“Sadəcə ermənilər o qədər böyük bir ajiotaj yaradıblar ki, guya o raketlər varsa, məsələ bitib”
280 km məsafəyə uça bilən ballestik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Bu barədə jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Y.Camalov deyib ki, Azərbaycanın üzərində təcrübə-konstruktor işi apardığı 125 hərbi məmulatla bağlı prioritet layihələr hava-yer, hava-hava, yer-yer raketlər ilə bağlıdır: "Hazırda bu istiqamətdə dünyanın bir neçə aparıcı şirkətləri ilə danışıqlar gedir”.
Y.Camalov deyib ki, Ermənistan ordusu ölüm kabusundadır: "Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib”.
Addımı dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycan öz müdafiəsi və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra ölkələrlə danışıqlar aparır. Və bu danışıqlar uğurla başa çatır: "Bir sıra ölkələrdən lazım olan silah-sursat almışıq, bəzi ölkələrlə də bu istiqamətdə işlər davam edir. Bu baxımdan nazirin açıqlaması belə deməyə əsas verir ki, Azərbaycan 2016-cı il üçün qarşısına qoyduğu hədəfləri davam etdirmək istəyir. Hazırda çoxlarının müzakirə etdiyi "İsgəndər” raketləri ilə bağlı Azərbaycanın heç bir narahatlığı yoxdur. Sadəcə ermənilər informasiya savaşı zamanı o qədər böyük bir ajiotaj yaradıblar ki, guya o raketlər varsa, məsələ bitib. Az qalsın demək istəyirlər ki, Azərbaycandan harasa köçmək haqqında düşünün. Amma narahatlığa heç bir əsas yoxdur. Azərbaycanın Hərbi Hava Hücumundan Müdafiə Qoşunlarının imkanları o qədər genişdir ki, çox rahat şəkildə istənilən təhlükənin qarşısını almağa hazırıq. Və ölkəmiz bu istiqamətdə lazım olan hər şeyi edib və bundan sonra da edəcək”.
Ballistik raketlərin üstün cəhətlərinə gəlincə, ekspert söyləyib ki, bu raketlərin aşkarlanması və zərərsizləşdirilməsi xeyli problem olduğuna görə, o raketlərə daha çox önəm verilir: "Ona görə də elə anlayıram ki, bu addım ermənilərin aldığı "İsgəndər” raketlərinə cavab deyil. Bu, illər öncə planlaşdırılmış bir məsələ idi. Bu isə, sadəcə olaraq indi gerçəkləşir. Ona görə də, narahatlığa əsas görmürəm. O ballistik raketlərin canlı qüvvə və texnikanı sıradan çıxarmaq imkanları daha çox olduğuna görə, Azərbaycan həmin silahlara üstünlük verir. Bizdə onun başqa modifikasiyası var, amma daha yeni çıxdığına görə, biz daha yeni raket qurğuları əldə etmək üçün danışıqlar aparırıq. Və o silahlardan bizim Silahlı Qüvvələrimizdə də olacaq”.
Ayyət Əhməd