İran gec-tez ABŞ-ın qarşısında baş əyəcəkİranda ciddi ərzaq qıtlığı yaranıb, işsizlərin sayı artıb. Əhalinin dini idarəetməyə nifrəti çoxalıb
ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri nəzərdə tutaraq "əgər İran Amerika ilə danışıqlara başlamaq istəsə, bu təklifi müsbət qəbul edəcəyəm” açıqlamasını verib. Ağ Ev rəhbəri Tehran hökuməti ilə münasibətləri gərginləşdirmək niyyətində olmadığını etiraf edib: "Heç kim dəhşətli şeylərin baş verməsini istəmir. İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”. İranın xarici işlər naziri Cavad Zərif də qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq mümkündür. Bir sıra ekspertlərin fikrincə, tərəflərin, xüsusən Trampın "yumşaq” mövqedən çıxış etməsi və qarşı tərəfdən adekvat qarşılıq görməsi gərgin münasibətləri nisbətən səngidə bilər. Ancaq bunun əksini düşünən politoloqlar da az deyil.
Məsələn, Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Şərq”ə açıqlamasında deyib ki, Trampın İrana müdaxilə təhdidlərini bir qədər yumşaldaraq "danışıqların bərpa olunacağı təqdirdə hərbi müdaxiləyə gərək olmadığını” bəyan etməsi manevr xarakteri daşıyır:
"İranın nüvə proqramından əl çəkəcəyini güman etmirəm. Suriya və İraqda problemlərin çözülməməsi və regionda ABŞ-ın tam qələbəsinin reallaşmaması İran üçün müəyyən zaman qazandırır. Ancaq növbəti hədəfin İran olacağı şübhəsizdir. Hərbi müdaxilədən öncə ABŞ-İrana qarşı sanksiyaları sərtləşdirərək iqtisadiyyatını çökdürməyə çalışır. Onsuz da iqtisadi durumu ürəkaçan olmayan İranda ciddi ərzaq qıtlığı yaranıb, işsizlərin sayı artıb. Əhalinin dini idarəetməyə nifrəti çoxalıb. Bu amillər ölkədə etnik türklərlə kürdlərin istənilən zaman milli mücadiləyə qalxma ehtimalını artırır”.
Analitikə görə, İranın qonşu dövlətlərlə münasibətləri də gərgindir:
"Rusiya və Ermənistan İrana dəstək verməkdən çəkinir. Putinin açıq şəkildə "biz yanğın söndürən komanda deyilik” bəyanatı İranın bütün ümidlərini qırıb. İranın indiyə qədər etdiyi ən böyük səhv Azərbaycanla münasibətlərdə qeyri-səmimi olması və işğalçı Ermənistana hərtərəfli dəstək verməsidir. ABŞ-ın İrana müdaxiləsinin qarşısını yalnız Türkiyə və Azərbaycan durdura bilərdi. Təbii ki, bundan ötrü İran ilk növbədə nüvə silahının əldə olunması proqramından tam imtina etməlidir. Şəriət qanunları ilə idarə olunan məzhəbçi bir dövlətin nüvə silahına sahib olması yolverilməzdir. Bu məsələdə Amerika haqlıdır. Hindistan kimi böyük dövlət İranla iqtisadi əlaqələri dayandırıb. İran nefti anbarlarda yığılıb qalıb, ölkə yeganə valyuta mənbəyindən məhrum olub”.
Siyasi şərhçi vurğulayıb ki, Tramp hələ də İrana müdaxilə üçün Konqresin razılığını almayıb:
"Lakin bu, müdaxilənin olmayacağı anlamına gəlmir. Hesab edirəm ki, İran hökuməti Trampla danışıqların bərpa olunmasına cəhd edəcək. Danışıqlar baş tutarsa, İrana müdaxilə təxirə düşə bilər. Amerikanın İrana müdaxiləsinin qarşısını tamamilə almağın bir yolu var - İran şəriət ölkəsi olmaqdan qurtulmalı, demokratik cəmiyyətin qurulmasına başlamalıdır. Əks təqdirdə İrana zərbələr endiriləcək”.
İsmayıl