İnternet mediada dil qüsurları var

Monitorinqlərin nəticəsi ürəkaçan deyil
Azər Həsrət: “Təklif edirəm ki, Mətbuat Şurası Nəsimi adına Dilçilik İnstitutu ilə əməkdaşlıq etsin və jurnalistlər üçün dil kursları, seminar və treninqlər təşkil edilsin”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır. Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında aparıcı rola malik olan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərir.

Fəaliyyət istiqamətlərindən biri də ölkənin kütləvi informasiya vasitələri, həm mətbuat, həm televiziya, eləcə də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin işlənməsi qaydaları ilə bağlı mütəmadi monitorinqlərin aparılmasıdır. Məqsəd bəllidir; Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısını almaq, ana dilimizin qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi. Ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi də məqsədlər sırasındadır.
Xatırladaq ki, Dilçilik İnstitutu ölkədə fəaliyyətdə olan elektron saytlarla bağlı 2016-cı ildən başlayaraq artıq 2 monitorinq həyata keçirib. Sonuncu monitorinqin nəticələri bu yaxınlarda açıqlanıb və o qədər qənaətbəxş hesab etmək də olmaz.

Ötən saylarımızda monitorinqin nəticələri ilə bağlı məlumat verən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov qeyd etmişdi ki, monitorinqlərə 20-dən artıq sayt cəlb olunub. Monitorinqlər zamanı saytların yazı dilində leksik, üslubi, qrammatik pozuntular aşkarlanıb.
"Biz hər zaman bildiririk ki, monitorinqlərin aparılmasında məqsəd hansısa KİV-i qınamaq deyil. Dil qüsurlarını aşkarlamaqda məqsədimiz yalnız Azərbaycan ədəbi dil normalarının qorunmasıdır” deyən Ş.Məmmədov yol verilən dil nöqsanları barədə sayt rəhbərlərinə bildirildiyini və onların da nəticələri real qəbul etdiklərini söyləmişdi. Bunu da əlavə etmişdi ki, sayt rəhbərlərinin nöqsanları qəbul etməsi çox sevindiricidir, çünki bu, nöqsanların aradan qaldırılacağına inam yaradır.
Bəs elektron mediada Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısının alınması üçün hansı addımlar atıla bilər?

"Yenilikçilik” dilimizi korlayır

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət "Şərq”ə açıqlamasında xəbər saytlarında ciddi dil pozuntularına yol verildiyinin həqiqət olduğunu dedi:
- Həqiqətən də, xəbər saytlarının dili bəzən çox bərbad görünür. Saytlarda ədəbi dil normalarının pozulması hallarına çox yol verilir.

Səbəblər də çoxdur. Mən hələlik, xəbər saytlarının çevikliyini, informasiyanı bacardıqca tez ötürmək, informasiya ardınca qaçmağın müasir jurnalistikanın ayrılmaz parçası olması kimi səbəbləri kənara qoyuram. Başlıca səbəblər fərqlidir: Xəbər saytlarında, ümumilikdə mediada, Azərbaycan dilini gərəkən səviyyədə bilməyən, dil məsələsində naşı, ədəbi dil normalarına bələd olmayanların çalışmasıdır. Təsəvvür etmək belə ağırdır ki, Azərbaycan ədəbi dilinin normalarını bilməyən insanlar bu işlərlə məşğuldur, xəbər yaymaqla, informasiya tirajlamaqla məşğuldur. 

İkinci səbəb, mediadakı sərbəstlikdir. Kim istəyir sayt açır, portal yaradır və başlayır xəbərçiliklə məşğul olmağa. Dünyanın hər yerində belədir. Jurnalistika azaddır, sərbəstdir. Azad olduğu üçün də kim istəyir bu sahəyə gəlir, gücünü, enerjisini bu sahədə sınamaq istəyir. Olansa, dilimizə olur. Naşı, savadsız insanlar dilimizi korlayır. Digər savadsızlar da, belə başa düşür ki, saytda hansısa söz və ya cümlə bu formada yazılıbsa, deməli, düzgünü budur.

Başqa bir səbəb sayt əməkdaşlarının ciddi bədii mütaliədən uzaq olması, uyğun peşə sahibi olmamasıdır. Yəni, bu gün jurnalistika ilə bu peşəyə tamamilə yad insanlar da çalışır. Çalışsınlar, azadlıqdır, sərbəstlikdir. Amma insan hansı sahədə çalışmağı qərarlaşdırırsa, ilk növbədə o sahəni öyrənməli, bələd olmalıdır.

Digər əsas səbəblərdən biri yeni texnologiyaların tətbiqidir. Məsələn, sosial şəbəkələrdə artıq sözlərin qısaldılması, saitlərin ləğvi prosesi gedir. "Salam” sözünü "sm”, "necəsən”i "ncs”, "təşəkkür”ü "tşk” şəklində yazmağa başlayıblar. Guya ki, bu, müasir yazışma formasıdır. Sizə deyim ki, bu "yenilikçilik”də Türkiyə türkcəsinin də az-çox təsiri var. Türkiyədə sosial şəbəkə istifadəçiləri bu cür yazışma formasından gen-bol istifadə edir. Orada bu problem bizdən qat-qat artıq formada ortaya çıxır. Bütün bu faktorlar milli mediamızı korlayan elementlərdir. 

Məlumdur ki, saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Bəzən xəbər başlıqları danışıq dilinin təsiri altında yaranır. Saytlarda ədəbi dilin norma pozuntuları müxtəlif səviyyələrdə özünü göstərir. Bir çox hallarda saytların xəbər mətnlərində leksik, üslubi və qrammatik norma pozuntularına rast gəlinir. Ədəbi dilimizin təmizliyini pozan sözlər işlədilir. Fonetik normanın pozulması halları da var. Mətnlər redaktə olunmadan yayımlanır. Durğu işarələrini hətta düzgün, yerində işlətmirlər. Bunlar hamısı dilimizi bərbad vəziyyətə salır.

Monitorinqlər mütəmadi aparılmalıdır

Bəs çıxış yolu nədədir?

A.Həsrət "bu sualı da gözləyirdim” dedi və təkliflərini bildirdi:

- Hesab edirəm ki, bir neçə variant üzərində düşünülə bilər. Birincisi, işə qəbul edilərkən şəxsin Azərbaycan dilini hansı səviyyədə bilməsi müəyyənləşməlidir. Sayta, mətbuat orqanına əməkdaş işə qəbul edilərkən onun yazı üslubundan tutmuş bədii əsərlərə bələdçiliyinə qədər səviyyəsi müəyyənləşməlidir. Bədii dil həm də bədii qiraət sayəsində formalaşır. Yəni, ədəbi dil normalarını bilmək, dilimizin qrammatikasına bələd olmaq öz yerində, dilin leksik qaydalarını da bilmək vacibdir. Gərək yazıçı və şairlərimizi də tanıyasan, ümumiyyətlə, Azərbaycan dilini biləsən. Amma deyə bilərsiniz ki, bu qədər media bolluğu içində, hansı əməkdaş bunca çətinliyə qatlanar? Düzdür, media bolluğu var. Nəhəng alternativlik mövcuddur.

 İşə qəbul olunmaq istəyən, "bu olmasın, o olsun” deyəcək. Asan şərtlər daxilində çalışacaq redaksiya axtaracaq və tapacaq da. Elə bilirsiz, bütün sayt rəhbərləri, yaxud baş redaktorlar işə qəbul olunmaq istəyəndən Azərbaycan dilinin normalarını nə dərəcədə bildiyini soruşur? Əlbəttə, soruşan da var, soruşmayan, bu cür məsələlərə ciddi əhəmiyyət verməyən də. Ona görə də mən təklif edərdim ki, Nəsimi adına Dilçilik İnstitutu bu məsələ ilə bağlı ciddi düşünsün. Çünki problem həqiqətən də ciddidir. İnstitut yalnız monitorinqlər aparmaqla kifayətlənməsin. Monitorinqlər mütəmadi aparılsın, amma bununla yanaşı Azərbaycan ədəbi dilinin kobud pozulması halları çoxdursa, hətta həmin elektron KİV-in, mətbuat orqanının qapadılması məsələsi də qaldırılsın. Bunu da bilirəm və gözləyirəm ki, bizi tənqid edənlər mütləq tapılacaq, Azərbaycanda söz və fikir azadlığının guya ki, "boğulduğunu” "əsas” gətirib üzərimizə gələnlər də olacaq. Amma biz dilimizin təmizliyini heç kimə, heç nəyə güzəştə getməməliyik. Bizi tənqid edənlərdən də çəkinməməliyik.

Elektron saytların dil qüsurlarına yol verməsi səbəbsiz deyil. Xəbər saytlarında operativlik, xəbəri tez çatdırmaq əsas şərtlərdən biridir. Belə görünür ki, xəbərin yayılma sürəti dil normalarının mühafizəsinə mənfi təsir göstərir. Xəbər ardınca qaçıldıqda dil normalarına riayət etmək istər-istəməz çətinləşir. Bu da müasir xəbərçiliyin reallığıdır. Amma mətbuatın televiziyaların nöqsanları, qüsurları düzəltmək imkanı var. Mətbuat çapa gedənədək jurnalistlər, redaktorlar tərəfindən oxunur. Mətndə rast gəlinən dil qüsurları, qrammatik normaların pozulması hallarını düzəltmək olur.

Jurnalistlər dil kurslarına cəlb olunmalıdır

A.Həsrətin ikinci təklifi jurnalistlərin təkmilləşmə kurslarına cəlb edilməsi ilə bağlı oldu:

- Bu işdə Mətbuat Şurası aparıcı rol oynaya bilər. Təklif edirəm ki, Mətbuat Şurası Nəsimi adına Dilçilik İnstitutu ilə əməkdaşlıq etsin və jurnalistlər üçün dil kursları, seminar və treninqlər təşkil edilsin. Mən əminəm ki, Dilçilik İnstitutunun əməkdaşları fədakar insanlardır, hətta bu işi təmənnasız da icra edərlər. Dilçilik İnstitutunun əməkdaşları jurnalistlərə Azərbaycan ədəbi dilinin normaları barədə təkmilləşmə dərsləri keçsinlər. Hesab edirəm ki, Mətbuat Şurası ilə Dilçilik İnstitutu birgə çox faydalı layihə həyata keçirə bilər. 

Mətbuat Şurası qarşısında bu məsələni şəxsən qaldıracam. İndiyədək jurnalistlər üçün bir çox istiqamətlərdə, bir çox sahələr üzrə seminarlar, treninqlər təşkil olunub. İqtisadiyyatdan tutmuş, dini sahədə materialların yazılış formasınadək. Amma sırf dil qüsurları, ədəbi dil normalarının öyrənilməsi ilə bağlı seminarlara ehtiyac var. Kimsə də özünü öyüb deməsin ki, mən dilimizi bilirəm. Hamımız üçün öyrənməli nələrsə var. Nəticə etibarilə hamımızın məqsədi eyni deyilmi; Azərbaycan ədəbi dilini qorumaq, mühafizə etmək, gələcək nəsillərə ana dilimizi saf şəkildə çatdırmaq?! Elə isə qolumuzu çırmalayıb işə başlamalıyıq. Əsas işimiz, vəzifəmiz də Dilçilik İnstitutuna dəstək olmaq, kömək etməkdən ibarətdir.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb