"Bütün dünyada bu cür hadisələr baş verə bilir. Amerikanın, Belçikanın da qazı zəhərlidir?"
Kabus geri döndü
Havalar soyuduqca dəm qazından zəhərlənmələr, ölüm xəbərləri artır
"Bütün dünyada bu cür hadisələr baş verə bilir. Amerikanın, Belçikanın da qazı zəhərlidir?"
"Bütün dünyada bu cür hadisələr baş verə bilir. Amerikanın, Belçikanın da qazı zəhərlidir?"
Bütün dünyada bu cür hadisələr baş verə bilir. Amerikanın, Belçikanın da qazı zəhərlidir? Dünyada ən təmiz qaz Azərbaycan qazıdır. Qazın tərkibi karbon və hidrogenin birləşməsindən əmələ gələn metan qazından ibarətdir. Əgər əhaliyə verilən qaz təmizlənmirsə, tərkibi zəhərlidirsə, niyə əhali kütləvi şəkildə dəm qazından zəhərlənmir, ancaq tək-tək ailələrdə baş verir
Dəm qazı kabusu can almağa davam edir. Havalar soyuduqca da dəm qazından zəhərlənmələr, ölüm xəbərlərinin intensivləşməsi isə istisna olunmur. Çünki ötən illər dəfələrlə işıqlandırdığımız, hətta həyəcan siqnalı çaldığımız qeyri-standart qaz cihazları, mənzillərdə təhlükəsizlik qaydalarına riayət olunmaması və "qaz təmiz deyil” iddiaları bu il üçün də aktualdır. Hər nə qədər aidiyyəti qurumlar qazın tərkibinin standartlara uyğun olduğunu desə də, biz gördüyümüzə inanırıq. Bir sözlə, "Qazan deyir dibim qızıldır, çömçə deyir kimə gəlirsən, indicə baxıb qayıtmışam” məsəlində olduğu kimi rəsmi qurumların açıqlaması ilə reallıqlar üst-üstə düşmür. Quba sakini 33 yaşlı Əliyev Etibar Səməd oğlu da yaşadığı evin vanna otağında çimərkən hamama qaz dolması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə dəm qazı kabusunu törədən səbəblərin çox olduğunu deyib.
Onun fikrincə, əsas səbəb vətəndaşların səhlənkarlığı, özbaşınalığı və müvafiq qanunları yox saymasıdır. Çox mükəmməl qanunlarımız, qazdan, elektrikdən təhlükəsiz istifadə qaydalarımız var, amma çox təəssüflər olsun ki, bizim insanlar qanunlara hörmət etmir, qaydalara əməl etmirlər:
"Qanun tələb edir ki, tüstü bacaları düz axımlı kalonkalardan düzəlməlidir, ən azı 6 aydan bir bu bacalar təmizlənməlidir. Ancaq bizdə tüstü bacaları, ventilyator yiyəsiz qalıb, 30-40 ildir təmizlik üzü görmür. Hisdən onların içərisində qurum əmələ gəlir, gəmiricilər yuva qurur. Sakinlər otaqların yerini dəyişdiklərindən havaçəkən dəlikləri də bəzən qapatmış olurlar ki, bu da mənzildə hava dəyişməsinin qarşısını alır. Bacaları təmizləmək "Azəriqaz”ın işi deyil axı. Qanun göstərir ki, tüstü bacalarını ev sahibi və ya mülkiyyət sahibi təmizləməlidir. Binalarda bu işə mənzil-kommunal təsərrüfatı idarəsi baxmalıdır.
Amma nə ev sahibləri, nə mülkiyyət sahibləri özlərini əziyyətə vermək istəyir. Yanğından Mühafizə İdarəsinin isə nəzarət etməyə həvəsi yoxdur. Nəzarət olmayan yerdə isə faciə olur. Qanunda yazılıb ki, istehlakçıların qaz cihazlarında özbaşına təmir aparılması qadağandır, cihazların yerini dəyişmək olmaz. Bütün bunlar üçün qaz təsərrüfatı işçilərinə xəbər vermək lazımdır. Bizim camaatda etinasızlıq, laqeydlik, məsuliyyətsizlik var.
Evinə qaz sobası alır, deyir, özüm ustadan yaxşı bilirəm, başlayır sobanı özü bildiyi kimi quraşdırmağa, səhv quraşdırır, çoxu rezin, ya da plastik borulardan istifadə edir. Halbuki qaz boruları mütləq poladdan olmalıdır. Özləri bildiyi kimi, istədikləri şəkildə mənzildə boruların yerini dəyişdirirlər, havatəmizləyici sistemi - ventilyasiya sistemini sıradan çıxarırlar. Qaz təchizatı "Azəriqaz”ın iştirakı ilə quraşdırılmalı və onların yoxlaması olmadan istifadə edilməməlidir. İnsanlar özləri "Azəriqaz”ın işçilərini çağırmalıdırlar, amma bizdə qapıya gələn işçini yoxlama üçün evə buraxmırlar”.
