İnternet media resursları qanunla tənzimlənməlidir

Hikmət Babaoğlu: “Real işlər varsa, deməli, onun hüquqi tənzimlənməsi də zəruri haldır”
Müşfiq Ələsgərli: “Bəzi hallarda internet xəbər resursları diqqətsiz və məsuliyyətsiz davranırlar”

Aynur Camalqızı: "İstənilən şəxsin "media adamına” çevrilməsi təhlükəli amildir”

(əvvəli ötən sayda)

Milli Məclisin İnsan hüquqları komitəsinin 15 fevralda keçirilən iclasında gündəliyə "İnformasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib.

Komitə sədri Bahar Muradova hər iki sənədin Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib. Sədr bildirib ki, bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır və düzəlişlər internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək. Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid hər iki sənəd barədə ətraflı danışıb. 

O bildirib ki, sənədə edilən dəyişiklik internet media resurslarında informasiya təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Bunun üçün qanuna yeni fəsil və maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. Burada internet media saytların yaradılması, uçotu, bəzi informasiyaların yayılmasının qarşısının alınması və digər məsələlər tənzimlənir”. Diqqətə çatdırılıb ki, "Telekommunikasiya haqqında” qanunda edilən dəyişikliklər də telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyənləşdirmək məqsədinə xidmət edir. İclasda iştirak edən Nəqliyyat, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də bəyan edib ki, hər iki qanun layihəsi ölkəmizdə ümumilikdə informasiya cəmiyyətinin inkişaf

etdirilməsinə töhfə verə biləcək sənədlərdir: "Davamlı olaraq Azərbaycanda internetin, informasiya kommunikasiya texnologiyalarının inkişafı qanunvericilikdə öz əksini tapır. Azərbaycan inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni milli strategiyada da bu təsbit olunub”. Nazir müavini hazırda bu sahədə mövcud vəziyyətdən, uğurlu onlayn mühitin formalaşdırılmasından, nöqsanların aradan qaldırılması yollarından da danışıb. Komitə üzvləri qanun layihələrinə təklif olunan dəyişikliyi məqsədəuyğun hesab edərək sənədləri parlamentin plenar iclasına tövsiyə ediblər. Məsələyə münasibət bildirən media nümayəndələrinin də sözügedən qanun layihələri ilə bağlı görüşləri müsbətdir.

Qanuna edilən dəyişikliklərlə bağlı "Şərq”ə danışan millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, internet resurslarında informasiya mübadiləsinin hüquqi tənzimlənməsi olduqca aktual məsələdir: 

"Çox təəssüf ki, hələ dünyada bunu öyrənmək üçün zəngin təcrübə yoxdur. Amma bir sıra xarici ölkələrdə təşəbbüslər edilib. Artıq internet media üzərində real ictimai münasibətlər formalaşır. Təbii ki, real işlər varsa, deməli, onun hüquqi tənzimlənməsi də zəruri haldır. O baxımdan Milli Məclisin müvafiq komitəsi belə bir təşəbbüslə çıxış edib. Ümumi layihə hazırdır, hələlik ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir. Vurğulamaq istərdim ki, komitə səviyyəsində məsələ müzakirə edilərkən çox maraqlı təkliflər gündəmə gəldi. Düşünürəm ki, həmin təkliflər nəzərə alınmaqla qanun layihəsi xeyli təkmilləşdirilə bilər. İstər o sahə üzrə ixtisaslaşmış qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri, istərsə də parlament üzvləri bu istiqamətdə gərgin işləyirlər, axtarışlar aparırlar. Əminəm ki, Azərbaycanın informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi üçün çox lazımlı bir qanunun qəbul olunmasına nail olacağıq”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bəyan edib ki, internet media resurslarının tənzimlənməsi günün çox vacib tələbləri sırasındadır: 

