Leyla Əlizadə: “İnsanların pişikləri, itləri yemləməsi halları da artıb. Deməli, cəmiyyətimizdə humanistləşmə gedir. İnsanlar heyvanları dünyamızın bir parçası olaraq görməyə başlayıb”
Evdə it saxlayanlar daha az həkimə üz tuturlar
Bununla yanaşı, ev heyvanları saxlayarkən bəzi nüanslara xüsusi diqqət yetirilməlidir
Leyla Əlizadə: “İnsanların pişikləri, itləri yemləməsi halları da artıb. Deməli, cəmiyyətimizdə humanistləşmə gedir. İnsanlar heyvanları dünyamızın bir parçası olaraq görməyə başlayıb”
Leyla Əlizadə: “İnsanların pişikləri, itləri yemləməsi halları da artıb. Deməli, cəmiyyətimizdə humanistləşmə gedir. İnsanlar heyvanları dünyamızın bir parçası olaraq görməyə başlayıb”
Heyvanlar insanların sadiq dostlarıdır. Onlarla dostluq etməyin, evdə heyvan saxlamağın həm faydalı, həm də bəzi zərərli cəhətləri var.
Araşdırmalara görə, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. Bununla əlaqədar dünya heyvansevərlər cəmiyyətlərinin açıqladığı statistik məlumatlar çox maraqlıdır. Məsələn, ev heyvanı öz sahibini gün ərzində ən azı bir dəfə güldürməyə müvəffəq olur. İt saxlayanlar həkimə daha az müraciət edirlər. Pişik saxlayanlar isə daha mülayim və sakit olurlar.
Lakin bununla yanaşı, ev heyvanları saxlayarkən bəzi məsələlər, xüsusilə onların təmizliyi nəzərə alınmalıdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, ona qulluq edənin pal-paltarı, üst-başı təmiz olmalıdır, çünki natəmizlik halları və heyvanların tükü allergiyaya səbəb ola bilər.
Uşaqların heyvanla təmasına müəyyən qaydalara əməl edilməklə ən tezi 2 yaşından sonra icazə verilir, əks halda müəyyən fəsadların yaranması mümkündür. Onların gözündə qaşınma, qızarma, sulanma, selikli qişada ifrazatın gəlməsi halları, qaşınma hissiyyatı, bəzi hallarda öskürməyə və boğulmaya qədər əlamətlər baş verə bilər.
Ev heyvanları dəcəl uşaqlara bənzəyir
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə son illər heyvanlara münasibətin müsbətə doğru dəyişdiyini deyir. "Şərq”ə açıqlamasında L.Əlizadə bildirdi ki, aparılan təbliğat işləri insanların heyvanlara qarşı daha mülayim davranmasına səbəb olur:
- Yadınızdadır, bir neçə il əvvəl parklarda küçükləri tutub işgəncə verirdilər. Biz o zaman da könüllülər qrupları ilə bu vəhşiliyin qarşısını almaq üçün çalışırdıq. Könüllü qruplarımız şəhərdə müşahidə etdikləri hadisələri bizə xəbər verir, biz də hüquq-mühafizə orqanları ilə dərhal əlaqə yaradıb, belə şəxslərin saxlanılmasına və qanunun tələb etdiyi cəzanı almasına yardımçı olurduq. Bizim ictimai birlik artıq 10 ildir ki, fəaliyyət göstərir. Artıq hiss edirik ki, heyvanlara münasibət dəyişib. Dəfələrlə belə hallar olur ki, tanımadığımız insanlar bizimlə əlaqə yaradıb, hansısa itin və ya pişiyin ağır durumda olduğunu xəbər veriblər, ünvanı göstəriblər və biz gedib o heyvanları xilas etmişik. Həqiqətən də, kim ki evində it və ya pişik saxlayır, o insanların gündəlik həyatı sakit, rahat keçir, ailə üzvləri bir-birilə mehriban davranır, səmimi olurlar. Evdə heyvan, sanki uşaqdır. Ev heyvanları özlərini uşaq kimi aparır. Dəcəllik edir, atlanıb-düşür, sahibi ilə ünsiyyət yaradır. Bəzən nədənsə küsürlər, inciyirlər. Pişiyə və ya itə acıqlananda başını aşağı salır, quyruğunu qısır. Qaçıb gizlənir. İnsanın səs tonundan heyvan hiss edir ki, nəsə yaxşı iş görməyib. Evdə pişik, ya da it saxlayanlar heyvanlarının necə sevindiyini müşahidə edir.
Dəb xətrinə heyvan saxlamaq...
