Jurnalistlər merə cavab verdi: "Hacıbala Abutalıbovu sel götürüb, aparanda da yazacağıq"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistləri lağa qoyub. Mətbuata çox az hallarda açıqlama verən, danışdığı zamanda qeyri-adi açıqlamaları ilə gündəmi zəbt edən Bakı meri bu dəfə jurnalistləri "ələ salıb” və KİV nümayəndələrinə qarşı növbəti qərəzli münasibət ortaya qoyub.
O "ATV-Xəbər”ə müsahibəsi zamanı aramsız yağışlar zamanı Bakının küçə və həyatyanı sahələrinin su altında qalması ilə bağlı reportajlar hazırlayan jurnalistlərə arx qazmaq "məsləhət”ini verib.
Bakıya sonuncu yağış yağan zaman Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: "Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin, nə olardı ki?"
Atalarımızın bir belə bir məsəli var: "Məsləhətli don gen olar”. Bu mənada Bakı merinin bu iradı ilə bağlı jurnalistlərimizin düşüncələri maraqlıdır?
Qeyd edək ki, məsələ ilə bağlı Parlament Junalistləri Birliyi (PJB) ölkə jurnalistlərinə müraciət edib. PJB sədri Elşad Eyvazlı modern.az-a açıqlamasında Bakı merinin jurnalistlərlə bu cür rəftarının birinci dəfə olmadığını deyib: 
"Sankı jurnalistlər Hacıbala Abutalıbov üçün "JEK” işçiləridir”.
PJB-nin ölkə jurnalistlərinin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında "lopatka”aksiya keçirməsini təklif etdiyini vurğulayan E. Eyvazlı hesab edir ki, Hacıbala Abutalıbov dəfələrlə jurnalistlərə qarşı qeyri-etik davranış nümayiş etdirib. O, bu kimi danışıqları üçün izahat verməlidir: "Bütün jurnalistlərə müraciət edirik. Hacıbala Abutalıbovun jurnalistləri lağa qoymasına etiraz olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirək. Aksiyaya qatılacaq jurnalistlər əllərində bel götürsünlər. Biz aksiyanın keçirilməsi ilə bağlı icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Jurnalistlərlə bu şəkildə davranmaq yetər. Biz Azərbaycanda məmurların jurnalistlərlə belə davranışına son qoymalıyıq”.
"Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri, "Strateq.az” saytının redaktoru Xəqani Səfəroğlu isə şəxsi feysbuk hesabında belə yazıb: 
"Jurnalistikada onsuz da pul yoxdu... Arx qaza, xəndək təmizləyə bilirəm. Ot yığmağı da bacarıram... Canımı dişimə tutub divar da hörə bilərəm. Hacıbala müəllim iş versə işləyərik... Vətənə canımız fəda olsun!
"Azadinform” İnformasiya Agentliyinin baş redaktorunun müavini, jurnalist Elçin Bayramlı isə hesab edir ki, Bakı merinin açıqlaması anormal söhbətdir və bir şəhər rəhbərinə başucalığı gətirməz: 
"Hərənin öz işi var və öz işini görməlidir. Görmürsə işdən azad edilməlidir. Məsələ bu qədər sadədir”.
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) sədri Müşfiq Ələsgərli isə məsələyə iki kontekstdən yanaşmağın vacib olduğunu deyib:
"Jurnalistin işi yazmaqdır. Ümumiyyətlə, jurnalistlərin işi problemlərdən yazıb, onları qabartmaqdır. Jurnalistlər bu problemləri qaldırmalı, onların mövcudluğunu üzə çıxartmalıdır ki, problemlərin aradan qaldırılması üçün tədbirlər görülsün. Jurnalistlərdən başqa funksiya tələb eləmək olmaz.
Jurnalistikanın vəzifələri, jurnalistlərin görməli olduğu işlər barədə Hacıbala müəllim özü də məlumatlıdır. Təbii ki, onun bu sözünü zarafat, ya da yumoristik yanaşma kimi qəbul eləmək olar. Hacıbala müəllimin karyerası dövründə bu cür situasiyalar tez-tez ortalığa çıxır. Əlbəttə ki, dövlət rəsmisi olduğu üçün onun sözləri çox vaxt ciddiyə alınır. Hacıbala müəllim həm də zarafatı xoşlayan bir insandır. O baxımdan hesab edirəm ki, məsələnin qabardılmasına və üstünə gedilməsinə ehtiyac yoxdur. Gəlin bunu  bir zarafat kimi qəbul edək”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova isə "Şərq”ə açıqlamasında merin bu fikrinə təəccüblənmədiyini deyib. Çünki normal mətbuat xidməti olmayan, ünvanlanan sualları cavabsız qoyan, son on ildə bir dəfə də olsun ictimaiyyətə hesabat verməyən, mətbuat konfransı keçirməyən bir qurum rəhbəri jurnalisti çilingər donunda da görə bilər, elektrik donunda da: "Təbii ki, hər kəsin öz işi var. Jurnalistin işi problemi görmək, araşdırmaq, ictimailəşdirməkdirsə, aidiyyatı qurumun da işi o problemə reaksiya vermək, həll etməkdir. Problemin çox olduğu sahələrdən biri də şəhərin infrasrtukuru ilə bağlı olduğu üçün merə problemlərin qabardılması sərf eləmir. Ona görə də jurnalistdən fəhlə düzəltməyə çalışır. Bundansa Hacıbala Abutalıbov gördüyü və görmədiyi işlərin hesabatını versin, jurnalistlərin suallarını cavablandırsın”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də "Şərq”ə açıqlamasında belə deyib:
 " Yəqin Hacıbala Abutalıbova elə gəlir ki, hələ SSRİ dağılmayıb, həftədə bir dəfə, yaxud da hansısa təbiət hadisəsi baş verəndə hər kəs iməciliyə cəlb olunmalıdır. Jurnalistin öz işi var, ironik olaraq qeyd edə bilərəm ki, hətta Hacıbala Abutalıbovu sel götürüb aparanda da jurnalistin işi bu səhnəni çəkib işıqlandırmaqdan ibarətdir”.
Şəymən