İmtahandan kəsilmək həyatın sonu deyil

Psixoloq, sosioloq və millət vəkili hər gün artan intihar hallarına reaksiya verdilər



Qəbul imtahanları daha bir gəncə həyatı bahasına başa gəlib. İştirak etdiyi imtahanda istədiyi balı yığa bilməyən 17 yaşlı Şəbnəm özünə qəsd edib. Hadisə Bakının Suraxanı rayonunda baş verib. 9-cu mərtəbədən özünü atan gənc qız hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xaləddin qızı Rzayeva olduğu bildirilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb. Qızın qəbul imtahanından az bal topladığına görə intihar etdiyini hadisə şahidləri qeyd edib. Əslində, ilk baxışdan imtahan nəticələrinə görə, bir gəncin həyatdan əlini üzməsi və özünü öldürməsi inandırıcı görünməyə bilər.

Amma gündəlik yaşamımızda dəfələrlə şahidi olmuşuq ki, azərbaycanlı ailələr imtahan məsələsində övladlarını aşırı psixoloji təzyiq altında saxlayır. Uşaqlar da öz-özlüyündə affekt vəziyyətə düşür və zənn edirlər ki, universitetdən kəsilmək artıq həyatın sonudur. Halbuki valideynlərin missiyası bu yanaşmanın yanlış olduğunu, qos-qocaman həyatın sadəcə bir ali məktəb imtahanından ibarət olmadığını öz övladlarına aşılamaqdan ibarətdir. 

Valideyn imtahandan kəsiləcəyi təqdirdə onu övladlıqdan rədd eləməklə təhdid etmək əvəzinə, sadəcə abituriyentlərə daha çox çalışmaq və imtahanı qazanmağın gərəkli olduğunu izah etməli, onları həvəsləndirməklə özlərinə inam yaratmalıdır. Onsuz da başdan-ayağa imtahan stressində olan abituriyentlərə psixoloji təsir etmək "yanğına körüklə getmək”dən başqa bir şey deyil. Bu isə ancaq acı nəticələrlə tarixdə iz salır. Gözümüzün önündəcə, heç nədən gəncliyimiz ipdən asılı qalır...

Psixoloq Arzu Müzəffərova cəmiyyət olaraq zaman-zaman intihar faktlarının həyata keçirilməsi ilə rastlaşdığımızı və qarşısını almaqda çox çətinlik çəkdiyimizi deyib: 

"Yaş hədləri və intiharın səbəbləri fərqli olsa da, intihar halları hər zaman biz psixoloqları narahat edir. Hər bir insan həyat tərzinə görə öz zəif və güclü tərəfini görür. Lakin təəssüflər olsun ki, bəzi insanlar bir çox hallarda uğursuzluğu travma kimi qəbul edir. Bu travmadan necə çıxmaq isə onların verdiyi qərardan asılı olur. İntihar da verilən bu qərarlar sırasına daxildir. İntihar edən insanlar ümumən özünə qapanan, hər halında ideal görünmək istəyən, başqasının sözü ilə özünü görən xarakterli insanlardır. Bu xarakterə sahib insanların yaşadıqları zədələr üst-üstə yığılıb qalır. 

Bu stress fonunda onların yaşadıqları ən kiçik uğursuzluq belə onlara keçmişdəki hadisələri xatırladır və sonra intihar olayı gerçəkləşir. Yəni ali məktəbə qəbul olmayan abituriyentlərin intihar etməsi anidən yaranan bir fəlakət deyil. Bu, uşaqlıqdan gələn bir travmadır. Özünə qəsd isə uşaqlıqdakı travmaların nəticəsi olan son həddir”.

Psixoloqun sözlərinə görə, intihar - ölmüş ruhun cismə seçilən qərarıdır. İnsan ruhən güclü və pozitiv olmalıdır. Əslində insanın kimliyini formalaşdıran onun düçar olduğu uğursuzluqdan necə xilas olduğuna bağlıdır:

 "Biz psixoloqların intihar mövzusuna ümumi yanaşması istənilən effekti verməsə də, yenə də əlimizdən gələni əsirgəmirik.

İmtahandan kəsilən gənclərin özlərinə qəsd etməsi onların qurduqları xəyallarla bağlıdır. Gənclərə elə gəlir ki, imtahandan kəsilmək həyatın sonudur. Halbuki irəlidə onların daha gözəl həyatı ola bilər. Ətrafın qınağı, yaxınların onlara baxışları və valideynlərinin onlara dedikləri kəlmələr onları intihara vadar edir. "Yüksək bal toplamasan, ondansa get öl”, "Oxuya bilmirsən, ölsən bundan yaxşıdır” kimi kəlmələr uşaqları intihara təhrik edə bilər. Müxtəlif abituriyentlərlə işləyirik. Onların dərdi uşaqlıq travmaları və valideynlərinin sözləridir”.

