“Həyat yoldaşımla ailə qurana qədər dost olmuşuq”

Aygün Bayramova: “Ona görə biri-birimizi yaxşı anlaya bilirik”
"Mən həyatda qərarlarımı hər zaman özüm vermişəm. Amma təbii ki, onun da məsləhətlərini dinləyirəm”
Muğam Azərbaycan musiqi sənətinin dəyərini göstərən milli-mənəvi sərvətimizdi. Bu sərvətin zənginləşməsində isə əməyi olan dəyərli sənətkarların, xanəndələrin əməyi danılmazdı. Xalq artisti, xanəndə Aygün Bayramovanın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətləri var. Bu dəfə "Şərq”in qonağı xalq artisti Aygün Bayramova oldu. Onunla musiqinin bu günündən danışdıq. Ailə qurandan sonra ilk dəfə belə geniş açıqlama verdiyini deyən xanəndənin maraqlı açıqlamaları oldu.
- Aygün xanım, ailə qurduqdan sonra az görünürsüz. Ailəyə daha çox vaxt ayırmaq istəmisiz, ya sadəcə son dönəmlər istirahətə üstünlük verirsiz?
- Deməzdim ki, kənara çəkilmişəm. Mən səhnədən, sənətdən uzaq qala bilmirəm. Sadəcə, efirlərə az çıxıram. Bu, ailə qurana qədər də belə idi. Məni tanıyanlar, elə siz də bilirsiz ki, hər zaman seçim edən sənətçi olmuşam. Hər efirə, hər verilişə çıxmamışam. Yalnız məsləhət bildiyim proqramlarda görünmüşəm. Hər dəvəti qəbul etmirəm. Bəlkə bu səbəbdən az görünmüş oluram. Mən şou xarakterli verilişlərdə özümü görməmişəm. Ona görə də çox az hallarda hansısa verilişə getməyə razılıq vermişəm. Bu mənim xarakterimdən və sənətə dəyərimdən irəli gəlir.
- Ailə qurmağınızın yaradıcılığınıza təsiri oldumu?
- Qətiyyən. Çünki mən yaradıcılığımla məşğulam. Sənətə təsadüfən gəlməmişəm. Uşaqlıqdan mən muğam sənətinə vurğun olmuşam. Hər zaman çalışmışam ki, sənətimə dəyər verim. Ona görə də ailə qurmağımın yaradıcılığıma təsiri ola bilməz. Əksinə, böyük layihələr hazırlamağı düşünürəm.
- Həyat yoldaşınızın sizə dəstəyi varmı? İkiniz də sənət insanlarısız.
- O, mənim şəxsiyyətimə də, sənətimə də dəyər verən insandı. Ona görə də mən dəstəyi hər vaxt hiss etmişəm. Qaldı ailə qurduqdan sonra işlərimə, yaxın müddətdə böyük bir layihəyə imza atırıq. Bununla bağlı mətbuatla da görüşümüz olacaq. Mediaya böyük layihəni təqdim etməyi düşünürəm.
- Böyük layihə deyiləndə solo konsert nəzərdə tutulur, ya daha fərqli bir yaradıcılıq işi gözlənilir.
- İstəmirəm indidən bu barədə açıqlama verim. Amma solo konsert deyil. Fərqli, maraqlı bir layihə ilə tamaşaçıların qarışısına çıxmağı düşünürük. Bu layihə təkcə mənimlə də bağlı deyil. Bir az səbrli olun. İnşallah, yaxın müddətdə bu təqdimat olacaq.
- Tamaşaçılar sizdən solo konsert də gözləyirlər...
- Bilirəm, çünki mənə bununla bağlı müraciətlər olur. Ola bilsin ki, bu il maraqlı solo konsert proqramı da təqdim etdim. Həm Heydər Əliyev adına Sarayda, həm də Muğam Mərkəzində konsert proqramları ola bilər. Qastrol səfərlərimiz var. Yəqin ki, bu ilin sonuna qədər solo konsert də təqdim etdim. Hesabat konsertim ola bilər.
- Şəxsi həyatınız necə, arzuladığınız kimi gedirmi?
- Şükür Allaha, hər ikimiz həyatı başa düşüb dərk edən yaşdayıq. Təsadüfi tanış olmamışıq. Biri-birimizi tanıyan insanlar idik. Şəxsi həyatımda hər şey qaydasındadı.
- Həyat yoldaşınızla dostluq etməyi bacarırsız?
