Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi. Gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi
Gürcüstan qarışdı, spiker istefa verdi
Hakim partiyanın deputatı da ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir
Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi. Gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi
Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi. Gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi
Gürcüstan parlamentində Rusiyanı təmsil edən kommunist Sergey Qavrilovun iclasa sədrlik etməsi və spikerin kreslosuna oturması gürcü cəmiyyətində böyük həqarət kimi qəbul olunub və ölkə çalxalanmağa başlayıb. Həmin an içəridə olmayan müxalifətçi millət vəkilləri vətəndaş cəmiyyətinin fəalları ilə birlikdə hay-küylə zala daxil olaraq iclası pozublar. Deputatlardan biri Rusiya nümayəndə heyətinin üstünə su atıb. Müxalifətçilər kreslonu mühasirəyə alaraq Qavrilovun bir daha orada oturmasına imkan verməyəcəklərini bildiriblər. Toplantı bərpa olunmayıb və Rusiya nümayəndə heyəti mühafizə altında hava limanına aparılaraq Moskvaya göndərilib.
Qonşu ölkədə qarşıdurma: 70-dən çox yaralı var
Tiflisdə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurmalar zamanı 70-dən çox insan xəsarət alıb. Gürcüstan baş nazirinin müşaviri David Sergeyenko bildirib ki, yaralananların 30-u etirazçı, 39-u isə polis əməkdaşı olub. Aksiyalarda jurnalistlər də yaralanıb.
Onların "Pirveli TV”, "Rustavi 2”, "Birinci kanal”, "Röyter” və "Kavkazski uzel”in əməkdaşları olduğu bildirilib. Parlament zalındakı etirazla bərabər parlamentin binası önündə aksiyalar başlayıb. Etirazçılar İrakli Kobaxidze, Daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını tələb ediblər. Bundan sonra parlamentin binasına yürüş başlayıb. Polis etirazçıların qarşısını kəsib. Hadisələrdən xəbər tutan Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusa səfərini yarımçıq qoyaraq, Tiflisə qayıdıb.
Salome Zurabaşvili: "Rusiya işğalçı və düşmənimizdir”
Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. O, parlamentdə baş verən təxribatın böyük cinayət olduğunu bildirib. Bununla belə, Zurabişvili parlament qarşısında etirazların süni dalğa yaratdığını və antidövlət fəaliyyəti daşıdığını vurğulayıb. O, həmçinin Rusiyanın beşinci kolonunun bu gün həddən artıq təhlükəli olduğunu da deyib: "Rusiya düşmənimizdir və işğalçıdır.
Ölkənin və cəmiyyətin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir və bu gün o, Rusiyanın ən təcrübəli silahıdır. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır. Kimin daim istənilən problemi destabilizasiya ocağına çevirdiyinə baxsanız, hər şey aydın olacaq. Nəhayət, xarici vətəndaşın (Saakaşvili nəzərdə tutulur – red.) polisi itaətsizliyə çağırması tamam yolverilməzdir. Dövlətin baş verən bütün pozuntulara reaksiya verməsi və nizamı bərpa etməsinin, eləcə də destruktiv qüvvələrə Moskvanın planlarını reallaşdırmaq imkanı verməməsinin vaxtı çatıb”.
İvanişvili partiyasını təcili topladı
Məlum hadisədən sonra Bidzina İvanişvilinin rəhbərliyi ilə Gürcü Arzusunun Siyasi Şurasının iclası keçirilib. Toplantıda parlamentdə baş verən hadisələr müzakirə edilib və baş verənlərə görə hansı məmurun məsuliyyət daşıyacağı bildirilib. Gürcüstan siyasətçiləri baş verənlərə görə bütün məsuliyyəti spiker İrakli Kobaxidze və deputat Zakariya Kuçnaşvilinin üzərinə atmağa çalışıblar.
Kobaxidze Bakıdan qayıdan kimi istefaya getdi
Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa edib. Bu barədə qərar Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclasında qəbul edilib. Məlumat üçün bildirək ki, baş verən hadisələrdən dolayı suçlanan şəxslərdən ən birincisi məhz sabiq parlament sədri İrakli Kobaxidze idi. Onun sırf bu səbəbdən istefa verdiyi deyilir.
