"Rayon yeri olduğuna görə, güman ki, həkim sünnət etdiyi uşağı sakitləşdirmək məqsədilə navakayindən istifadə edib”.
Bunu Sherg.az-a Masallı rayonunda sünnət edilən zaman uşağın dünyasını dəyişməsinin səbəblərini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Anesteziya zamanı adətən navakayin və lidakayin vurulduğunu diqqətə çatdıran həkimin sözlərinə görə, xəstəyə vurulan navakayin 15 faiz, lidakayin isə 1-2 faiz miqdarından çox olmamalıdır:
"Rayon həkimləri navakayini daha çox sınaqdan keçirib, alışıblar. Uşağın ölməsinə səbəb onda allergik reaksiyanın olması göstərilə bilər. Zənnimcə, həkim uşağın allergik reaksiyası olub-olmayacağını dəqiqləşdirməyib və nəticədə o dünyasını dəyişib. Çünki heç bir cərrahi müdaxilə edilmədən bu hadisə baş verib. Anesteziya zamanı uşaqdan analiz götürülməli, onun allergik reaksiyasının olub-olmadığı müəyyən olunmalı idi. Ümumiyyətlə, sünnət prosesi keçirilən hər 100 hadisədən birində problem yaşanır. Yaxşı olar ki, valideynlər bu prosesi tibb məntəqələrində həyata keçirməyə daha çox diqqət etsinlər. Stasionar şəraitdə lazım olan prosedurları, problem yarandıqda müdaxilə tədbirlərini dərhal həyata keçirmək olur. Sünnət edilməsinin də müəyyən proseduru formalaşdırılmalıdır. Ümumiyyətlə, isə belə hadisələrin baş verməsi mümkündür. Allergik reaksiyalar hətta vitaminlərə qarşı da ola bilər. Amma bu çox təəssüf doğuran haldır ki, heç bir cərrahi müdaxilə edilmədən, qanaxma olmadan, navakayinin və ya istifadə olunan digər ağrıkəsicilərin təsiri ilə azyaşlı uşaq dünyasını dəyişsin”.
A.Qeybulla bildirib ki, bu cür halların baş verməməsi üçün müəyyən protokol olmalıdır. Sünnət hansı şəraitdə, harada, necə aparılmalıdır, bunları dəqiqləşdirmək vacibdir:
"Xəstəyə bu zaman müəyyən sınaqlar qoyulmalıdır. Analizlər dəqiq toplanmalıdır, onun allergik reaksiyalarının olub-olmamağı müəyyən edilməlidir. Prosedur qaydaları formalaşdırılmalı və hər kəs buna əməl etməlidir. Yoxsa, bunu oyuncağa döndəriblər, kim necə istəyir sünnət edir. Belə bədbəxt hadisələrin də sayı artır.
Əslində mən bir həkim kimi, uşaqların sünnət edilməsinin əleyhinəyəm. Amma bu dini məqamlarla bağlı gəlib bizə çatdığından, məcburuq. Əvvəl bu prosesi "dəlləklər” adlanan şəxslər həyata keçirirdi. Onlar anesteziyadan istifadə etmirdilər, birbaşa kəsik aparırdılar. Bu zaman ağrı halları, fəsadlar, qanaxmalar baş verirdi, problemlər yaşanırdı. Amma indi anesteziyanın fəsadları özü də ciddi haldır. Müasir dövrdə uşaqların bədəni ağrıkəsicilər vasitəsilə keyləşdirildikdən sonra sünnət edilir. Bu keyləşdirilmənin isə Respublika üzrə protokol müəyyən olunmaqla, stasionar şəraitdə həyata keçirilməsi mütləqdir. Burada qonşu ölkələrin təcrübəsi də nümunə götürülə bilər”.
Qeyd edək ki, dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş sözügedən dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Sünnət vaxtı ölən 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun atası keçən il yol qəzasında vəfat edibmiş. Ailənin tək övladı olan Kənanı sünnət etdirmək istəyən doğmaları Ramiz Sadıqov adlı həkimi dəvət edib. Bu zaman uşağın ağladığını görən həkim ona iki sakitləşdirici vurub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb.
Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb.
Aysel Aslan