L.Əlizadə bildirdi ki, son zamanlar sosial şəbəkələrdə pişik və ya it əldə etmək istəyənlərin müraciətləri çoxalıb:
- Buna əsasən deyə bilərəm ki, bəli, son zamanlar ev heyvanlarına maraq və istək artıb. Amma bəzi şəxslər, təəssüf ki, ev heyvanını dəb xatirinə istəyir. Yazırlar ki, pişik və ya it əldə etmək istəyirlər, amma gərək cins heyvan olsun. Belədə artıq başa düşürük ki, bu adam dəb xatirinə, kiməsə nümayiş etdirmək üçün, kiminsə şıltaqlığını aradan qaldırmaq üçün heyvan əldə etmək istəyir. Heyvanlar canlıdır. Onlarla canlı kimi, həyatımızın bir parçası bilib davranmalıyıq. Dəb xatirinə əldə edib, bəzək əşyası, oyuncaq kimi baxmamalıyıq. Mənim bir itim var. 18 yaşındadır. Artıq qocalıb. Gözləri də pis görür. Bəzən mənə deyirlər, nəyinə lazımdı bu it, iynə vurdur, dərman ver, ölsün. Mən dəhşətə gəlirəm bu sözlərdən. Deyirəm ki, valideyniniz qocalanda ona dərman verib öldürəcəksiniz?! Evdə yaşlı nənə, baba varsa, onu küçəyə atmalıyıq, iynə vurub öldürməliyik?! Bu necə yanaşmadır?! Mən qocalmış itimi evimdə yaşlı bir insan kimi hiss edirəm. Ona lazımi qulluq göstərirəm, qayğısına qalıram. O bizim evin bir üzvüdür, onu necə atmaq olar?! Belə də olur ki, biz sahibsiz heyvanlara "ailə” tapırıq. 3 gün əvvəl bir nəfər müraciət etmişdi ki, blokun qapısına pişik balası qoyublar. Şəklini çəkib bizə göndərdi, biz fotonu sosial şəbəkəyə yerləşdirdik. Sonra o pişik balasını əldə etmək istəyən bir nəfər bizimlə əlaqə yaratdı. Belə hallarda mən özümü çox xoşbəxt hiss edirəm, sanki kimsəsiz, atılmış bir uşağa ev, ailə tapmış oluram. Amma kor-koranə də heyvanları adamlara təslim etmirik. Çünki bir-iki dəfə fırıldaqçılarla qarşılaşmışıq. Çalışırıq, heyvanı təslim edəcəyimiz adamı tanıyaq, kimliyini öyrənək. Kiminsə heyvanla pis davrandığını öyrənəndə, əlindən alırıq.
Pişiklər insanda immunitet yaradır
Ev heyvanlarının insan sağlamlığına təsiri məsələsinə gəlincə, L.Əlizadə bir neçə həkimlə bununla bağlı müzakirələrinin olduğunu bildirdi:
- Həkimlər deyir ki, allergik reaksiyalar itlərdən yox, pişiklərdən keçir. Görünür, bu, pişiklərin orqanizmi ilə əlaqəlidir. Amma tanış ginekoloq deyir ki, əksinə, körpə olan evdə pişik varsa, o uşaqda allergiyaya immunitet yaranır. Hamiləlik dövründə qadınlara pişiklə təmas yaratmaq çox zaman məsləhət görülmür, toksoplazmoz virusunun bundan yarandığını bildirirlər. Ancaq tanıdığım xanımlar var ki, ömründə pişikləri olmayıb, evdə pişik saxlamayıblar, hamiləlik zamanı toksoplazmoz aşkarlanıb. Görünür, bu hallar insana görə dəyişkəndir və fərdi xarakter daşıyır. Heyvan da canlıdır, onun da həkimə, dərmana ehtiyacı yarana bilər. Ev heyvanı saxlayan adam gərək bunu fikirləşsin və veterinar həkimlə mütəmadi əlaqə saxlasın. Ev heyvanının təmizliyinə, gigiyenasına əməl edilməlidir. Özümüz yuyunub, darandığımız kimi, heyvanları da yuyundurub, tüklərini daramalıyıq. Təmizliyə, sanitar normalara riayət edilsə, heyvanın insanlara heç bir zərəri olmaz. Sadəcə, bu bir faktdır ki, evdə pişik və ya it saxlayanlar digərlərinə nisbətən daha səbirli, daha sakit, gərginlikdən uzaq olur. Ev heyvanı olan ailələrdə mehribanlıq hökm sürür, insanların üzü gülür.
Cəmiyyət humanistləşir
L.Əlizadə son illər cəmiyyətdə heyvanlara qarşı humanisltəşmə meyillərinin artmasına sevindiyini dedi:
- Belə xəbərləri tez-tez alırıq ki, hardasa pişik xilas edildi, sahibsiz itə kimsə sahib çıxdı. Hətta sizə deyim ki, insanların pişikləri, itləri yemləməsi halları da artıb. Deməli, cəmiyyətimizdə humanistləşmə gedir. İnsanlar heyvanları dünyamızın bir parçası olaraq görməyə başlayıb. Bu, çox yaxşıdır, müsbət tendensiyadır. Hesab edirəm ki, belə bir müsbət mühitin formalaşmasında maarifləndirici işlərin aparılmasının da böyük əhəmiyyəti var. Məsələn, bizim təşkilat sahibsiz heyvanlarla bağlı orta məktəblərdə xüsusi layihə həyata keçirmişdi. Layihə çərçivəsində "Təbiət uşaqların gözü ilə” adlı sərgi də təşkil etmişdik. Uşaqlara heyvanlarla bağlı məşğələlər keçirdik. Görürdük ki, uşaqların buna böyük marağı var. Qəddar, kobud münasibətin əsasında insanların heyvanları tanımaması da dayanır. Heyvanları sevmək, onlarla humanist davranmaq üçün gərək əvvəlcə onları tanıyasan, onların sənə dost ola biləcəklərini anlayasan. Belədə iş asanlaşır.
Məlahət Rzayeva