Hələ ki, 700 bal toplayan olmayıb, amma...

"Mən builki imtahanlardan daha pis vəziyyət yaranacağını gözləyirdim"
"Gözlədiyimin əksinə olaraq imtahan nəticələrindən razı qaldım. Bu il ilk dəfə idi ki, uşaqlar təfəkkür imtahanı verdilər"


Builki imtahanlarda abituriyentlərin hələ ki, aşağı nəticə göstərməsi kurikulumla əlaqələndirilir. Təhsil ekspertləri kurikulum proqramının nəinki şagirdlər, heç müəllimlər tərəfindən də düzgün mənimsənilmədiyini və bunun da buraxılış və qəbul imtahanlarının nəticələrinə mənfi təsir göstərdiyini bildirir. Bəzi ekspertlər də imtahan tapşırıqlarında açıq tipli sualların çoxluğundan narazılıq edir. Hələlik görünən budur ki, I ixtisas qrupu üzrə blok imtahanlarında maksimum - 700 bal toplayan olmayıb. Halbuki məhz bu qrup üzrə 700 bal toplayanlar həmişə çox olardı. Səbəb nədir?
Təhsil eksperti Nabatəli Qulamoğlu «Şərq»ə açıqlamasında imtahan göstəricilərinin qoyulan sualların səviyyəsindən asılı olduğunu dedi:

- Suallar müxtəlifdir. Çətin, az çətin, asan… Bu il ilk dəfədir ki, kurikulum təhsil proqramı imtahanlarda tətbiq olundu. Mən də bu barədə məlumatlıyam ki, I ixtisas qrupunun blok imtahanlarında bir nəfər 400 bal toplayıb. Amma biz onun buraxılış imtahanlarında nə qədər bal topladığını bilmirik. Yəqin ki, 300 bal toplaya bilməyib, əks halda toplamda 700 bal toplamış olardı və adı açıqlanardı. Ola bilər, xarici dil üzrə zəiflik olub. Ya hansısa başqa fənlə bağlı. Amma sizə deyim ki, mən builki imtahanlardan daha pis vəziyyət yaranacağını gözləyirdim, gözlədiyimin əksinə olaraq imtahan nəticələrindən razı qaldım. 

Bu il ilk dəfə idi ki, uşaqlar təfəkkür imtahanı verdilər. Məzmun etibarilə Dövlət İmtahan Mərkəzindən razıyam. İmtahan tapşırıqlarına baxıram, araşdırıram, məntiqsiz bir sual aşkarladıqda, DİM-nin Apelyasiya Mərkəzinə müraciət edirəm. Maraqlı burasıdır ki, Apelyasiya Mərkəzi susur, reaksiya vermir. Məsələn, II ixitsas qrupunda bir sual vardı, mənə məntiqsiz göründü. Bununla bağlı məqalə yazdım, sonra suallar sadələşdirildi, abituriyentlər də yüksək nəticə topladılar. Yəni, dediyim odur ki, imtahanların nəticələri adətən qoyulan sualların səviyyəsindən asılı olur. Amma ümumilikdə DİM-nin işi hazırda məni qane edir.

Məlahət Rzayeva