"Hakim partiya hesab edir ki, onların uğursuzluğunun səbəbi əhaliyə siyasi kursun doğru anladılmamasıdır. Lakin ölkədə iqtisadi problemlərin, rüşvət və korrupsiyanın artdığını qeyd etməyi nədənsə unudurlar"
Gürcüstanda dəyişiklik qaçılmazdır
Prezident seçkilərinin nəticələri göstərir ki, ölkə yol ayrıcındadır
"Hakim partiya hesab edir ki, onların uğursuzluğunun səbəbi əhaliyə siyasi kursun doğru anladılmamasıdır. Lakin ölkədə iqtisadi problemlərin, rüşvət və korrupsiyanın artdığını qeyd etməyi nədənsə unudurlar"
"Hakim partiya hesab edir ki, onların uğursuzluğunun səbəbi əhaliyə siyasi kursun doğru anladılmamasıdır. Lakin ölkədə iqtisadi problemlərin, rüşvət və korrupsiyanın artdığını qeyd etməyi nədənsə unudurlar"
Gürcüstanda dekabr ayında prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçki mübarizəsi birinci turda 38 faiz səs qazanmış hakimiyyətin dəstəklədiyi namizəd Salome Zurabişvili ilə keçmiş prezident Mixail Saakaşvilinin dəstəklədiyi Qriqol Vaşadze arasında gedəcək. Seçki kampaniyasının çox gərgin keçəcəyi indidən görünməkdədir.
Xüsusən, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının yenidən hakimiyyətə qayıtması ehtimalı prezidentlik yarışının əsas məsələsinə çevrilib. Birinci turdakı uğursuzluqdan dərs çıxaran iqtidar "Gürcü Arzusu” bütün gücünü 2-ci tura görə səfərbər edərək Zurabişvilinin qələbəsinə çalışır. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze mətbuata bildirib ki, hakim partiya indi aktiv seçki dövrünə qədəm qoyur: "Biz birinci turu passiv rejimdə keçirdik və onu gec başladıq. Bu isə nəticəyə ciddi təsir göstərdi”.
Hakim partiyanın sədri Bidzina İvanişvili də ölkə vətəndaşlarına müraciət edib və seçiciləri düzgün seçim etməyə çağırıb. İkinci turda seçicilərin səhv qərar verməsi ilə bağlı böyük risklərin olduğunu vurğulayan İvanişvili ölkədə sosial problemlərin getdikcə dərinləşdiyini və onların həlli üçün effektiv mexanizmin olmadığını etiraf edib: "İnsanların bu problemləri daha aydın gördükləri mənə bəlli oldu. Sizinlə razılaşmaya bilmərəm.
Ölkədə yeniliklər etmək lazımdır. Bunun üçün də seçiminizi düzgün etməlisiniz. Bu seçimdən çox şey asılıdır. Seçkilərin ikinci turu yeni imkan və yenilənmə üçün əlverişli məqamdır”. Hakim partiyanın opponentlərinin siyasi partiya olmadığını vurğulayan sədr intiqam və zorakılıq tətbiq etmək istəyən qüvvələrin hökumətə qarşı birləşdiyini bildirib: "Əminəm ki, siz xalqımızın rifahı, azadlığı naminə seçim edəcəksiniz və arzuladığımız Gürcüstanı birgə qura biləcəyik”. Müxalifət partiyaları da boş dayanmır. Qriqol Vaşadzeni dəstəkləyən bütün siyasi qüvvələr seçkidə saxtakarlığın qarşısını almaq məqsədilə vahid seçki qərargahı yaradıblar. Seçki yarışı əsasən media sahəsində gedir. Bu günlərdə Gürcüstanın "İmedi” telekanalı rəsmən və açıq şəkildə Zurabişvilinin təbliğatına qoşulduğunu bəyan edib. Kanalın yaydığı məlumatda Saakaşvili rejiminin geri qayıtmasına yol verməməkdən ötrü fövqəladə iş rejiminə keçdiklərini bildiriblər. Gürcü politoloqları isə "İmedi”nin bəyanatını "Gürcü Arzusu” içində hökm sürən panika ilə əlaqələndiriblər. Məsələ burasındadır ki, "İmedi”nin sahibləri Saakaşvilinin qədim düşməni, hazırda həyatda olmayan Badri Patarkatsişvilinin qohumlarıdır. Onlar hələ də Gürcüstanın sürgün həyatı yaşayan keçmiş liderinə qarşı kin bəsləyirlər. Müstəqil Ekspertlər Klubunun politoloqu Ramaz Sakvarelidze isə "İmedi”nin seçkiqabağı yarışa cəlb olunmasını Vahid Milli Hərəkatın hakimiyyətə qayıtmaq şansının yüksəlməsi ilə əlaqələndirib. Sakvarelidze "İmedi”nin əsas vəzifəsinin 1-ci turda passivlik göstərib seçkiyə getməyənlərin iqtidar namizədindən yana səs verməsini təmin etməkdən ibarət olduğunu vurğulayıb.