- Mənə elə gəlir ki, ailədə sevgi hissləri ilə yanaşı, hörmət, qarşılıqlı dostluq da önəmlidir. Həyat yoldaşımla ailə qurana qədər də dost olmuşuq. Ona görə də biri-birimizi başa düşə bilirik. Musiqiyə dəyər verən insandı. Gözəl qəlbi, insanlığı var. Vacib olan bunlardı.
- Məsləhətləri olurmu sizə?
- Mən həyatda qərarlarımı hər zaman özüm vermişəm. Amma təbii ki, onun da məsləhətlərini dinləyirəm. Yaxşı məsləhətə qulaq asan insanam. Həyat yoldaşımın maraqlı məsləhətləri də olur. Ortaq nöqtələrimiz var. Qarşılıqlı münasibətimiz var.
- Bugünkü səhnə sizi xanəndə, sənətçi olaraq qane edirmi?
- Bugünün səhnəsi əslində göz önündədir. Nə deyim, bilmirəm. Efirləri görürsüz, sənətçilərin çıxışlarını izləyirsiz. Deyim ki, səhnədə olanlar məni bir sənətçi olaraq qane edir, yalan olar. Efirlərdə az hallarda yaxşı ifa eşitmək olur. Biz sənətə gələndə bu sənəti sevib gəlmişik. Mən 9 yaşından sənətə gəlmişəm. Bu günə qədər də sənət üçün yaşamışam, bu sənətə dəyər vermişəm. Çalışmışam muğama dəyər olsun. Çox təəssüf ki, sənət bu gün arxa planda qalıb, ucuzlaşdırılıb. Bunu siz də, tamaşaçılar da görür. Demirəm şou olmasın. Onun da öz yeri var. Amma səhnədə şou da keyfiyyətli, səviyyəli olur.
- Bəzi sənətçilər iddia edir ki, toy da səhnədir. Toyu səhnə kimi qəbul etmək nə dərəcə doğrudu?
- Mən bu fikirlə qətiyyən razı deyiləm. Toy səhnə sayıla bilməz. Toy toydu, səhnə səhnədi. Bunları eyniləşdirmək, qarışdırmaq olmaz. Demirəm ki toyda oxumaq, idarə etmək asandı. Toyun öz qaydaları var. Amma toy səhnə deyil.
- Efirlərə bu gün toy repertuarı ilə çıxanlar çoxalıb...
- Efirdə toy, "palatka” musiqilərinin təqdimatının qəti əleyhinəyəm. Bəli, bu gün sənətçilərin gəlir yeri toydu. Amma efiri "palatka”ya çevirmək, bəsit, bayağı musiqiləri təqdim etmək düzgün deyil. Bu musiqilər tamaşaçı zövqünü korlamış olur. Kim istəyir səhnəyə çıxır, kim istəyir özünü sənətçi elan edir. Bu, sənəti də, səhnəni də ucuz göstərir. Mən səhnənin ucuz görünməyini istəmirəm. Bu məni narahat edir. Son illər toy mahnıları daha çox efirlərdə təbliğ olunur. Sənətə gələn insan səhnəni düşünməlidir. Toy tutmaq, beş-üç manat pul qazanmaq üçün oxumaq sənət deyil axı. Bizim dövrümüzdə sənətə gələnlər toyda pul qazanmağı düşünmürdülər. Sənətkar sənətə özü dəyər verməlidir. Bəzi müğənnilər var ki, ancaq məqsədləri o efirdən-bu efirə qaçmaqdı. Tanınmaq istəyirlər, başa düşürəm. Amma sənətə dəyəri itirməsinlər.
- İndiki gənc xanəndələrdə də şouya meyillilik olur bəzən.
- Bəzilərində hiss olunur. Bizim vaxtda belə olmayıb. Xanəndə öz çəkisini, hörmətini qoruyub saxlayırdı. Biz oturub-durmağımıza, danışığımıza diqqət vermişik. Dünən necə səviyyəmi qorumuşamsa, bu gün də o səviyyəni nəzərə alıram. Xanəndə ucuz verilişdə, şouda görünə bilməz. Toya da getmək olar. Amma sənətkar ilk növbədə səhnəni düşünməlidir. Muğam sənəti o qədər ciddi və dəyərli bir musiqi janrıdır ki, xanəndə bunun yükünü dərk etməlidir. Muğam sənətinin yükünü daşımaq isə o qədər asan deyil.
Tahirə