Hər kəs öz qınına çəkilib, dərdini içində çəkir

Cəmiyyət “intihar dalğası”nın nədən qabardığını bilməlidir. Bilməyəndə, 50 yerə fikir yozulur
İntiharın önünə müəllim sözünün yazılması vəziyyəti bir az da dramatikləşdirir

Quba rayonunda orta məktəb müəllimi intihara cəhd edib.

"Report”un Şimal bürosunun məlumatına görə, hadisə "Oscar” hoteldə baş verib. Qubanın Söhüb kənd orta məktəbinin müəllimi, Şamaxı rayonunun Göylər kənd sakini, 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev məktub yazaraq damarlarını kəsib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Baş vermiş hadisədə ən çox müzakirə olunan 27 yaşlı müəllimin yazdığı 2-3 cümləlik yazıdır: "Hər şey əladır. Yavaş-yavaş yaşadığımı düşünürəm. Həyatın ikinci mərhələsi başlayır artıq. Son”. Bilinmir, müəllim bu cümlələri intihardan öncəmi yazıb, sonramı? Hansı vaxt yazmış olsa da, məna və məntiqsizliyi görünür. Ölümqabağı vəsiyyət edənlər tarixən çox olub. İnsanlar ölümün yaxınlaşdığını duyanda, hiss edəndə, gələcək nəsillərə örnək olacaq fikirlər işlətməyə çalışıblar.

Viktor Hüqo vəsiyyətnaməsində yoxsullara 100 min frank pul qoyduğunu yazmışdı və vəsiyyət etmişdi ki, cənazəsini yoxsullar üçün nəzərdə tutulan arabada aparsınlar, kilsə ayinlərinin icrasından da imtina etmişdi və son cümləsində belə yazmışdı: "Mənim əvəzimdən bütün insanların ruhu üçün dua oxunsun”. Viktor Hüqonu Göylər kəndinin 27 yaşlı müəllimi ilə müqayisə etmək fikrindən Hüqo əsri ilə əsrimiz arasındakı fərq qədər uzağıq. Bununla 27 yaşlı müəllimimizi aşağılamaq niyyətində də deyilik. Sadəcə, düşüncələr və yaşam tərzi fərqliliyini önə çəkmək istəyirik. 27 yaşlı müəllim də elə dərin məntiq irəli sürə bilər ki, intihar etmək istəyən fikrindən vaz keçər. Ali savadlı gənc müəllim bağlantısız, məna yükü olmayan bir-iki qırıq-quruq cümlə işlədib intihara cəhd edirsə, başqasından nə gözləyəsən?!

Uzun illər təhsil sahəsində çalışmış, təcrübəli pedaqoq Nadir İsrafilov "Şərq”ə açıqlamasında hadisəyə bir neçə tərəfdən yanaşılmasını doğru saydığını bildirdi:

- Bu həm psixoloji məsələdir, həm də sosioloji. İntihar edənin adının önünə müəllim sözünün yazılması isə vəziyyəti bir az da dramatikləşdirir. Son vaxtlar intihar halları çoxalıb. Bəzən bunu informasiya yayqınlığı ilə əlaqələndirməyə çalışırlar, deyirlər, əvvəllər də belə hallar olurdu, sadəcə, o zamanlar məlumatlar belə geniş yayılmadığından, dar çərçivədə qaldığından statistika gözə çarpmırdı. Amma mən belə düşünmürəm. Niyə ki?! Elə o zamanlar da bir hadisə olanda, biri-birinə ötürürdü, hamı xəbər tuturdu. Amma bu qədər intihar halı olmurdu. Mən fənn müəllimliyindən direktorluğa, rəhbər vəzifələrədək çalışmışam. Çoxillik iş təcrübəmdə bir dəfə də olsun hansısa müəllimin intihara cəhd etməsi halı ilə qarşılaşmamışam. Bir neçə gün əvvəl məktəb direktorunun pəncərə silərkən yıxılıb öldüyü xəbəri verildi. Bu bir az inandırıcı görünmür. 

Kişi xeylağıdır, məktəb direktoru olub, pəncərə silirmiş və yıxılıb ölüb. Sonra da dedilər ki, ürək xəstəliyi varmış. Bilinmir, bəlkə ürək ağrısı tutub, pəncərəyə yaxınlaşıb, yıxılıb, bəlkə başqa bir hadisə olub. Amma intihar hallarının çoxalması faktdır. Hər gün olmasa da, iki gündən bir, intihar hadisəsi baş verir. İntihar görünməmiş hadisə deyil. Tarixdə həmişə belə hallar olub. İntihar edə biləcəyi kimsənin ağlına gəlməyən məşhur şəxslər də intihar edib, hamının "xoşbəxt” saydığı bədbəxtlər də olub. Məni narahat edən hazırkı dövrdə baş verən intihar hadisələrinin mərkəzlər, təşkilatlar, qurumlar tərəfindən araşdırılmamasıdır. Ya da, araşdırılırsa da, nəticələr barədə ictimaiyyətə məlumat verilməməsidir. İntihar hadisələrində səbəb və nəticə əlaqəsi üzərində dayanılmalıdır. Deyirsiz, 27 yaşlı gənc müəllimdir, intihara cəhd edib. Müəllim də insandır, onun da problemləri, qayğıları var. 

Məsələ burasındadır ki, bu problemlər, qayğılar barədə ətrafdakılar məlumatsız qalır, bəzən də məlumatlı olsalar da, heç bir kömək göstərə bilmirlər. Əvvəllər məktəblərdə pedaqoji kollektivlər çox sıx olurdu, insanlar arasında ünsiyyət bağlılığı güclü idi. İnsanlar dərdlərini paylaşırdılar. İndi tamam fərqli situasiyadır. Hər kəs öz qınına çəkilib. Dərdini də içində çəkir. Çəkə-çəkə, bir gün də bezir, yorulur, usanır və çox səhv olaraq da çıxış yolunu intiharda görür. Ola bilər, 27 yaşlı müəllimin də ailəsində problemlər yaransın, hansısa çətinliyi olsun. Yaxşı kollektivlərdə insanlar biri-birinə dayaq durur. Bəlkə də başqa bir dərdi, problemi varmış. Belə məsələlər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Və bir də, nəticələr barədə ictimaiyyyətə məlumat verilməlidir. Çünki belə hadisələr insanların psixikasına mənfi təsir edir və cəmiyyətdə gərginliyə səbəb olur. Cəmiyyət nə baş verdiyini, "intihar dalğası”nın nədən qabardığını bilməlidir. Bilməyəndə, 50 yerə fikir yozulur. Amma nəticəni törədən səbəb aydınlaşanda, cəmiyyətdə sərt fikirlərin yayılmasının qarşısı alınır.

Məlahət Rzayeva