İqtisadi islahatlar reytinqimizi artırır
Beynəlxalq Agentlik Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı maraqlı proqnoz açıqlayıb
Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək. Trend-in məlumatına görə, bu proqnoz "Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən təqdim edilib. "Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu "BB+” səviyyəsində təsdiq edib. Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq.
Qurumun rəyinə görə, bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.
Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, manatın sabit məzənnəsi qeyd edilib.
Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb.
Daha sonra hesabatda qeyd edilir: "Neftin yüksək qiymətləri, "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və "Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək”.
Fitch-in proqnozlarına görə, 2018-ci ildə "Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
Proqnozu dəyərləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə deyib ki, beynəlxalq reytinqlərdə irəliləmək, müsbət proqnozlar iqtisadiyyatda atılan islahat xarakterli addımlarla bağlıdır. İqtisadçı qeyd edib ki, son illərdə Azərbaycanda biznes mühiti inkişaf etdirilib: "Strateji yol xəritələrinin qəbul edilməsi ilə Azərbaycanda yeni bir baxış ortaya qoyuldu. Bu sənədlər ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Strateji yol xəritələri regionlarda investisiya mühitinin daha da yaxşılaşmasına, sərmayənin cəlb edilməsinə, rayonlarda kiçik və orta sahibkarlığın dəstəklənməsinə və işsizliyin aradan qaldırılmasına xidmət edir. Strateji yol xəritələri praktik olaraq sahibkarlığın inkişafı ilə bağlı yeni mexanizm təklif edir. Prosesin bir hissəsi 2017-ci ildə icra olundu. Belə ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun yaradılması, sənaye ilə bağlı xüsusi qurumların təsis olunması sahibkarlığın inkişafına dövlət dəstəyinin olduğunu göstərdi. Praktik olaraq investisiya mühitinin yaxşılaşdırılması hesabına sərmayələrin cəlb edilməsi üçün yeni imkanlar yaradılır. Strateji yol xəritələri də müsbət beynəlxalq proqnozların verilməsi baxımından önəmlidir”.
Azərbaycanın artıq tranzit ölkə kimi fəaliyyətə başladığını bildirən V.Bayramov buna misal olaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışını qeyd edib. O, həmçinin qeyd edib ki, azad iqtisadi zonanın yaradılması ilə bağlı qanun layihəsinin hazırlanması yüklərin Azərbaycan ərazisindən daşınması baxımından mühüm önəm kəsb edir: "Beynəlxalq yükdaşımalar sahəsində elektron xidmətlər inkişaf etdirilib. Bu da xarici sərmayənin ölkəyə axınını artırır. Bununla yanaşı, Azərbaycanda iqtisadi şaxələndirmə sürətlənir. Qeyri-neft sektoru inkişaf etdirilir. İqtisadi şaxələndirmədə hər bir sektorun payının artırılması nəzərdə tutulur. Həmin reytinqlərə bunların da təsiri var”.
İqtisadçı bildirir ki, iqtisadi diversifikasiya hər zaman dövlət başçısının diqqətində olub: "Cənab Prezident İlham Əliyev neftdən kənar iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsinə dair mühüm qərarlar verib. Ölkəmizdə sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları inkişaf edir. Dövlət başçısı bu sahələrin daha sürətlə inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafını özündə birləşdirən strateji hədəflərin əsasını təşkil edir. Qeyri-neft sektorunda mövcud artım tempinin davam etməsi, aparılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftdən kənar və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın tam formalaşmasına imkan verəcək. Bununla da neft ölkəsi olan Azərbaycan iqtisadiyyatda qeyri-neft sektorunun dominant mövqeyə yüksəldiyi ölkəyə çevriləcək”. V.Bayramov hesab edir ki, "Fitch” agentliyinin sözügedən rəyə gəlməsinə təsir edən ən başlıca faktor təbii ki, Azərbaycanda son illər həyata keçirilən islahatlar və bu islahatların dünya miqyasında rəğbətlə qarşılanması ilə bağlıdır: "2014-cü ildən sonra Azərbaycan iqtisadiyyatının diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması baxımından qısa müddətdə gələcək strategiyaya təsir göstərəcək bir mərhələni keçdi. Həm yeni modelin hazırlanaraq tətbiq edilməsi, həm strateji yol xəritələrinin gündəmə gəlməsi və ona müvafiq olaraq neftdən asılılığın aradan qaldırılması istiqamətində addımların atılması nəticə etibarı ilə Azərbaycan üçün yeni imkanlar yaratdı. Xüsusən də struktur islahatlarının davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlarla neftdən asılılığın aradan qaldırılması yolunda ciddi zəmin formalaşdı. Sözsüz ki, neftdən asılılığın aradan qaldırılması qısamüddətli dövrdə əldə ediləcək nəticə deyil. Bu, bir qədər zaman tələb edir. Yenə də deyirəm, strateji yol xəritələrində də neftdən asılılığın tamamilə aradan qaldırılması məhz strateji dövrdə nəzərdə tutulub. Xüsusən 2020-2025-ci illər üçün orta müddətli dövrdə bu istiqamətdə islahatların dərinləşməsi və 2025-ci ildən sonra artıq tamamilə şaxələnmiş iqtisadiyyata nail olmaq ölkəmiz üçün əsas hədəflərdən biridir. Bu baxımdan dünyanın aparıcı reytinq təşkilatlarından biri olan "Fitch” agentliyinin apardığı qiymətləndirmə təbii ki, təqdirəlayiqdir. Ümumiyyətlə, "Fitch” daxil olmaqla digər beynəlxalq təşkilatlar ölkələrlə bağlı beynəlxalq rəyin formalaşmasına birbaşa təsir göstərirlər. Azərbaycanda diversifikasiya ilə bağlı pozitiv məqamların qeyd edilməsi nəticə etibarı ilə həm də ölkəmizdə aparılan islahatlara beynəlxalq dəstək kimi qiymətləndirilə bilər. Bu addım islahatların dərinləşməsi üçün daha çox stimul və zəmin yaradır. İslahatların dərinləşməsi nəticə etibarı ilə Azərbaycanın beynəlxalq hesabatlar, eləcə də qiymətləndirici təşkilatlar tərəfindən verilən rəylərdə mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”. İqtisadçı-ekspertin sözlərinə görə, nəticələr hazırlanan zaman dörd kateqoriya üzrə qiymətləndirmə aparılır: "Burada ticarət azadlığı, iqtisadi azadlıq, o cümlədən biznesə müdaxilə və biznesin azadlığı kimi məsələlərə toxunulur. Həmçinin vergi yükü tipli meyarlar da hesabat hazırlanan zaman əsas indikatorlardan biri kimi götürülür. İndeksdə irəliləməyimiz son dövrlər iqtisadiyyatın liberallaşması yönündə keçirilən islahatların dərinləşməsi, həm də ixracın və idxalın asanlaşması ilə birbaşa bağlıdır. İqtisadi sahədə əldə edilən hər bir uğur ölkəmizin bu siyahıda yüksəlməsinə səbəb olub. 2018-ci il də daxil olmaqla növbəti illərdə islahatların dərinləşməsi ölkəmizin sözügedən hesabatdan başqa, digər beynəlxalq reytinqlərdə də öz layiqli yerini tutmağına şərait yaradacaq”.
Anar