Fəhlə məsuliyyətsizliyin qurbanı olub

“Şirkət rəhbərləri fəhləni insan yox, qul gözündə görür və onun əməyini istismar edirlər”


Bakıda fəhlə binadan yıxılaraq ölüb. Bədbəxt hadisə dünən səhər saatlarında Nəsimi rayonu, Nizami küçəsində baş verib. Binaların üzlənməsi ilə məşğul olan 31 yaşlı fəhlə Emil Oruc oğlu Hacıyev hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşına istinadən aldığımız xəbərə görə, Emil Hacıyev "Bakıinşaat” şirkətinin əməkdaşı olub. Şirkət Nizami, 28 May küçələrindəki binaların təmiri ilə məşğul olur.
E.Hacıyev məcburi köçkün kimi Yeni Yasamalda məskunlaşıb. Hadisə şahidi olan mağaza satıcısının dediyinə görə, fəhlələr küləkli hava şəraitində belə işləyirlər. Çox zaman qoruyucu kəmərlərdən istifadə edilmir, bir neçə dəfə qəza şəraiti yaranıb. Şahidin sözlərinə görə, mərhum yıxılarkən qışqıraraq ətrafdakıları köməyə çağırıb. Lakin ona yardım etmək mümkün olmayıb.

Səhiyyə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan E.Hacıyev təcili tibbi yardım hadisə yerinə çatanadək dünyasını dəyişib.

Adətən havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək işəgötürənlərə havanın temperaturu müsbət 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.
Görəsən, küləyin sürəti limiti aşdığı təqdirdə tikinti obyektlərində işlər niyə dayandırılmır? Bu məsələyə hansı qurum nəzarət edir?

"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev "Şərq”ə açıqlamasında deyib ki, tikinti sahəsində hansısa bir bədbəxt hadisə baş verirsə, bu, hökumət strukturlarının nöqsanıdır:

"Tikinti işləri standartlara uyğun aparılsa, hava küləkli belə olsa, heç bir faciə yaranmazdı. Tikintidə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı xüsusi qaydalar və standartlar mövcuddur. Eyni zamanda bu qaydaların pozulmasına görə həm inzibati, həm də ki, cinayət məsuliyyəti mövcuddur. Sözügedən qaydaların pozulması ağır nəticələrə gətirib çıxarırsa, bu qayda pozuntusu cinayət xarakteri daşıyır və cavabdeh şəxslər də bu məsuliyyətsizliklərinə görə cəzalandırılmalıdırlar”.

M.Əliyevin sözlərinə görə, tikinti aparılan yerlərdə mütləq çəpərlənmə işləri aparılmalı, paralel olaraq da digər təhlükəsizlik qaydalarına da riayət edilməlidir: 

"Bizdə iki taxtanı üst-üstə qoyub mıxla bərkidirlər və üstündə işləyirlər. Xaricdə isə tikinti zamanı xüsusi qurğulardan istifadə olunur. Tikinti sektorunda əsas bədbəxt hadisələr yıxılmalar, uçqun, avadanlıqlardan düzgün istifadə etməməklə baş verdiyini nəzərə alsaq, hündürlükdə işləyən fəhlələrin qoruyucu kəmərdən istifadə etməsi, tikinti ərazisində texnikalarla işləyən zaman təhlükəsizlik qaydalarına riayət etməsi vacib şərtdir. Həmçinin də fəhlələr şirkət rəhbərliyi tərəfindən xüsusi geyim, ayaqqabı, dəbilqə, eynək, qoruyucu kəmər, əlcəklə təmin olunmalıdır. Tikinti şirkətinin işçiləri isə mütəmadi olaraq bütün təhlükəsizlik qaydaları ilə tanış olmalı və bu qaydaların tətbiqinə səlahiyyətli orqanlar tərəfindən güclü nəzarət olmalıdır. Ancaq bizdə adi insanın vizual müşahidə aparması kifayətdir ki, bu cür qayda pozuntularının olduğunu görsün. Çox ciddi çatışmazlıqlar var, hətta deyərdim ki, təhlükəsizlik tədbirləri sıfır vəziyyətindədir. Tikinti ilə məşğul olan şirkətlər və o şirkətlərin arxasında dayanan məmurlar vəsaitlərə qənaət eləmək üçün bu işləri qustar vasitələrlə həyata keçirirlər”.

M.Əliyev deyib ki, tikinti qaydaları pozulduğu halda şirkət rəhbərliyi ilə yanaşı, əməyin mühafizə qanunlarının pozulmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi nəzarət etməklə yanaşı, məsuliyyət daşıyır:

"Ümumiyyətlə isə tikintidə təhlükəsizlik qaydalarına nəzarət isə FHN tərəfindən həyata keçirilir. Amma cavabdeh qurumlar fəhlələrin həyatına o qədər laqeyd yanaşır ki, insanlar kiminsə məsuliyyətsizliyi ucbatından canından olur. Ən azından işçiləri sığorta belə etmirlər ki, rəhmətə gedəndə ailəsinə təzminat versinlər. Şirkət rəhbərləri fəhləni insan yox, qul gözündə görür və onun əməyini istismar edirlər. Bunu da edən özümüzünkülərdir. Xarici şirkətlərdə fəhlələrin təhlükəsizlik qaydalarına da əməl olunur, sığortaları da edilir. Təhlükəsizlik qaydalarına əməl etməyən şirkətlərə münasibətdə xəbərdarlıq, töhmət kimi cəzalarla yanaşı, cərimələr də tətbiq etmək olar ki, belə hallar bir daha təkrarlanmasın. Amma bizdə şirkətlərin hamısının arxasında bir məmur, nazir əli olduğundan cəzasızlıq hökm sürür. Kimdən kimə şikayət edəsən?!”

Şəymən