Belə hallar da baş verdikdə, valideynin " mən istəmirdim belə olsun” deməsinin heç bir əhəmiyyəti qalmır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə valideynlərin imtahanda uğursuzluq əldə etmiş övladlarına təzyiq göstərməməli olduğunu deyib. 

"Bu, bir çox hallarda faciə ilə nəticələnir. Valideyn övladının yaxşı nəticə toplamasını istəyirsə, orta məktəb dövründə, xüsusən də imtahanlara yaxın zaman ona kömək etməlidir. Əgər valideyn öz övladı ilə qarşılıqlı əlaqələri yaxşı qura bilməyibsə, bu, intiharla nəticələnir. Abituriyent nə qədər çalışsa da, onun bacarığı məhdud olur. Eyni zamanda imtahan müddətində gərgin ola bilər. Bütün bunlar onun uğursuzluğu üçün kifayətdir”. Sosioloqun fikrincə, valideynlər bu faktorları nəzərə almalı, övladlarına dəstək olmalıdır ki, bu hadisə həmin şəxsin faciəsinə çevrilməsin.

Sosioloq deyib ki, indiyə qədər iqtisadi və siyasi sahələrə o qədər diqqət ayırmışıq ki, milli-mənəvi məsələlər nəzərdən qaçıb:

 "Bu səbəbdən ortaya çoxlu problemlər çıxıb. Ailədaxili zorakılıq və qətllər yüksələn statistika ilə gedir. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq. Azərbaycan cəmiyyətində ali məktəbin "prestiji” böyükdür. Gənclər gələcəklərinin xilasını yalnız ali məktəb bitirməkdə görürlər. Amma başqa cəmiyyətlərdə gənclər düşünmür ki, institut yoxdursa, intihar etməliyəm. O gənclər ali məktəbə qəbul ola bilməyəndə peşə öyrənirlər, gələcəyini bu cür qururlar. Burda həm psixoloji, həm də sosioloji faktorlar böyük rol oynayır. Sosial faktorlar odur ki, hazırda cəmiyyətimizdə hökm sürən xaotik durum gənclərə mənfi təsir edir. 

Gənclər öz gələcəklərini aydın təsəvvür edə bilmirlər. Valideynin "ali məktəbə daxil olmalısan”, "bütün imtahanlardan "əla” almalısan” tələbi isə hər uşağa bir cür təsir edir. Psixoloji durumunda problem olan gənc bunu intiharla nəticələndirir. Yenə hamısı gəlib mənim dəfələrlə qeyd etdiyim problemə dirənir. Bu problem cəmiyyətin mənəvi dəyərlərə diqqətinin az olmasıdır. Təkcə gənclərin imtahan stressi ilə etdikləri intiharlar yox, ailədaxili qətllər də bu problemin getdikcə qabardığını sübut edir”.

Millət vəkili Fazil Mustafa da "Sherg.az”a açıqlamasında daha fərqli mövqedən çıxış edib. Deputat düşünür ki, əslində qəbul imtahanlarına hazırlaşan abituriyentlər 11 il boyunca, qəbul imtahanlarına hazırlıq prosesini tam və düzgün şəkildə təşkil edə bilmirlər:

 "Nəticədə, imtahandan uğur qazanacaqlarını təxmin etdikləri halda, keçid balını toplaya bilmədikdə böyük stress keçirirlər. Bu, çoxsaylı abituriyent üçün yaranan vəziyyətdir. Abituriyentlər şəxsi psixoloji gərginlikləri ilə bərabər ətrafdakıların təzyiqi ilə də üzləşirlər. Çünki Azərbaycan insanında səbrlə davranmaq, qarşısındakına anlayışla yanaşmaq çox az səviyyədədir. İnsanlar, valideynlər qəbul imtahanlarında uğursuzluqla qarşılaşmağa, övladının imtahandan kəsilməsinə çox kəskin reaksiya verirlər. Bu, sanki həyatın sonudur. Əslində isə çox yanlış yanaşmadır. İnsan iradəsi ən çətin situasiyada belə maksimalist addım atmamalı, dözüm nümayiş etdirməlidir. Vaxtında oxumaq, öyrənmək, öz qabiliyyətinə uyğun yükün altına girmək ənənəsi olmadığına görə, abituriyentlər də çarəni intiharda tapırlar”.

Yaranmış tendensiyanın aradan qaldırılması yollarına gəlincə, F.Mustafa bu vəziyyətin müdaxilə ilə düzəldilməsinin çətin olduğunu deyib:

"Bütün cəmiyyətlərdə belə hal yaşanır. Qeyd etdiyim kimi, bu, insanların iradəsi ilə bağlı məsələdir. İntiharın baş verməsini tək imtahanda uğursuzluqla əlaqələndirmək düzgün olmaz”.

Şəymən