İki abituriyentin faciəli sonu...

İmtahanda istədiyi balı yığa bilmədilər, özlərini öldürdülər
İntihar edən abituriyent anasına vida məktubu yazdı: “Özünə yeni həyat qur”




"Valideyn var ki, övladı imtahana gedəndə "suallara cavab yaza bilməsən evə gəlmə!”, "az bal toplasan gözümə görünmə!”, "imtahandan keçməsən rüsvay olacam” kimi ultimatumlar verir”


"Məsuliyyətli, həyat dəyərlərini anlamağa çalışan yeniyetmə daha həssas olduğundan
stresə də daha tez düşür”


Mayın 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ilk qəbul imtahanları keçirilib. İmtahandan sonra iki gənc "imtahan intiharı”nın qurbanı olub. Gənclərin hər ikisi Sumqayıtdandır və onlar qəbul imtahanında istədiyi balı yığa bilmədiyi üçün özlərinə qəsd ediblər.
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda 2001-ci il təvəllüdlü Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

Qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub. "Qafqazinfo”nun əməkdaşları 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıblar. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P.Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib. Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu Pənahın dayısı Nurlan Bayramov deyib. O, bildirib ki, bacısı oğlunu imtahana özü aparıb: "İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram”. Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də”. 

Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib”. N.Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm”, - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik”. Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko”ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi”. N. Bayramov əlavə edib ki, P. Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.
İkinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.

17 yaşlı Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti "morq”a təhvil verilib.

Təəssüflər olsun ki, imtahanda zəif nəticə göstərən abituriyentlərin intihara əl atmasının hər il şahidi oluruq. İlk baxışdan imtahan nəticələrinə görə, bir gəncin həyatdan əlini üzməsi və özünü öldürməsi inandırıcı görünməyə bilər. Amma gündəlik yaşamımızda dəfələrlə şahidi olmuşuq ki, azərbaycanlı ailələr imtahan məsələsində övladlarını aşırı psixoloji təzyiq altında saxlayır. 

Uşaqlar da öz-özlüyündə affekt vəziyyətə düşür və zənn edirlər ki, universitetdən kəsilmək artıq həyatın sonudur. Halbuki valideynlərin missiyası bu yanaşmanın yanlış olduğunu, qos-qocaman həyatın sadəcə bir ali məktəb imtahanından ibarət olmadığını öz övladlarına aşılamaqdan ibarətdir.

Mütəxəssislərə görə, uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi, bu sıxıntıların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq-jurnalist Lalə Mehralı 2012-ci ildə də Sumqayıtda eyni hadisənin, imtahandan az bal toplayan oğlanın dərman içərək özünə qəsd etdiyini xatırladıb: "Siz də, mən də bilirik ki, tanıdığımız çox valideyn var ki, övladı imtahana gedəndə "suallara cavab yaza bilməsən evə gəlmə!”, "az bal toplasan gözümə görünmə!”, "imtahandan keçməsən rüsvay olacam” kimi ultimatumlar verir. Əgər valideyn bir az zəhmlidirsə və dediyi övladı üçün nisbətən qorxu ifadə edirsə, bu, intihar üçün səbəb ola bilər.

Ali məktəb oxumaq üstünlükdür, əlavə avantajdır. Amma şərt deyil! Şərt savad və bacarıqdır, mənim atam ali məktəb oxumamışdı, texnikum məzunu idi, amma savadına savad çatmazdı. Geopolitikadan iqtisadiyyata, ədəbiyyata qədər hər sahəni yaxşı bilirdi. Bizə də heç vaxt "ali məktəb oxu” deməyib, "savadlı olun” deyib. 

Valideynlər övladına "hökmən ali məktəbə qəbul olmalısan” demək əvəzinə, "çalış ali məktəbə qəbul ol” deməlidir. Yeniyetmə bu ərəfədə onsuz da gərginlik içində olur, üstəlik, valideyn basqısı da əlavə olunursa, məsələ qəlizləşir. Uşaqları bu qədər yükləməyin. Bəlkə o, yaxşı bir zərgər, əla kulinar, əvəzsiz çilingər, tayı-bərabəri olmayan hər hansı bir peşə sahibi olacaq. Axı çoxumuz bilirik ki, yaxşı çilingər bir çox diplomlu insandan yaxşı qazanır.

Ona "məktəbə girməsən evə gəlmə” yerinə, "ali məktəb də vacibdir, amma səndən daha dəyərli deyil” deyin...”

