Fərəc Quliyev soyadların məcburi dəyişdirilməsini tələb edir: "İndi nə Stalin, nə də Lenin var"

"...Bəs Fərəc Quliyev özü niyə soyadını dəyişməyib...”



"Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”.

Sherg.az bildirir ki, bu sözləri parlamentin bugünkü iclasında millət vəkili Fərəc Quliyev deyib. 

Deputatın sözlərinə görə, vətəndaşların soyadlarının məcburi qaydada dəyişdirilməsi lazımdır: "Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”.

Yazıçı-deputat Aqil Abbas isə həmkarına  etiraz bildirib:

"İnsanların məcburi qaydada soyadlarını dəyişdirmək olmaz. Bu, könüllü olmalıdır. Bizim kənddə 500 nəfər Abbasov soyadındadır. İndi biz bunu dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.

Spiker Oqtay Əsədov isə çıxışlardan sonra üzünü deputat Əli Hüseynliyə tutaraq soruşub:

"- Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, bəs Fərəc Quliyev özü niyə soyadını dəyişməyib...”.
Anar