Hər deputatın evindən bir kimsəsiz gəlin köçsə...

Mehriban Zeynalova Qənirə Paşayevanı alqışladı



Millət vəkili Qənirə Paşayevanın evində "Vağzalı” sədaları çalınıb.
Sentyabrın 26-da kimsəsiz gənclər - bəy və gəlin deputatın evindən restorana yola salınıb. "Sabah həyatımda heç kəsdə görmədiyim bir hadisənin şahidi olacam. Mərdliyinə güvəndiyim bacım, sadiq dostum Qənirə xanımın evində ata-ana qayğısından məhrum olmuş gənclərin səadətə qovuşacağı an yaşanacaq. Qənirə xanıma demək istəyirəm ki, etdiyin işin, savabın misli yoxdu...” Bu sözləri isə Əməkdar artist Aybəniz Haşımova öz "İnstagram” səhifəsində yazıb. Qeyd edək ki, Əfsanə və Elşən "Ümid Yeri” uşaq sığınacağında böyüyüblər. "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da məsələyə münasibət bildirib. Bu halı olduqca müsbət qiymətləndirən M.Zeynalova olanları millət vəkili tərəfindən atılmış humanist bir addım hesab edir: "Qənirə xanımın kimsəsiz qızı öz doğması kimi sinəsinə sıxıb evindən gəlin köçürməsi təqdirəlayiqdir. Evdən gəlin köçmənin özündə bir ruzi-bərəkət var. Bütün bunlar kimsəsiz uşaqların arzularına, hisslərinə olan diqqətin nümunəsidir. Bu onun elədiyi ilk xeyirxahlıq əməli deyil. Əvvəllər də dəfələrlə belə xeyirxahlıqların şahidi olmuşuq. Düşünürəm ki, olanlar örnək hesab olunmalı haldı. Hər bir deputat evindən belə gəlin köçürüb humanistliyini göstərərsə, cəmiyyətimizə olduqca xeyir gətirər. Fikrimcə, Qənirə xanım yaxşı bir ənənə yaradıb.”

Yeganə Bayramova