İçməli su ən yaralı yerimizdir

Xəstəliklərin çoxalması, allergik reaksiyalar, dəri üzərində qaşıntıların yaranması da qəbul etdiyimiz mayedən asılıdır



Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov mütəmadi olaraq ilboyu Bakı və digər rayonlarda sutəmizləyici qurğulardan, ayrı-ayrı stasionar nöqtələrdən, modul tipli yeni quraşdırılan qurğulardan götürülmüş içməli su nümunələrində xoşagəlməz vəziyyətlərin müşahidə olunduğunu deyib.

Z.Kazımov bildirib ki, respublikanın 215 kəndində ETSN tərəfindən quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin fiziki-kimyəvi və bakterioloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib.

Son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian suların müayinələri ilə əlaqədar araşdırma aparıldığını və nümunələr götürüldüyünü qeyd edən şöbə müdirinin sözlərinə görə, bu nümunələrdə də o qədər təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsində daim nəzarət aparılır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə bildirib ki, su istehsalı müəssisələrində suyun yenidən minerallaşdırılması məsələsi də indi gündəmdədir: 

"Bəzi müəssisələrdə artıq suyun mineralizasiya prosesi keçirilir. Ümumiyyətlə, mineralsız suyu içmək orqanizmdə bəzi mikroelementlərin çatışmazlığına səbəb olur ki, minerallaşdırma prosesini keçirməyən su istehsalı müəssisələri də bunu nəzərə almalıdırlar”.

İçməli sularda olan bu cür xoşagəlməz halların olması insan orqanizmində nə kimi problemlər yarada bilər?

Bununla bağlı "Şərq”ə açıqlama verən tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, orqanizmə daxil olan bakteriyalar və xəstəliklər yalnız içdiyimiz sulardan deyil, həmçinin meyvə-tərəvəzlərin yuyulmasında istifadə etdiyimiz sulardan da yaranır. Bunun üçün də bu amilə xüsusi diqqət yetirmək gərəkdir: 

"Hər bir rayonda təmizləyici qurğular olur və suyun tərkibində olan bakteriyalar və digər zəhərli maddələr müəyyən edilir. Tutaq ki, bakteriyalarda olan titrlərin norması 264-ə qədərdir. Amma bu, 264-dən yuxarı olduqda insan səhhətinə böyük zərbə vurur. Suyun təmizlənməsi gigiyenik qaydalara uyğun olaraq aparılmalıdır. Bəzən müxtəlif axıntıların axıdılması, zamanında təmizlənmənin yerinə yetirilməməsi böyük problemlərə səbəb ola bilər. Mədə-bağırsaq sistemində diffeksiyaların yaranması, həmçinin bağırsaq çöplərinin inkişafı baş verə bilər. İshal, qusma, halsızlıq, hətta müəyyən pozğunluqlar yaranarsa, insan bütün ömrü boyu çəkər. Su problemi bütün dünya üzrə, o cümlədən Azərbaycanda bir nömrəli problem olaraq qalmaqdadır. Xəstələnmə sayları, allergik reaksiyaların olması, dəri üzərində qaşıntıların yaranması da içdiyimiz sudan asılıdır”.

Yeganə Bayramova