Gürcüstanın yeni spikeri o olacaq
Gürcüstan parlamentinin yeni spikeri Gürcü Arzusu Partiyasından olan deputat Arçil Talakvadze olacaq. Bunu jurnalistlərə açıqlamasında Tiflis meri Kaxa Kaladze deyib.
Saakaşvilidən çağırış: "Hakimiyyəti devirmək lazımdır”
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidəki hadisələrlə bağlı müxalifət partiyalarına çağırış edib. Eks prezident sosial media hesabında müxalifətçiləri birləşməyə çağırıb. Keçmiş dövlət başçısının sözlərinə görə, yalnız birlik sayəsində Gürcü Arzusu Partiyasını hakimiyyətdən uzaqlaşdırmaq olar.
Hakim partiyanın deputatı aksiyaya qoşuldu
Gürcü Arzusu Partiyasının deputatı Kaxa Okriaşvili növbədənkənar parlament seçkisinin keçirilməli olduğunu deyib: "Parlamentlərarası Pravoslav Assambleyasının iclası Tiflisdə və ümumilikdə Gürcüstanda davam etməməlidir. Üstəlik, bu forumun keçirilməsini planlaşdıran hər kəs hakim partiyadan və Gürcüstan siyasətindən getməlidir”. O, parlament binası önündəki aksiyalara qoşulacağını bildirib və hakimiyyətin digər nümayəndələrini də oxşar addım atmağa səsləyib. Okriaşvili bunun sayəsində dünyaya işğal məsələsində Gürcüstanda hökumət, əhali, müxalifət və digərlərinin vahid mövqedə olduğunu göstərə biləcəklərini deyib.
"Meydandakı qüvvələr böyük dövlətlərin güc nümayişinin təzahürüdür”
Baş verənləri şərh edən Gürcüstanda fəaliyyət göstərən Qafqaz üzrə İnsan Haqları Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov bildirib ki, sözügedən aksiya bir günün içərisində ortaya çıxmayıb: "Artıq bir həftədən çoxdur ki, siyasi partiyalar, müxtəlif qüvvələr bu aksiya üçün hazırlıqlar görürlər. Təkcə rus heyətindən Sergey Qavrilovun iclasa sədrlik etməsinin bu etirazlara səbəb olduğunu desək, məsələyə birtərəfli baxmış olarıq. Eyni zamanda, burada Rusiya və ABŞ öz güclərini nümayiş etdirir. Meydandakı qüvvələr həmin böyük dövlətlərin güc nümayişinin təzahürüdür”. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov isə Tbilisidə baş verən hadisələri ruspərəst siyasi partiyaların son aylarda aktivləşməyi ilə əlaqələndirib: "Siyasi prosesləri analiz etsək, görərik ki, bu hadisələrin içərisindən tamamilə başqa məsələlər ortaya çıxır. Son iki ayda burada olan ruspərəst partiyalar həddindən artıq aktivləşdi. Bu qüvvələr lazımlı-lazımsız hər şeyə etiraz bildirməyə başladılar”.
"Hadisə yaxınlaşan parlament seçkiləri öncəsi Gürcü Arzusunun mövqelərinə zərbə vuracaq”
Qonşu ölkədə baş verənləri dəyərləndirən politoloq Şahin Cəfərli bildirib ki, hazırda Gürcüstanda baş verənləri "mini Avromaydan” adlandırmaq olar: "Əvvəla, son vaxtlar özünün "yumşaq güc” vasitələri ilə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi. Gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi. Bu hadisə yaxınlaşan parlament seçkiləri öncəsi Gürcü Arzusunun mövqelərinə zərbə vuracaq. Çünki Rusiya ilə təhlükəli yaxınlaşmanın müəllifi iqtidar partiyası və şəxsən İvanişvilidir. Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq. Bədnam toplantı Kobaxidzenin icazəsi ilə təşkil olunub. Nəhayət, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir. Bu siyasət yəqin ki, sona yetəcək və son həftələrdə "gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu” qismində ortaya çıxıb, ölkədə at oynadan iş adamı Levan Vaşadze tipli agent-provokatorlar səhnədən yığışdırılacaq. Moskva ilə münasibətlərdə növbəti soyuqlaşmanın başlaması gözləniləndir”.
İsmayıl