Jurnalistikada nitq mədəniyyəti ürəkaçan deyil

Vəziyyətdən çıxış yolu dilimizi yaxşı öyrənməkdir
Eyni zamanda bu işə peşəkarlar cəlb olunmalıdır



Televiziyada, radioda, yazılı və elektron mediada nitq mədəniyyətinin xüsusi önəmi var. Bu amil həm ana dilimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, həm də səlis danışıq tərzinin formalaşmasında mühüm rol oynayır. Diqqət yetirmisinizsə, qardaş Türkiyənin televiziya kanallarında danışıq səviyyəsi çox yüksəkdir. Söhbət təkcə televiziya və radio aparıcılarının danışıq tərzindən, ləhcəsindən getmir. Eyni zamanda, hər hansı verilişə qonaq qismində dəvət olunan şəxslərin də nitqinin rəvan və səlis olması şərtdir.

Çünki televiziya və radioda sözün təsir qüvvəsi bütün təbliğat vasitələrindən seçilir. Televiziyanın informasiya vermək imkanlarını, şüurlara təsiretmə mexanizmini nəzərə alsaq, efirləri milyonların tribunası adlandırmaq olar. Nitq mədəniyyətinin lazımi səviyyədə formalaşmaması məsələsindən dəfələrlə yazılıb. Bu istiqamətdə müəyyən addımlar atılmasının vacibliyi qeyd olunub. Ancaq təəssüflər olsun ki, nitq mədəniyyəti ilə bağlı vəziyyət hələ də acınacaqlı olaraq qalır. Halbuki ekran və efir mədəniyyətinin əsas qollarından biri məhz nitq mədəniyyətidir. Problem xüsusən televiziyalarda özünü açıq şəkildə göstərir. Həm aparıcıların, həm də verilişlərə dəvət edilən qonaqların sözləri biri-birinin ardınca deyə bilməməsini çoxlarınız müşahidə edirsiniz. Aparıcıların danışığında səhvlər həddindən artıq çoxdur. Aparıcıların danışığında intonasiya yoxdur. Danışanda tələsirlər, tamaşaçını, dinləyicini nəzərə almırlar. Daha çox alınma sözlərdən istifadə edirlər. Eyni zamanda bəziləri terminlərdən daha çox istifadə etməklə savadlı və ağıllı olduqlarını göstərməyə çalışırlar. Ancaq terminlərdən daha çox istifadə hələ savadlı olmaq demək deyil. Nitq mədəniyyətilə bağlı vəziyyət radiolarda daha acınacaqlıdır. Bu səbəbdən əksəriyyət radiolara qulaq asa bilmir. Şou proqramlarda, musiqi verilişlərində isə vəziyyət dözülməzdir. Məşhur fransız yazıçısı Viktor Hüqo deyir ki, "dil billur şüşəyə bənzəyir, onun parlaqlığı təmizliyindən asılıdır”. Biz ilk növbədə dilin təmizliyini qoruyub saxlamalı, sonra isə nitq mədəniyyətinin formalaşması ilə bağlı ciddi addımlar atmalıyıq. Çünki nitq və danışıq kamil olanda qarşı tərəfin qəlbinə yol tapır. Nitq fərdidir, hər bir şəxsin özünə məxsusdur. Ancaq şəxslərə məxsus olan danışıq meyar deyil. İstənilən fikri, informasiyanı, elmi, bədii məlumatı başqalarına çatdırmaq xüsusi istedad tələb edir. Müasir aparıcıların demək olar ki, əksəriyyətində qüsur hiss olunur. Buna görə də, ədəbi dilin qorunması üçün müəyyən normalar, kriteriyalar müəyyənləşdirmək vacibdir. Bəzi mütəxəssislərin fikrincə, diktor və aparıcıların dilindəki bu və ya digər qüsurlara nəzarət etmək üçün hər bir televiziyada bədii rəhbər olmalıdır. Əsas problem isə odur ki, hazırda nəinki təkcə media cameəsində, ümumiyyətlə, ölkə əhalisinin böyük əksəriyyətində nitq mədəniyyəti lazımi şəkildə formalaşmayıb. Nitq mədəniyyətinin formalaşmamasının əsas səbəblərindən biri insanların kitab oxumaması göstərilir. Hamı öz fikir və mülahizələrini doğma ana dilində ifadə etmək qabiliyyətinə yiyələnməlidir. Bəzən fikirləşirlər ki, nitq mədəniyyəti dilçilər, ədəbiyyatçılar, müəllimlər üçün daha vacibdir. Ancaq bu cür yanaşma yanlışdır. Orta məktəbdən insanların nitq mədəniyyətinə diqqət yetirilməlidir.