Qonşu ölkədəki seçki hazırlığını "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Gürcüstanda prezident seçkilərinin nəticələri bu ölkənin yol ayrıcında olduğunu göstərir. Onun sözlərinə görə, proseslər dəyişikliyin qaçılmaz olduğuna işarədir:
"Hakim partiya hesab edir ki, onların uğursuzluğunun səbəbi əhaliyə siyasi kursun doğru anladılmamasıdır. Lakin ölkədə iqtisadi problemlərin, rüşvət və korrupsiyanın artdığını qeyd etməyi nədənsə unudurlar. Məhz bu səbəbdən hakim partiya əllərində olan bütün resurslardan yararlanmaqlarına baxmayaraq, prezident seçkilərində 38 faiz səs toplaya bildilər. "Boz kardinal” İvanişvili isə de-fakto itirilmiş hakimiyyətin bərpası üçün Gürcüstan xalqına müraciət edib. O, öz çağırışında Vaşadzenin prezident seçiləcəyi təqdirdə, Saakaşvilinin şəxsində zorakılığın yenidən hakimiyyətə gəlməsi kimi dəyərləndirib. Gürcüstanda keçirilən seçkilərdə etnik türklər yaşayan ərazilərdə müxalifət namizədinin böyük səs üstünlüyü qazanması sensasiya kimi qiymətləndirilsə də, əslində bu, hakimiyyətdən narazılığın dözülməz həddə çatdığının göstəricisidir. Adətən etnik azlıqlar seçkilərdə hakim partiyanı dəstəkləməyə üstünlük verirlər. Bu dəfə soydaşlarımız yaşayan bütün məntəqələrdə hakim partiyanın namizədi tam məğlubiyyətə uğradı. Soydaşlarımızın seçkiyə laqeyd qalmaması və təsiredici səsə malik olmaları sevindirici haldır. Məhz bu səbəbdən Saakaşvili və Vaşadze soydaşlarımıza xüsusi minnətdarlıq etdilər”.
Ekspert Saakaşviliyə qarşı cinayət işi açıldığını və barəsində həbs-qətimkan tədbiri seçildiyini xatırladıb:
"Saakaşvili öz tərəfdarları ilə birlikdə aktiv siyasi təbliğatla məşğuldur. Hazırda Gürcüstan hakimiyyətinin onu həbs etmək gücü yoxdur. Bu isə onun göstəricisidir ki, hakimiyyət de-fakto legitimliyini və siyasi gücünü itirib. İvanişvilinin bu bəyanatı isə sadəcə müqavimət göstərməkdir. Bir reallığı da unutmamalıyıq ki, Gürcüstanın Qərbə inteqrasiyası Rusiyanın maraqlarına ziddir. Ona görə də bütün resurslardan istifadə edəcəklər ki, seçkilərdə Rusiyayönlü Zurabişvili qalib gəlsin. Əgər seçkilər birinci turdakı kimi insidentsiz və qismən demokratik keçirilərsə, Vaşadzenin qalib gəlməsinə heç bir şübhə olmayacaq”.
İsmayıl