Heç bir qüvvə sabitliyi poza bilməz

Azərbaycan dünyaya, qonşu ölkələrə din-dövlət münasibətində nümunədir



Son aylar sosial şəbəkələrdə dini pərdə altında anti-Azərbaycan təbliğatı davam etdirilir. Müxtəlif status, rəy və video-müraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı kimi iddialar yayılır. Halbuki uzun illər Azərbaycanda dini səpkidə böyük və ya kiçik heç bir problem gündəmə gəlməyib. Məzhəb ayrıseçkiliyi isə ümumiyyətlə yaşanmayıb.

Ölkəmizə gələn hər bir qonaq Azərbaycandakı tolerantlıq mühitindən ağız dolusu bəhs edib. Müxtəlif məzhəblərin eyni anda Heydər Məscidində qıldığı Vəhdət namazı da dini sabitliyin ən bariz nümunəsidir. 1993-cü ildən bu yana Azərbaycanda yüzlərlə məscid tikilib. Bununla yanaşı, başqa dinlərə sitayiş edən millətlərin nümayəndələrinə hər cür şərait yaradılıb. Azərbaycanda yaşayan xristianlar üçün kilsələr, yəhudilər üçün sinaqoqlar inşa edilib. Azərbaycanda dini təhsilin inkişafı üçün bütün şərait yaradılıb. Din xadimlərinə dövlət tərəfindən ən yüksək diqqət göstərilib. Birmənalı şəkildə demək lazımdır ki, Azərbaycanda heç bir dindar və din xadimi sıxışdırılmayıb. Hansısa vətəndaş dininə, inancına görə təqib olunmayıb. 

Lakin təəssüflər olsun ki, xarici dairələrin təsiri ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar, o cümlədən din adından sui-istifadə edənlər stabil ölkəmizdə bilərəkdən qarışıqlıq yaratmaq niyyətinə düşüblər. Bəzi məkirli adamlar Gəncə hadisələrində əli olan terrorçuların saxlanılmasını dindarların təqib edilməsi kimi qymətləndirməyə cəhd etdilər. Halbuki Gəncədə baş verənlərin qatı cinayət olduğu hamıya bəlli idi. Dövlət məmuruna qarşı sui-qəsdin təşkil olunması, ardınca asayiş keşikçilərinin qətlə yetirilməsi konkret terrordur. 

Məhz bu baxımdan dövlət cinayəti qanuna uyğun şəkildə qiymətləndirdi və təqsirkarlarla bağlı zəruri tədbir gördü. Əlbəttə, Azərbaycana düşmən olan dairələrin göstərilən istiqamətlərdə fəaliyyət aparması təəccüblü deyil. Çünki onların hədəfi ölkədə sabitliyi pozmaq, Azərbaycanın müxtəlif istiqamətlərdə nail olduğu rəvan inkişafa zərbə vurmaqdır. Ən əsası isə tarix boyu qoruyub saxladığımız tolerantlıq mühitini zədələməkdir. Hesab edirlər ki, nə qədər ki, Azərbaycanda mövcud ictimai-siyasi sabitlik var, milli, dini və etnik tolerant mühit mövcuddur, heç bir qüvvə ölkəmizə ziyan vura bilməz. 

Hər şeyə rəğmən, Azərbaycanın media və müvafiq dövlət orqanları anti-Azərbaycan qüvvələrə qarşı mübarizəsini uğurla davam etdirməli, qarayaxma kampaniyasının önünü kəsmək üçün mütəmadi olaraq çalışmalıdırlar. Xüsusilə bu cür dairələrin ifşa olunmasında medianın üzərinə böyük vəzifə düşür. Həmin o sosial şəbəkələrdə çağırış edənlər, ölkəmizin dini mühitini zədələmək istəyənlər ilk növbədə cəmiyyətin, daha sonra isə Azərbaycan mətbuatının mütəşəkkil qaydada müqaviməti ilə rastlaşıblar. Onların növbəti hədəfi Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın apardığı prinsipial siyasəti hədəfə götürməkdir. Bu gün bütün dünya ictimaiyyəti görür ki, Ermənistan nəinki Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil, hətta açıq-aşkar təcavüzkar siyasət aparmaqda davam edir. Qarabağ məsələsində Azərbaycanın bu uğurlarını ləkələmək və ictimaiyyətin gözündə mənfi rəy yaratmağa çalışmaq onların əsl xislətini büruzə verir. Aşkar şəkildə bunun arxasında dayanan qüvvələrin əslində beynəlxalq erməni lobbisi ilə eyni sırada dayandıqları şübhəsizdir. Bunu bizim cəmiyyətimiz də görür və yəqin ki, aparılan bu təbliğatlara qəti şəkildə uymayacaq.

Təxribatçı qüvvələrin əməlləri ilə bağlı "Şərq”ə danışan ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib ki, Azərbaycanda din-dövlət münasibətlərinin yüksək formada olmasından narahat olan dairələr hər zaman olub. Onun sözlərinə görə, xüsusən, bəzi qonşu dövlətlər bu işdə pərdəarxası canfəşanlığı edirlər: 

"Bir qrup şəxs din pərdəsi adı altında ideoloji təxribat və ya terrorçuluqla məşğul olan qüvvələrə alət olan insanların dindən anlayışı yoxdur. İlahiyyatçı şəxslərin işi insanları dini və əxlaqi işlərdə maarifləndirməkdir. Siyasətdən uzaq durmalı, xeyir və şər adlandırdığımız işlərdə xalqın yanında olmalıdır. Azərbaycan dünyaya, qonşu ölkələrə din-dövlət münasibətində nümunədir”.
İlahiyyatçı bildirib ki, ölkə başçısı islam dininə hər zaman hörmət göstərib, ailəsi ilə birlikdə dəfələrlə Həcc ziyarətində olub: "Prezident dəfələrlə dindarlarla görüşür, məscidlərin tikilməsinə göstəriş verir. Hətta məbədlərin açılışında şəxsən özü, birinci xanımla birgə iştirak edir. 

Bu o deməkdir ki, Azərbaycanda dini ənənələr qorunur, müsəlmanlara qayğı və diqqət göstərilir. Eyni zamanda tolerantlıq da güclüdür. Yəhudilər, xristianlar və digər dinlərə inanan şəxslər azaddırlar. Hər il dövlət büdcəsindən onlara maddi dəstək olunur. Elə həmin məkrli qüvvələr də bu tolerantlıqdan narahatdırlar. İstəmirlər ki, bu ölkədə stabillik hökm sürsün. Çünki onların illərlə bacarmadığı tolerantlığı, dini sabitliyi Prezident İlham Əliyev qısa zamanda həyata keçirib. Məhz qısqanclıqdan bunu pozmağa çalışırlar. Azərbaycan dindarları və ilahiyyatçıları hər zaman dövlətin yanındadır və bu sabitlik Allahın izni ilə daim bərqərar olacaq”.

İlahiyyatçı-alim Hacı Atif İsmayılov da "Şərq”ə deyib ki, ortaya atılan təxribatlar cahil, dünyagörüşü olmayan insanların ortaya qoyduğu çaxnaşma və anarxiyaya xidmət edir: 

"Bəzi şəxslər dini sabitlikdən, azadlıqdan sui-istifadə edirlər. Özlərinə sərf edən məqamları qabardaraq, ölkədə ajiotaj yaratmağa səy göstərirlər. Xarici qüvvələrin dəstəyi daha çox siyasi motivdə olur. Bir qrup şəxs dini maarifsizlikdən yararlanmağa çalışır. Çox təəssüflər olsun ki, bəziləri özləri də bilmədən dinə, sabitliyə zərər vururlar”.

İsmayıl