Problemlə bağlı "Şərq”ə danışan teletənqidçi, professor Qulu Məhərrəmli deyib ki, aparıcıların nitq mədəniyyəti ciddi surətdə tənqid olunsa da, problem həll olunmaq əvəzinə daha da mürəkkəbləşir: "Nöqsanların sayı durmadan artır. Əgər dünənə qədər sadəcə kadrda olan şəxslərin nitqində problemlər var idisə, artıq kadrarxası mətnlərdə də ciddi qüsurlar ortaya çıxır. Onları dinlədikcə adam dəhşətə gəlir. Fikirləşirsən ki, görəsən, bunları oxumurlarmı? Problemlər ənənəvidir. Bizim aparıcılarımız, reportyorlarımız Azərbaycan dilinin qaydalarına məhəl qoymurlar. Fikirlərini səlis formalaşdırıb ifadə etmirlər. Təbii ki, bu iradlar hamıya aid deyil. Amma peşəkarlıqdan uzaq olan, təsadüfən televiziya işinə cəlb olunan insanlar nitqlərində böyük qüsurlara yol verirlər. Sözləri düzgün tələffüz etmirlər, intonasiya doğru seçilmir, üslub tərzi qüsurlu olur. Söz sırasının pozulması isə az qala normaya çevrilib. Problemlərdən biri də odur ki, Azərbaycan dilindəki fellər təzyiqə böyük müqavimət göstərir. Məsələn, biz "başladı” sözü əvəzinə "start götürdü” yazırıq. Amma bu, dilimizin qaydalarına uyğun deyil. Xəbəri və feli bu şəkildə parçalamaq olmaz. Top qapıya tərəf yox, birbaşa qapıya vurulur. Məqsəd topu qapıdan keçirtməkdir. Bu cür ifadələrin işlədilməsi Azərbaycan dilini bilməməkdən irəli gəlir. Bəzi aparıcılar sevdiyi, seçdiyi, işlədiyi peşənin məsuliyyətini dərk etmirlər”. Professor vəziyyətdən çıxış yolunu da göstərib: "Yeganə çıxış yolu dilimizi yaxşı öyrənməkdir. Həmçinin, bu işə peşəkarlar cəlb olunmalıdır. Ən əsası isə ümumi prosesə ciddi nəzarət edilməlidir. Əks halda dilimizin qazandığı uğurları, formalaşdırdığı normaları itirə bilərik. Bəziləri elə davranır ki, sanki Azərbaycan dilində qayda-qanun yoxdur. Necə bilirlərsə, o cür danışırlar. Dilin qaydaları tənzimləyici normalardır. O normalara mütləq əməl etməliyik. Əks halda bu cür narazılıqlar ortaya çıxacaq”. Ekspert bildirib ki, televiziyada çalışan baş və məsul redaktorlar, prodüserlər bu işi diqqət mərkəzində saxlamalıdır: "Qloballaşma şəraitində dilimizi inkişaf etdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət proqramı hazırlanıb. Həmçinin, televiziyaların bir çoxunda Dil Şuraları fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, həmin Şuralar formal işləyirlər, proseslərə müdaxilə edə, məsləhət verə bilmirlər. Televiziyanın başqa qüsurları da var. Amma dil dərhal nəzərə çarpır və tamaşaçını qıcıqlandırır”. Q.Məhərrəmlinin sözlərinə görə, arzu olunan odur ki, aparıcılar efirə çıxana qədər yaradıcılıq laboratoriyasından keçsinlər: "Televiziyada xəbər aparana qədər reportyorluq etsinlər, kadrarxası mətnləri oxusunlar və s. Tədricən özlərini efirə hazırlasınlar. Yoxsa bizdə küçədən tutub gətirirlər və ekrana buraxırlar ki, get veriliş apar. Sonra da başlayırıq, danışa bilməyən aparıcılara dil öyrətməyə. Bax, bu vəziyyətə son qoymaq lazımdır. Aparıcılar əvvəlcə dili öyrənib, sonra efirə çıxmalıdırlar”. Teletənqidçi dövlət və özəl kanallar arasında müqayisə də aparıb: "Azərbaycan Televiziyasının və radiosunun (AzTV) formalaşmış bir ənənəsi var. Bu televiziyada uzun müddət peşəkar media nümayəndələri, mütəxəssislər çalışıblar. Xüsusən, AzTV-nin radiosu xeyli vaxt dil və danışıq baxımından örnək olub. İndiki dövrdə də televiziyada müsbət meyillər var. Ancaq son zamanlar müəyyən problemlər yaranıb. Məsələn, "Xəbərlər” proqramını izləyirəm, oxunan mətnlərə qulaq asıram. Düzdür, aparıcıların dilində xüsusi qüsur tutmaq olmaz, amma onların oxu tərzi bizi qane etmir. Məsələn, "Xəbərlər” verilişini uşaq proqramlarının intonasiyası ilə oxumaq olmaz. Eyni zamanda xəbərlərin durğun, necə deyərlər, ölü intonasiya ilə təqdim edilməsi də yanlışdır. Bu cür nöqsanlar çoxdur. Amma ortada faktlar olmadığı üçün ciddi dil qüsurlarından danışmaq olmaz. Bir məsələni də vurğulayım ki, bəzən dövlət və özəllər arasında fərq qoymaq o qədər də mümkün olmur. Çünki vaxtı ilə dövlət kanallarında çalışan aparıcılar indi özəl televiziyalarda işləyirlər. Onların danışığında yanlışlıq az olur. Ancaq ümumi ənənəyə sahib olan AzTV digər kanallardan fərqlənir. Bu mənada özəl televiziyaların dil xətaları çoxdur”.