Ekspert hesab edir ki, qaz sobaları evin damından yarım metr hündürdə quraşdırılmalıdır. Bir kubmetr qazın təmiz yanması üçün 9,5 kubmetr hava lazımdır:
"Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Qazı yanılı qoyub gecə yatmaq olmaz. Dəfələrlə mediada bununla bağlı maarifləndirmə işləri aparılır, amma insanlarda öz taleyinə qarşı laqeydlik var. Qazdan zəhərlənmələr daha çox hamamxanalarda və ya yataq otaqlarında baş verir. Hamamxanaların həcmi 7 kubmetr olmalıdır. Qapısı bayıra açılmalıdır və qapının aşağısında diametri 2,5 sm deşiklər olmalıdır. Pəncərəsi, ventilyasiya kanalı olmalıdır, vaxtaşırı təmizlənməlidir. Bu kanal bir saat ərzində otağın havasını 3 dəfə dəyişməlidir.
Bütün bunlar qanunda öz əksini tapıb, ancaq insanlarımız nə oxumaq, nə də deyilənlərə qulaq asmaq istəyir. Yataq otağında qazı yanılı qoyub yatırlar. Evdən çıxanda qazı ümumiyyətlə söndürmürlər. Çox təəssüflər olsun ki, bu kimi səhlənkarlıqlar onlara özlərinin və əzizlərinin həyatı bahasına başa gəlir”.
Bu cür bədbəxt hadisələrə görə aidiyyəti qurumların günahlandırılmasına, qazın tərkibi ilə bağlı müəyyən şübhələrin olmasına gəldikdə isə N.Qasımov bütün bu iddiaların əsassız olduğunu deyib:
"Görünür, bu iddiaları irəli sürən şəxslərin kimya elmindən xəbəri yoxdur. Bütün dünyada bu cür hadisələr baş verə bilir. Amerikanın, Belçikanın da qazı zəhərlidir? Dünyada ən təmiz qaz Azərbaycan qazıdır. Qazın tərkibi karbon və hidrogenin birləşməsindən əmələ gələn metan qazından ibarətdir. Əgər əhaliyə verilən qaz təmizlənmirsə, tərkibi zəhərlidirsə, niyə əhali kütləvi şəkildə dəm qazından zəhərlənmir, ancaq tək-tək ailələrdə baş verir. Məqsədim kiməsə yarınmaq və yaltaqlanmaq deyil, tam məsuliyyətimlə deyirəm ki, dəm qazından boğulmaların bu qədər geniş yayılması aidiyyəti qurumun yox, istehlakçıların özbaşınalığı səbəbindəndir. İstənilən alimlə bu mövzu ilə bağlı debata çıxmağa hazıram. Ayrılıqda zərərsiz olan karbon və hidrogenin birləşməsindən əmələ gələn metan qazı necə zəhərli ola bilər? Həmin zəhəri kim qatdı ora? Avropa ölkələri və digər inkişaf etmiş ölkələr Azərbaycandan qaz alır. Əgər bizim qazın tərkibinə zəhərli maddə qatılsa, həmin dövlətlər niyə alır?
Mən bu barədə danışmaqdan, insanları başa salmaqdan yorulmuşam, onlar isə qulaqardına vurmaqda davam edirlər. Evə yığılan 0,1 faiz dəm qazı 7 dəqiqədə ölümə səbəb olur. Beyin toxumaları zəhərlənir və ölür. İnsanlar bir az ehtiyatlı və ayıq-sayıq olsalar, "səssiz ölüm”ün qurbanı olmazlar. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin, dəm qazı gözü də acışdırır. Bunlara diqqət etmək lazımdır ki, həyatda qalasınız”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin internet saytında Tibb Xidmətinin dəm qazından zəhərlənmənin profilaktikası ilə bağlı tövsiyələri öz əksini tapıb:
- Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.
Adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilir.
Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. Katalizator əleyhqazın uducu hissəsində yerləşdirilir. Dəm qazı katalizator vasitəsilə oksidləşərək qeyri-toksik xassəli karbon 4-oksidə çevrilir. Oksidləşmə zamanı istilik enerjisi ayrılır ki, bu da nəfəs aldığımız havanı qızdırır. Belə əleyhqazlarla dəm qazının konsentrasiyası 10 faizə qədər olan şəraitdə də nəfəs almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen və s. kimyəvi maddələrdən də qorunmaq olur.
Sözügedən saytda dəm qazı ilə zəhərlənmənin əlamətləri və ilk tibbi qaydaları da öz əksini tapıb. Məlumata görə, küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı hiss edən quru öskürən, görmə və eşitmə hallusinasiyaları ilə üzləşən insanlar, o cümlədən huşunu itirən, qıc olan insanların yaxınları təcili həkimə müraciət etməlidir. Əks halda, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ani ölüm faktı qeydə alına bilər.
Həkim gələnə qədər isə təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək lazımdır. Əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda "CO" markalı əleyhqazlardan istifadə etmək olar. Zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin. Həmçinin otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək və dəm qazının otağa daxil olmasının qarşısını almaq lazımdır.
Şəymən