Jurnalist Zülfiyyə Qurbanova isə özünün feysbuk hesabında belə yazıb: "Qəbul imtahanlarından sonra abituriyentlərin intiharının bir səbəbini də dəbə düşən repetitorluqda axtarmaq lazımdır. Valideynləri də qınamayaq. Onlar da ağızlarından kəsib illərlə uşağın hazırlığına pul tökürlər. Bir ay hazırlığın ödənişini çatdırmayanda uşağın üstünə qışqırır ki, "ay bala, canın çıxsın oxu, mənim sənin pulunu ödəyənə qədər canım çıxır”.

 Bu gərginlik, üstəlik, uşağın bütün vaxtını, asudə vaxtını belə oxumağa və ancaq oxumağa sərf etməsi gətirib bu intiharlara çıxardır. Demək istəyirəm ki, uşaqlar çox yüklənirlər. Ali məktəbə hazırlaşan uşaq futbol oynamağa, rəfiqəsi ilə gəzməyə, sevdiyi qıza bir mesaj yazmağa da imkan tapmalıdır ki, bu stresi atsın. İllər öncə məktəblərdə dərs yükü bərabər paylandığı üçün, müəllimlər vicdanla dərs keçdiyi üçün, dərsliklər belə əndrabadi olmadığı üçün, məzunlar və valideynlər son iki ili əl-ayağa düşüb repetitor, ödəniş, proqramı mənimsətmək dərdinə düşmürdü. Problemin kökü gedib yenə də məktəbə, təhsilə dayanır, dostlar”.

Əməkdar müəllim Almaz Həsrət isə sosial şəbəkə istifadəçilərini və jurnalistləri intihar barədə yazmamağa çağırıb:

"Bu ərəfələrdə bu cür informasiyaların yazılması, müzakirə olunması doğru deyil. Çünki indi tələbə adını qazanmaq istəyi olan abituriyentlərin ailələrinin ən həssas dönəmidir. Uşaqlar bu cür xəbərləri eşidərkən, valideynlərinə qarşı bundan istifadə edirlər. Valideynlərini sanki qorxudurlar. Onsuz da valideynlər bu aralar çox həssas olurlar. Yaymayın və paylaşmayın bu cür xəbərləri. Olmaz belə... Lütfən digər ailələri düşünün...”

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, valideynlər hər zaman övladlarına onu sevəcəyini, ona güvəndiyini və həmişə yanında olduğunu vurğulamalıdır. Onun sözlərinə görə, "İmtahan” sözünün ağırlığı insanı hər yaşda həyəcana, narahatlığa salır. Yeniyetmələrin həyatlarında önəmli və həlledici məqam sayılan peşə seçimi anını, eləcə də imtahan stresini nəzərə alsaq, bunun abituriyentlərə psixoloji cəhətdən nə dərəcədə ağır təsir etdiyini anlamaq çətin deyil. 

Həm də nəzərə almalıyıq ki, yeniyetmə yaşlarının özünə xas olan psixoloji durumu var. Bu durum aqressivlik və ya özünəqapanma ilə müşahidə olunur. İmtahanın stresini də buna əlavə etsək, yəqin ki, abituriyentin psixoloji durumunun nə yerdə olduğunu təsəvvür edə bilərik. Təbii ki, məsuliyyətli, həyat dəyərlərini anlamağa çalışan yeniyetmə daha həssas olduğundan stresə də daha tez düşür”.

Psixoloqun sözlərinə görə, psixoloji stress altında imtahan verən abituriyent sahib olduğu bütün elmi bilikləri unudur və nəticədə imtahanda zəif bal toplayır. Abituriyentin imtahan zamanı zəif nəticə göstərməsi gələcək həyat yolunda mane olur, ailəsinə mənfi təsir edir. 

Artıq yeniyetmə özünü "bacarıqsız, özünə inamı olmayan” biri kimi tanımağa başlayır. Bu da onun şəxsiyyətində natamamlıq hissi yaradır: "Bütün bu kimi gələcək problemləri və bu problemlərin yaratdığı nəticələri nəzərə alaraq imtahana hazırlaşan abituriyentə individual yanaşmalı, onun psixoloji gərginliyini aradan götürmək üçün münbit şərait yaradılmalıdır. İmtahan ərəfəsində ən çox məsuliyyət valideynlərin və dostların üzərinə düşür. Valideynlər hər zaman övladlarına onu sevəcəyini, ona güvəndiyini və həmişə yanında olduğunu vurğulamalıdır”.

F.Mehmanqızı hesab edir ki, biz yeniyetməyə "sənə güvənirəm, sən bunun öhdəsindən gələcəksən!” deməklə imtahana daha məsuliyyətli hazırlaşmağına nail oluruq və güvən verməklə onun lazımsız psixoloji gərginliyini aradan qaldırmağa cəhd edirik.

Şəymən