“Vəhşi heyvanlar əldə etməyə meyilli insanların psixikası sağlam deyil”
Məsəl var, deyirlər, itlə yoldaş ol, amma çomağı əlindən qoyma. Nə qədər ev heyvanı, əhliləşdirilmiş olsalar da, heyvan, heyvandır. Və onun nə vaxtsa sahibinin necə deyərlər, "üzünə qabarmayacağı” heç də istisna deyil.
Belə hadisələr çox olur. Həyətdə saxlanılan it, bir də görürsən, sahibinə cumur, dişləyir. Atlar da, illərlə belində gəzdirdiyi adamı birdən yerə çırpır. Ömrünü sirkdə heyvanları əhliləşdirməyə sərf etmiş məşhur təlimçilər olub ki, məhz o heyvanların pəncəsinin qurbanına çevrilib.
İnsan təbiətlə dostdur, amma vəhşi təbiət - vəhşi heyvanlarla dostluq heç də həmişə uzunömürlü olmur.
Bu günlərdə sosial şəbəkələrdə canavar gəzdirən adamın videoları yayılıb. Hadisə Xırdalan şəhərində baş verib. Kadrlardan görünür ki, bir vətəndaş canavar saxlayır və onu ağzı bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi canavarı yanınca gəzdirir.
Bəs qanunla canavarın saxlanılmasına və ya ovlanmasına icazə varmı? Məsələni "Xəzər Xəbər” araşdırıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə münasibətini öyrənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, Avropada vəhşi təbiətin qorunması haqqında Berlin konvensiyasına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağandır.
Bu cür faktlar aşkarlandıqda heyvan vətəndaşdan alınaraq təbiətə buraxılır. Raqum Mirzəyev bildirib ki, bu məsələ nazirlik tərəfindən araşdırılacaq. Həmin vətəndaşın heyvanı necə əldə etməsi və saxlamından asılı olaraq onun barəsində müvafiq inzibati tədbir görüləcək.
İt, pişik, at və s. bəzi ev heyvanlarını həyətdə, bağda saxlamaq anlaşılandır. Ümumiyyətlə, ev heyvanlarının hərəsinin insana müəyyən dərəcədə xeyri dəyir. Vəhşi heyvanlarsa istisnadır. Amma vəhşi heyvanları əldə edib saxlayanlar da var. Görəsən, insanlarda vəhşi heyvan saxlamaq arzusu nədən doğur? Bu, başqalarından fərqlənmək, seçilmək istəyidirmi?
Psixoloq Elnur Rüstəmov "Şərq”ə açıqlamasında vəhşi heyvanlar əldə etməyə meyilli insanların psixikasının sağlam olmadığını dedi:
- Vəhşi heyvanları əldə edib evdə saxlayanların psixoloji durumu yerində deyil. Belə adamlar sağlam psixoloji duruma malik insan hesab edilmirlər. Ev heyvanları ilə məsələ tamam fərqlidir. Ev heyvanları əhliləşir və nə məskunlaşdıqları çevrəyə, nə də ətrafa bir narahatlıq yaradırlar. Amma belə hallar da olur ki, qonşu qonşunun həyətindəki itə görə narahatlıq keçirirsə, deyək ki, itin hürməsi onu narahat edirsə, bu halda hətta qonşu itdən imtina edir. Qonşu narahat olmasın deyə. Belə hadisələr çox olub. Hansısa qonşunun istəyi, narahatlığı nəzərə alınaraq ev heyvanlarından imtina edilib.
Konkret bu hadisəyə - vətəndaşın canavar saxlaması və onu ictimaiyyət içində gəzdirməsinə gəlincə, əlbəttə, bu, yolverilməzdir. Burada ictimai yüklülük amili var. Həmin vətəndaşa xoş gələ bilər, canavar saxlamaq, canavar gəzdirmək, bəlkə bununla hətta öyünür də. Lakin bu hal ətrafdakı insanlara narahatlıq gətirə, hətta psixoloji travma yaşada bilər. Üstəlik, canavar saxlamaq və onu küçəyə çıxarıb gəzdirmək potensial təhlükədir. Ekstrim həvəskarı insanlar var. Adrenalin yaşamaq, fərqlənmək istəyirlər. Belə istəklər bəzən zərərli vərdişlərə çevrilir. Ən əsası da cəmiyyət üçün təhlükə yaradır. Kimsə bu vətəndaşdan pis örnək alıb canavar, yaxud hansısa digər vəhşi, yırtıcı heyvanı saxlamaq həvəsinə düşə bilər. Bu da potensial təhlükədir.
Məlahət Rzayeva