Teletənqidçi, hüquqşünas Xanlar Xoca da teleradio sahəsində vəziyyətin çox acınacaqlı olduğunu deyib: "Aparıcı kimi efirə çıxanların 99 faizi savadsız və nitq mədəniyyətindən, ədəbi dil normalarından xəbərsiz təsadüfi adamlardır. Bunun nəticəsidir ki, AMEA Dilçilik İnstitutu monitorinq keçirəndə hər dəfə xeyli qüsurlar aşkar edilir. Amma təəssüf ki, monitorinqlərdən heç bir nəticə çıxarılmır. Bu gün qəzet jurnalistikası ilə müqayisədə telejurnalistika axsaq yabıya bənzəyir. Aparıcılar çox vaxt ləhcə ilə, ya da küçə üslubunda danışırlar. Efirlərdə Roza Tağıyeva, Nailə İslamzadə, Aydın Qaradağlı kimi danışan bircə nəfər də yoxdur ki, adını misal çəkəsən. Əlbəttə, problemləri deyiriksə, çıxış yolunu da göstərməliyik. Məncə, çıxış yolu MTRŞ-yə savadsız aparıcıları efirdən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsidir. O halda yararsız, savadsız, arxa qapılardan keçib efirə buraxılanlar dərhal yayımdan uzaqlaşdırıla bilər. Əgər qadağa olarsa, hər kəs öz üzərində işləyəcək, məsuliyyət hiss edəcək və dil normalarına uyğun danışacaq. Efir dilimizin təbliği üçün çox güclü vasitədir. Bu gücü səviyyəsiz aparıcıların ümidinə buraxsaq, Ulu Öndərimiz tərəfindən adı özünə qaytarılan Azərbaycan dilindən heç nə qalmayacaq”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb