İstismar müddəti bitmiş avtomobillərin yaratdığı PROBLEMLƏR BÖYÜYÜR

Ölkəmizdə istismar müddəti bitmiş avtomobillərin sayı 3 dəfə artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, belə nəqliyyat vasitələri ekoloji tələblərə cavab vermir. Ona görə də müəyyən müddətdən sonra tullantıya çevrilir.
İstismar müddəti bitmiş avtomobillər yol qəzalarının baş verməsi üçün də zəmin yaradır. Ona görə də həmin avtomobillərin istismarı qadağan edilməlidir. Bu prosesə nəzarət daha güclü olmalıdır ki, neqativ hallar yaşanmasın. Amma görünən odur ki, istismar müddəti bitmiş avtomobillərin sayının 3 dəfə artması nəzarətin zəifliyindən xəbər verir.
Məsələni dəyərləndirən "Digesta” hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Sherg.az”a açıqlamasında sözügedən problemin getdikcə çoxaldığını qeyd edib.
Ekspert bildirib ki, illər ötdükcə avtomobillər köhnəlməyə doğru gedir:
"Belə avtomobillərin istismarı həm ekologiya, həm də yol hərəkətinin təhlükəsizliyi baxımından ziyanlıdır. İstismar müddəti bitmiş avtomobillərlə yol nəqliyyat hadisələri baş verəndə nəticələr daha ağır olur. 2018-ci ilin dekabr ayında "Yol hərəkətinin təhlüksizliyinə dair dövlət proqramı” qəbul olunub. Bu proqramda göstərilir ki, ölkəmizdə nəqliyyat vasitələrinin istismarı üzrə xüsusi tədbirlər planı hazırlanmalıdır. Planlar icra olunmalıdır ki, problemlər aradan qalxsın. Hələlik bu sahədə heç bir addım atılmayıb. Düşünürəm ki, nəqliyyat sahəsində plansız iş görmək asan deyil. Konkret hüquqi mexanizm müəyyən olunmalıdır ki, istismara yararsız olan avtomobillər dövriyyədən necə çıxarılsın və yaxşıları ilə necə əvəzlənsin”.
Ə.Hüseynov qeyd edib ki, dünyanın bir çox ölkələrində istismar müddəti bitmiş avtomobillərlə bağlı problem yaşanıb və yenə də yaşanmaqdadır:
"Avtomobilin hansısa hissəsi tullantıya çevrildiyi üçün ekoloji baxımdan problem olur. Lakin çıxış yolu o deyil ki, belə avtomobillər qırağa qoyulsun və sürülməsin. Burada həmin avtomobilin təkrar emal olunması və zərərsizləşməsindən söhbət gedir. Ona görə də proqram çərçivəsində xüsusi tədbirlər nəzərdə tutulub incəliklərlə işlər həyata keçirilməlidir. 
"Yol hərəkəti haqqında qanun”da texniki baxış deyilən anlayış var. Texniki baxış səmərəli, obyektiv və həqiqi olmalıdır. Ən azından avtomobil sahiblərinin nəzərinə çatdırılmalıdır ki, sizin avtomobillərdə belə texniki problemlər var və gedin bunu həll edin. Hələlik texniki baxışlardan səmərəli istifadə etməklə problemi nisbətən də olsa həll etmək olar”.
Yeganə Bayramova