"Heç bir ölkə Azərbaycanın kommersiya banklarına borc vermir"




"Beynəlxalq Bankın 10 milyarda yaxın problemli kreditlərinin bir qərarla silinib. Buna rəğmən, vətəndaşlarla bağlı problemlərin həllini tapmamağı daha acınacaqlı vəziyyət yaradıb".

Bu barədə Sherg.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, bank sahəsində bu problem həllini tapmasa, nə iqtisadi aktivlik artacaq, nə yenidən kreditləşmə çoxalacaq, nə də iqtisadi canlanma yaranacaq:

"Həm də artıq bu vətəndaşların ruh halı ilə, gündəlik güzəranı, sağlamlığı ilə bağlı məsələyə, sosial problemə çevrilib. Ailələr dağılır, insanlar özünə qəsd edir. Bu, idarə olunmaz hala gəlib çatıb. Ona görə, gec də olsa, dövlət orqanları bununla bağlı qərarlar verməlidir.

Bir daha təkrar edirəm, nəticə etibarı ilə əsas qərar dövlətin dəstəyi ilə olacaq. Başqa cür problemli kreditlərin həlli yolu yoxdur. Banklar xaricdən borc alıb, problemlərini həll edə bilmirlər, çünki Azərbaycanın reytinqi aşağı düşüb, Heç bir ölkə Azərbaycanın kommersiya banklarına borc vermir. Beynəlxalq Bankla bağlı yaranan məsələdən sonra, ümumiyyətlə, borc almaq problemə çevriləcək”.

N.Cəfərlinin fikrincə, vətəndaşların iqtisadi aktivliyi, gəlirləri yüksəlmir ki, bu borcları qaytara bilsinlər:

"Ona görə, ciddi şəkildə artıq həm sosial, həm də psixoloji təsirlərini nəzərə alaraq birbaşa qərarlar alınmalıdır. Borcun bir hissəsini dövlət ya silməli, ya da üzərinə götürməlidir. Necə ki, Beynəlxalq Bankla bağlı 10 milyarda yaxın borcu dövlət öz üzərinə götürdü. Vətəndaşın borcunun da ən azı 3-də birini dövlət öz üzərinə götürüb silməlidir ki, banklar da normal fəaliyyətə başlaya bilsinlər, kreditlərini yığsınlar. Başqa yol yoxdur”.

Ayyət Əhməd