İqtisadi fürsətlər az olan yerlərdə məskunlaşma da az olur
Hamı Bakıya iş yeri kimi baxır
Xızı, Şahbuz, Daşkəsən, Qobustan kimi rayonlar isə boşalır
İqtisadi fürsətlər az olan yerlərdə məskunlaşma da az olur
İqtisadi fürsətlər az olan yerlərdə məskunlaşma da az olur
21-ci əsrdə şəhərlə kənd arasında dərin fərqlər olmamalıdır. Belə fərqlər olduqda, kənd sıxıcı hala gəlir və əhali də şəhərlərə üz tutur. Kəndlərimizi boş qoymamalıyıq
Azərbaycan respublikası üzrə əhalinin daha sıx və az məskunlaşdığı ərazilərin adı açıqlanıb. Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, son rəsmi məlumatlara əsasən Azərbaycan respublikası üzrə əhalinin sayı 9 milyon 890 min nəfər təşkil edir:
"Əhalinin sıxlığı Sumqayıt, Gəncə və Bakı şəhərlərində daha çoxdur. Əhalinin daha az məskunlaşdığı rayonlar isə Xızı, Şahbuz, Daşkəsən və Qobustandır”.
Bakı, Gəncə, Sumqayıtda ən çox məskunlaşma olması gözlənilən xəbərdir. Zahirən də bu şəhərlərdə sosial-iqtisadi inkişaf gözlə görünəndi, böyümə meyilləri də qabarıqdır. Diqqət çəkən məskunlaşmanın ən az olduğu bölgələrdir. Niyə məhz Xızı, Şahbuz, Daşkəsən və Qobustan? Qobustan rayonunda məskunlaşmanın az olması, hardasa başadüşüləndir. Bu inzibati rayon yeni hesab edilir. Ərazinin əsasən çöllük olması da Ələt-Bakı magistralı boyunca aydın hiss edilir. Qobustan daha çox tarixi qoruq kimi tanınır. Bəs, Xızı, Şahbuz, Daşkəsəndə niyə əhali sarıdan kasadlıqdır?
Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı Natiq Cəfərli əhali məskunlaşmasında iqtisadi fürsətlərin böyük əhəmiyyət daşıdığını bildirdi:
- Məskunlaşma iqtisadi fürsətlərlə bağlıdır. Doğrudur, burada iqlim və təbii şərait az əhəmiyyət daşımır. Amma əsasən iqtisadi fürsətlər rol oynayır. Harda ki, iqtisadi fürsətlər genişdir, orada məskunlaşma da sıxdır. Harda ki, iqtisadi fürsətlər az və kiçik miqyaslıdır, orada, əlbəttə, məskunlaşma da az olur. İqtisadi fürsətlərə sənaye, emal müəssisələri, fabrik, zavodlar, əkinə yararlı torpaqlar və s. daxildir.
Dolanışıq üçün imkanlar mövcuddursa, iş yerləri varsa, o bölgədə məskunlaşma da sıx olur. İqtisadi imkanlar çoxaldıqca, daxili miqrasiya da artır. Nə üçün Bakıya son illərdə nəhəng axın oldu? Çünki paytaxtda iş imkanları genişləndi. Sadəcə, tikinti sektorunu xatırlatmaq belə yetərlidir. Baxın, bölgələrdən nə qədər insan paytaxta iş ardınca gəldi. Çoxu da tikintilərdə çalışmağa başladı. İqtisadiyyatın inkişafı iş tapmaq, qazanc əldə etmək imkanlarını da artırır. Məsələ burasındadır ki, bəzi bölgələrdə iqtisadi fürsətlərin azalması, əhalinin iqtisadi fürsətlərin artdığı şəhərlərə axın etməsi ilə nəticələnib. Zatən, Bakıda, Sumqayıtda, Gəncədə hər zaman sıx məskunlaşma olub. 21-ci əsrdə isə məskunlaşma yüksək həddə çatdı. Çünki bu şəhərlərdə iş və qazanc imkanları var.
Əslində, Statistika Komitəsinin məlumatı əsasında iqtisadi xəritə də cızmaq mümkündü. Bakı, Gəncə, Sumqayıtda inkişaf var, məskunlaşmanın aşağı səviyyədə olduğu bölgələrdə isə iqtisadi fürsətlər məhduddur ki, əhali sıxlığı da azdır. Deməli, bölgələr üzrə iqtisadi göstəricilərin dəyişməsinə çalışılmalıdır. Dünya praktikasında iqtisadi inkişafı və bundan irəli gələrək də məskunlaşma səviyyəsini yüksəltmək üçün bir sıra güzəştlər tətbiq edilir. Məsələn, ABŞ-ın Alyaska ştatı sərt iqlimi ilə tanınır. Belə olan halda təbii ki, məskunlaşma da azdır. Amma ABŞ hökuməti Alyaskaya marağın artması üçün oranı ən az vergi alınan bölgə elan edib. Bu da iş adamlarının marağına səbəb olur. Bildiyim qədər Şahbuz rayonu Naxçıvanın digər bölgələrinə nisbətən sərt iqlimi ilə fərqlənir. Əkinə yararlı torpaqlar da azdır. Şahbuz camaatı əsasən maldarlıqla məşğuldur. Amma iqtisadi fürsətləri hər bölgədə yaratmaq mümkündür. Məsələn, Xızı dağlıq rayondur. Gözəl də turistik imkanlara malikdir. Məhz bölgənin xüsusiyyəti nəzərə alınaraq Xızıda çox geniş işlər həyata keçirmək olar. Deyək ki, dağ turizmi, ekstrim həvəskarları üçün şərait yaradılması və s.
Yerli əhali də turizm iqtisadiyyatına cəlb edilə bilər. Eyni yanaşma Daşkəsənə də aiddir. Ola bilməz ki, hansısa bölgənin özünəməxsus üstün cəhəti olmasın. Azərbaycanın hər bölgəsi nəyləsə seçilir, fərqlənir. Sadəcə, bu fərqli cəhətlərdən çıxış edərək hər bəlgənin spesifik xüsusiyyətinə uyğun iqtisadi fürsətlər yaradılmalıdır. Pilot layihələr həyata keçirilə, dediyim kimi, vergi siyasətində fərqlilik tətbiq edilə bilər. O cümlədən yerli əhalinin mədəni tədbirlərə, informasiya-kommunikasiya texnologiyalarına sərbəst çıxışı təmin edilməlidir ki, bölgəni tərk etmək məcburiyyətində qalmasınlar, əksinə, başqa rayonlardan, şəhərlərdən də ora axın artsın. 21-ci əsrdə şəhərlə kənd arasında dərin fərqlər olmamalıdır. Belə fərqlər olduqda, kənd sıxıcı hala gəlir və əhali də şəhərlərə üz tutur. Kəndlərimizi boş qoymamalıyıq.
Məlahət Rzayeva