“Gərək əvvəl məmura xəbərdarlıq ediləydi...”

Fazil Mustafa icra başçısının müavininin bayrağa görə dərhal işdən azad olunmasını doğru saymır


Dövlət bayrağımıza qarşı hörmətsizlik edilməsinin zaman-zaman şahidi oluruq. Bəzən hansısa tədbirlərdə bayrağımız tərsinə asılır və ya qoyulur, bəzən də rəsmi dövlət idarələrinin binası üzərində dalğalanan bayrağın yağışdan, küləkdən rəngini itirib, cırıq-cırıq olduğunu, amma buna baxmayaraq öz müqəddəs bayraq vəzifəsini yerinə yetirməkdə davam etdiyini görürük.

Üçrəngli bayrağımıza qarşı növbəti məsuliyyətsizlik Tovuz rayonunda yaşanıb. Bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə yayılan görüntülərdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda olduğu öz əksini tapıb. Ancaq indiyə qədər müşahidə olunan xətalardan fərqli olaraq bayrağımıza qarşı göstərilən budəfəki etinasız münasibət cavabsız qalmayıb.

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib. M.Həsənovun işdən çıxarılmasına səbəb rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.
Millət vəkili Fazil Mustafa Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilməsinin bir o qədər də adekvat addım olmadığını düşünür: "Düzdür, bayraq dövlətin müqəddəs simvollarından biridir. Sıradan rəngli parça deyil ki, onunla necə gəldi rəftar edək. Bayraq bir millətin, bir dövlətin mövcudluğunun simvoludur. Hamı da bu simvola, bu dövlət atributuna hörmət etməyə borcludur. Bu mənada Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda görüntüləri yayıldıqdan sonra RİH başçısının məsələyə operativ reaksiya verməsi təqdirəlayiqdir. Hər bir qurum bu məsələdə eyni həssaslığı nümayiş etdirməlidir. Ancaq RİH başçısı birinci müavinə xəbərdarlıq edə, yaxud da töhmət verməklə onu cəzalandıra bilərdi. Yox əgər gələcəkdə eyni laqeydlik təkrarlansa, o zaman həmin şəxs vəzifəsindən azad edilməli idi”.

Şəymən