İki qardaş dövlətin sarsılmaz birliyi...

Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək zirvədədir


Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini möhkəmləndirməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olur. 

2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman biri-birinin yanında olmasını bir daha sübut etdi. Prezident İlham Əliyev paradda çıxışında biri-birinə bu qədər yaxın, bu qədər biri-birinə arxa-dayaq olan Azərbaycan və Türkiyə kimi dünyada ikinci belə nümunənin olmadığını bildirərək vurğuladı:

 "Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. 

Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir”. Dövlət başçısı İlham Əliyev yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakının işğalçılardan azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik: "Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. 

Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru Paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında iki qardaş dövlətin hər zaman biri-birinə dəstək olduqlarını vurğulayaraq bildirdi ki, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub.

Millət vəkili Tahir Kərimli deyib ki, iki qardaş xalqın sarsılmaz birliyi, Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək zirvədədir. Deputatın sözlərinə görə, Bakının Qafqaz İslam Ordusunun köməyi ilə azad edilməsi bir daha Türkiyə və Azərbaycanın ta qədimdən qardaş ölkə olduğunu göstərdi: "15 sentyabr tarixi Azərbaycan üçün çox əhəmiyyətli tarixdir.

 O vaxt Qafqaz İslam Ordusu ilə Azərbaycan Ordusu birləşdi. Həmin dövrdə daşnaklar Bakını işğal etmişdi və müxtəlif istiqamətlərdən hücumlara baxmayaraq, şəhərdən çıxmaq istəmirdilər. Rusiyanın Bakını Azərbaycandan ayırmaqla bağlı planı vardı. Çünki Bakı həm Xəzər limanı idi, həm Qafqaza nəzarət, həm də Orta Asiya və İrana çıxış demək idi. 

Ona görə də Rusiya Bakını əldən vermək istəmirdi və ermənilərin Qafqazda məskunlaşmasını həyata keçirmək üçün bu addımlar atılırdı. Bakının işğaldan azad olunması həddindən artıq vacib məsələ idi. Qafqaz İslam Ordusunun köməyi ilə Bakı işğaldan azad olundu. Bundan sonra Azərbaycanın bütövlüyü tam təmin olundu”.

"Deputat bildirib ki, Bakının işğaldan azad edilməsi tarixi böyük bir bayramdır: 

"Bu, Azərbaycan tarixində ən böyük hadisələrdən biridir və çox strateji məsələdir. Eyni zamanda Türkiyə-Azərbaycan arasındakı dostluğun, qardaşlığın və hərtərəfli əməkdaşlığın ən bariz nümunəsidir”.

İsmayıl