"KİV haqqında” qanunun 3-cü maddəsində göstərilir ki, internet media kütləvi informasiya vasitəsi sayılır. Amma təəssüflər olsun ki, internet istifadəçiləri bunu nəzərə almırlar. Çox zaman internet məkanında ciddi qanun pozuntularına yol verilir. Burada xüsusi olaraq dövlət dili haqqında qanunun pozulması, insanların şəxsi həyatlarına müdaxilə edilməsi, təhqir və böhtan xarakterli məlumatların yayımlanması və s. pozuntular aşkar edilir. Məlumdur ki, bir sıra informasiyaların yayımına məhdudiyyətlər qoyulur. Xəbər istehsalçılarının buna vacib yanaşması çox zəruridir. Ancaq bəzi hallarda internet xəbər resursları diqqətsiz və məsuliyyətsiz davranırlar. Qısa ifadə etsək, insanlarda belə bir təsəvvür yaranıb ki, "internet azad zonadır və burada istədiyini edə bilər”. Şübhəsiz, belə anlayış doğru deyil. Bu baxımdan internet məkanında tənzimlənməyə ciddi ehtiyac var. Sadəcə bu tənzimlənmə qanununda dəqiqləşmə aparılmalıdır ki, insanlar xəbər istehsalı zamanı nələri nəzərə almalı olduqlarını bilsinlər və prinsiplərə əməl etsinlər”. Ekspert bildirib ki, xəbər istehsalında qanun pozuntularının tənzimlənməsi ilə bağlı məşğul olan qurumlar var. Bu həm özünütənzimləmə qurumu, həm də hüquq-mühafizə orqanlarıdır: "Mətbuat Şurası medianın özünü tənzimləməsi strukturu sayılır. Dövlət qurumları isə informasiya yayımı zamanı yaranan neqativ amillərin aradan götürülməsi ilə məşğul olur. Lakin hazırda bu prosesi həyata keçirmək çətindir, çünki mövcud qanunlarda bu sahəyə aid dəqiqləşməmiş müddəalar var. İndi qanuna edilən dəyişiklik həmin boşluqları doldurmaq məqsədi daşıyır. Bilirsiz ki, 2013-cü ildən başlayaraq, internet media ilə bağlı qanunlara ciddi dəyişiklik edilir. Müzakirə edilən sonuncu dəyişiklik də birbaşa internet media orqanlarının tənzimlənməsi ilə bağlı dəqiqləşdirmə xarakteri daşıyır. İnformasiya haqqında qanunda domen nədir, domeni verən şəxslər hansı məsuliyyəti daşıyır, hostinq nədir və onu verən qurumların məsuliyyəti necə olacaq kimi məsələlər öz əksini ətraflı şəkildə tapacaq. Bunlar olduqca mühüm məsələdir. Ancaq sözügedən qanun qətiyyən informasiyanın verilməsini məhdudlaşmır. Sadəcə olaraq internet resursların tənzimlənməsi ilə məşğul olan qurumların səlahiyyətləri daha aydın şəkildə verilir. Bu da gələcəkdə həmin strukturlara öz işlərini rahat şəkildə qurmaq imkanı yaradır”.

"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə deyib ki, bu məsələ bir neçə günə əvvəl parlamentin vitse-spikeri Bahar Muradova və baş redaktorlar arasında geniş şəkildə
müzakirə olunub: 

"Bəzi media nümayəndələri onlayn medianın tənzimlənməsini birmənalı qarşılamır. Amma mən düşünürəm ki, onlayn media bu qədər inkişaf edibsə, həyatımıza daxil olubsa, deməli, internet medianın tənzimlənməsi ilə bağlı qanuna əlavələr edilməsi vacibdir. Şübhəsiz ki, bu məsələnin özünün də ciddi müzakirələrə ehtiyacı var. Fikrimcə, bu yöndə bir müddət müzakirələr aparılmalıdır. İnformasiya təhlükəsizliyi məsələsinə gəlincə isə hesab edirəm ki, bu sahədə də ciddi problemlər mövcuddur, müvafiq qanunvericilikdə boşluqlar var”.

Baş redaktorun sözlərinə görə, onlayn medianın sərhədləri mütləq müəyyən edilməlidir: "Təəssüflər olsun ki, müasir dövrdə yerindən duran bir domen adı qeydiyyatdan keçirir və bir "notebook”u dizinin üstünə qoyaraq özünü media nümayəndəsi, baş redaktor hesab edir. Yəni özünü ictimaiyyətə belə təqdim edir. Amma bu çox yanlış tendensiyadır. Ümumiyyətlə, domen adlarının hər kəs tərəfindən rahat şəkildə alınması, istənilən şəxsin "media adamına” çevrilməsi təhlükəli amildir. Bu sahədəki aşırı azadlıqlar digər tərəfdən insanların hüquqlarının pozulmasına gətirib çıxarır. Jurnalistikanın hörmət və nüfuzdan düşməsinə səbəb olur. Əgər vurğulanan məsələlərlə bağlı tənzimlənmə olarsa, bundan Azərbaycan mediası qazanar”.

A.Camalqızı onlayn medianın dövlət tərəfindən dəstəklənməsinin tərəfdarı olduğunu da deyib: 

"Bilirsiniz ki, cənab Prezidentin sərəncamı əsasında yaradılan KİVDF ölkə mediasının ayaqda durmasına və öz fəaliyyətini davam etdirməsinə ciddi dəstək verir. Biz hər zaman bu addımı yüksək qiymətləndirmişik. Çox yaxşı olar ki, medianın inkişafına yardım edən maliyyə dəstəyi onlayn resurslara tətbiq edilsin. Çünki internet mediaya olan münasibət göz önündədir. İnsanlar mobil vasitələrlə gündəlik informasiyaları saytlardan almağı daha rahat hesab edirlər, qəzet oxumağa çox maraq göstərmirlər. Belə bir şəraitdə onlayn medianın inkişafına da, tənzimlənməsinə də böyük ehtiyac duyulur”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb