"İntiharların kütləviləşməsi böyük faciədir" - Psixoloq




2017-ci ilin iki həftəsi ərzində ölkədə intihar edənlərin statistikası məlum olub. 14 gün ərzində 19 nəfər intihar edib, 6 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib. Təkcə yanvarın 16-da 6 nəfər intihar edib. Onlardan biri sağ qalıb. Ümumilikdə intihara cəhd edənlərdən 7 nəfərin həyatını xilas etmək mümkün olub.

Statistikanın dəhşətli olduğunu vurğulayan psixoloq Arzu Müzəffərova "Şərq”ə açıqlamasında bir gündə 6 nəfərin intihar etməsinin görülməyən hal olduğunu deyib. Heç bir ölkədə belə hal yaşanmadığını vurğulayan psixoloq deyib ki, hətta müharibə görən ölkələrdə belə bu qədər insan intihar etmir: 

"İntihar həyatda sağ ikən ruhun ölməyi deməkdir. Həyatda insanın ruhunu qidalandıran yaşama eşqi yaradan güvən və ümiddir. Bəzi situasiyalar nəticəsində isə ümidini, həyata sevgisini itirən və intihar edən insanları (bəlli səbəb və yaş hədlərinə görə) zamanla müşahidə etmişik. Kütləvi intihar hallarının isə artıq bu qədər kütləvi xarakter alması, say hesabına görə artması faciədir”.

İqtisadi böhran səbəbindən insanların çox pis vəziyyətlə rastlaşdığını vurğulayan psixoloqun sözlərinə görə, vətəndaşları intihara vadar edən əsas səbəb pulsuzluq və işsizlikdir. Özünü çarəsiz hiss edən insanlar tək çıxış yolunu ölümdə görürlər.

Psixoloqun sözlərinə görə, baş verən intihar hadisələrinə sadəcə bir ailənin faciəsi kimi baxmamalıyıq. 2 həftədə bu qədər intihar hadisəsinin baş verməsi çox ciddi məsələdir. İntiharın ölkədə kütləviləşməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir: 

"Sosial şəbəkələrdə millət vəkillərinin məlum çıxışları onların güvənsizliyinə səbəbdir. Bütün dünya azərbaycanlıları buna reaksiya verdi. Xalq dövlətin güzgüsüdür. Gözünüzü açın, özünüzü görün! Əgər kütlə faciəyə gedirsə, hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün psixoloqlar səfərbər olub dövlət məmurlarıyla işləməlidir bu cür vəziyyətdən çıxmaq üçün”.

Şəymən