Həcc ziyarətinə yerlər boş qaldı

Qiymətlər baha olduğundan çoxları 500 manat verib Kərbəlanı ziyarət etməyi daha üstün tuturlar



İki həftədən sonra müqəddəs Həcc ziyarəti başlayır. Qurban bayramı bu il avqustun 21-nə təsadüf etdiyindən zəvvarlar artıq yola çıxmağa hazırlaşır. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Azərbaycandan Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq. Azərbaycanlı zəvvarlar Həccin vacib əməllərini yerinə yetirdikdən sonra sentyabrın 1, 2 və 3-dən etibarən Səudiyyə Ərəbistanından geri dönməyə başlayacaq.

Ötən illərdə olduğu kimi bu il də zəvvarlar Həccə yalnız təyyarə ilə yola salınacaq. Yaxın Şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirir.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4150 dollardır.

Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir. Bu ilə Azərbaycana Həcc ziyarəti üçün 2000 kvota ayrıldığı deyilsə də, kvotanın dolmadığına dair məlumatlar da yer almaqdadır.
Bunun səbəbini QMİ-dən öyrənməyə etdiyimiz səylər, təəssüf ki, nəticəsiz qaldı. QMİ ziyarət şöbəsi də, mətbuat xidməti də susmaqda israr etdilər. Həcc ziyarəti ilə bağlı sadə məlumatları belə mətbuatla paylaşmaq istəmədilər.

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında Həcc ziyarətinə yerlərin boş qalmasının iki səbəbi olduğunu dedi:

- Düşünürəm ki, burada iki səbəb ola bilər. Birincisi, ziyarət qiymətinin bahalığı. Ziyarət xərcləri elə səviyyədədir ki, getmək istəyən maddi imkansızlıqdan gedə bilmir. İkinci səbəb isə, məncə, Ərəfə günü ilə bağlı xeyli ucuz qiymətə Kərbəla ziyarətinin təşkil edilməsidir. Bu da səbəbsiz deyil. Son illərdə Səudiyyə Ərəbistanında ziyarət şərtləri ağırlaşıb. Bəzən zəvvarlar onlara bəslənən münasibətdən razı qalmırlar, ziyarətlərini rahat icra edə bilmirlər. 

Burada Səudiyyə Ərəbistanı tərəfindən məzhəb ayrı-seçkiliyinə yol verilməsi də rol oynayır. Ona görə də bizim inanclı insanlarımızın bir qismi 4150 ABŞ dolları ödəyib könülləri istəyincə ibadət, ziyarət edə bilməməkdənsə, daha ucuz vəsaitlə müqəddəs Kərbəla ziyarətinə gedib daha yüksək mənəvi zövq almağı üstün tuturlar. 

Nəzərə alsaq ki, Ərəfə günü Kərbəla ziyarətinin xüsusi savabı vardır, inanclı insanların Kərbəla ziyarətini tərcih etməsi başadüşüləndir. Əlbəttə, Ərəfə günü Kərbəla ziyarətinə getmək boynunda Həcc ziyarəti vacib olmayan müsəlmanlara aiddir. Məsələn, bizim xeyli ilahiyyatçılarımız, dindar insanlarımız var ki, ötən illərdə Həcc ziyarətində olublar. İndi isə könüllü şəkildə Kərbəla ziyarətinə getməyi seçirlər. Yəni, yerlərin boş qalması həm qiymətin bahalığı, həm də bir sıra ölkələrdən gələn zəvvarlara olan ayrı-seçkili münasibətlə bağlıdır. 

Baxsanız, sosial şəbəkələrdə də bununla bağlı paylaşımlar, məlumatlar görərsiniz. Kərbəla ziyarəti 500-600 manata başa gəlir. 5000-6000 min manat xərc çəkib könlüncə ziyarət etməməkdənsə, 500 manat xərcləyib ürəyin istədiyi kimi, yüksək mənəvi zövq alaraq Kərbəla ziyarətinə getmək daha münasibdir.

Məlahət