qlazok"u Etimad hamıdan yaxşı bişirərdi. Sonra da gəzinti üçün nəzərdə tutulan yerdə bərabər günümüzü keçirdərdik. Bax, o zamanlarda Etimad protezini çıxardıb, qoyardı başının altına və eləcə də yatardı.

Yastığı öz ayağı idi...

Şəhid ayağının ardınca getdi. Etimadın tamı, bütün cismi vətən uğrunda şəhid oldu...
Orada ona demişdim, "a bəxtəvər, nə zaman ölsən, şəhidsən..."

Şəhidlər ölməz ki..."