Gənclərdə texniki sahəyə maraq artıb

Abituriyentlərin birinci ixtisas qrupunu seçməsinin bir neçə səbəbi var
Əsas səbəb burdakı ixtisasların sayının digər qruplarla müqayisədə çoxluğu və əlçatımlığın təmin olunmasıdır


Yaxşı təhsil əmək bazarına keyfiyyətli kadr verən təhsil müəssisəsidir. Elə məzunlar var ki, onlar 200 bal toplayıblar, amma onlar dövlət, millət, əmək bazarı üçün daha faydalı və daha yararlıdır


"Son 5 il ərzində texniki və texnoloji ixtisasların daxil olduğu I ixtisas qrupu üzrə 600-dən çox bal toplayanların sayında 81 faiz artım olub". Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, ötən müddətdə bu qrupda bal göstəricisi 39 faiz artıb. Builki qəbul kampaniyasında maksimum 100 faiz nəticə göstərən 29 abituriyentin 13-ü məhz I qrupu seçib.
C.Bayramov qeyd edib ki, 2007-2015-ci illər üzrə "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın aparıcı ali məktəblərində 3500-dən çox tələbə təhsil alıb. Texniki sahənin dövlət siyasətində prioritetliyi nəzərə alınaraq, 684 tələbə məhz mühəndislik ixtisası üzrə təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilib.

Nazir əlavə edib ki, müasir dövrün çağırışlarına, beynəlxalq səviyyədə sürətlə dəyişən əmək bazarında rəqabətə cavab verən səriştəli mütəxəssislərin hazırlanması hər bir dövlətin beynəlxalq səviyyədə rəqabətliliyinə təsir edən əsas amillərdəndir:

"Bu baxımdan gənclərdə kreativ düşüncə, innovativ yanaşma vərdişlərinin formalaşması əsas prioritetlərdəndir. Sevindirici haldır ki, Azərbaycanda insan kapitalının inkişafı dövlət siyasətinin prioritetlərindən biridir".

Təhsil eksperti Kamran Əsədov qəbul imtahanlarının nəticələrində olan artımı "Şərq"ə dəyərləndirərkən qeyd edib ki, 500-600-dən çox bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə çox olsa da, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşahidə edilmir:

"Birincisi, ali məktəblərin qəbul imtahanlarında iştirak edənlərin sayında azalma var. Məsələn, son 5 il ərzində qəbul imtahanlarında iştirak edənlərin sayı 100 mindən 70 minə qədəb azalıb. Yəni insanlar Azərbaycanda təhsil almaq yerinə, Gürcüstana, xarici ölkələrə üz tutur. Son illər Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul imtahanlarını iki dəfə keçirməsi qəbul imtahanlarında yüksək bal toplayanların sayının çox olmasına imkan yaratdı. Yəni əgər əvvəlki illərdə qəbul imtahanları bir dəfə keçirilsəydi, yenə də əvvəlki illərdə müşahidə olunan bir neçə nəfərin 700 bal toplamasının şahidi ola bilərdik".

Ekspertin fikrincə, abituriyentlərin texniki sahəyə meyl etməsinin əsas səbəbi ondan ibarətdir ki, 1-ci ixtisas qrupunda ali məktəblərə qəbul olmaq digərləri ilə müqayisədə daha asandır:

"Çünki 1-ci ixtisas qrupunda ixtisasların sayı digər qruplarla müqayisədə daha çoxdur və bu ixtisas qrupuna daha aşağı balla qəbul olmaq mümkündür. Yenə də deyirəm, abituriyentlərin kütləvi şəkildə 1-ci qrupa meyl etməsinin əsas səbəbi burdakı ixtisasların sayının digər qruplarla müqayisədə çoxluğu və əlçatımlığın təmin olunmasıdır. Bu da nəticəyə təsir göstərən əsas amillərdən biridir. Hesab edirəm ki, ümumiliklə son illər ərzində Azərbaycan təhsilində nəzərəçarpan inkişaf var. Söhbət keyfiyyət artımından gedir. Amma bu, kəskin şəkildə deyil".

Məzunların gələcəkdə əmək bazarında işlə təmin olunmalarına diqqət çəkən Kamran Əsədov onu da qeyd edib ki, son 5 il ərzində məzun olanların yalnız 42 faizi yekunda öz ixtisası üzrə işlə təmin olunub: "Yəni bu o deməkdir ki, ali təhsil müəssisələrində keyfiyyətli kadr hazırlığı həyata keçirilmir. Nəzər salaq, görək maksimum 700 bal toplayanlarımız əmək bazarında hansı yer tutublar? Əgər biz onları maksimum bilikli, savadlı, dövlətin tələb etdiyi kompetensiyaları yerinə yetirən şəxs kimi qəbul etsək, əmək bazarında 690-700 bal toplayanların əvəzinə az bal toplayanları perspektivli və prestijli sahələrdə görə bilirik. Qəbul imtahanlarında maksimum bal toplayan abituriyentləri dövlətin tələb etdiyi kompetensiyalara, maksimum savadlı şəxs kimi qəbul etmək olmaz. Bu sadəcə seçim üsuludur. Biz əsasən digər bacarıqları nəzərə almalıyıq.

Yəni kiminsə 700 bal toplamasını yox, əmək bazarında kimin daha faydalı iş əmsalına malik olması ilə bağlı ölçə bilərik. Təəssüf ki, biz keyfiyyətli təhsil deyəndə, ancaq qəbul və buraxılış imtahanlarında yüksək bal toplamış tələbələri və şagirdləri nəzərdə tuturuq. Amma bu, düzgün yanaşma tərzi deyil. Yaxşı təhsil əmək bazarına keyfiyyətli kadr verən təhsil müəssisəsidir. Bu, birmənalı şəkildə belədir. Elə məzunlar var ki, onlar 200 bal toplayıblar, amma onlar dövlət, millət, əmək bazarı üçün daha faydalı və daha yararlıdır.

Məsələyə kompleks yanaşmaq lazımdır. Çünki qəbul və buraxılış imtahanlarındakı göstəricilər orta ümumtəhsil məktəblərimizin təhsilinin nəticəsi deyil, repetitorların, hazırlıq kurslarının nəticəsidir. Çünki orta ümumtəhsil məktəblərinin nəticəsi 9 illiyin buraxılış imtahanınıda məlum olur. Məsələn, son keçirilən buraxılış imtahanında 30 mindən çox şagird ana dilindən 2 qiymət almışdı. Baxın, təhsilin nəticəsi, əslində isə nəticəsizliyi budur".

İlahə Əhmədqızı