Kasıblara meyvə bağları verilir

Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib, qazanacaqlar
"Ailə təsərrüfatları nə qədər imkanlı olsa, dövlət özü də varlı olar"


İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə oktyabrın 30-da Lerik rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Birlikdən verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Lerik rayonunda ayrılan 2 hektar ərazidə 312 ədəd qoz ağacı əkilib. Salınan meyvə bağları Lerik rayonunda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi və Bərdə rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək. Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla ümumilikdə 15 000-ə yaxın meyvə ağacları əkilib və 41 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib. Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları oktyabr-noyabr ayları ərzində Quba, İmişli, Qazax, Qəbələ və Göygöl rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında da təşkil ediləcək.

Qeyd edək ki, Lerik rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya ümumilikdə 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. İDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.

İqtisadçı-alim Nazim Bəydəmirli mövzu ilə bağlı "Şərq"ə fikirlərini bildirib. Onun sözlərinə görə, istər ictimai təşkilatlar, istərsə də dövlət tərəfindən aztəminatlı ailələrin ailə təsərrüfatına dəstəyi təqdirəlayiq hərəkətlərdir:

 "Çünki ailə təsərrüfatları nə qədər imkanlı olsa, dövlət özü də varlı olar. Bununla həm də sosial yardım, yoxsulluq, digər müavinətlərlə bağlı hökumətə olunan müraciətlərin qarşısı alınmış olar. Bu baxımdan bu tədbirləri normal qiymətləndirirəm. Amma bəzi şərtlərlə. Yeri gəlmişkən bu layihənin digər önəmli cəhətini də qeyd edək. Vacib o deyil ki, bunu etmək lazımdır, vacib olan məqam bu layihənin necə və hansı şəkildə həyata keçirilməsidir. Dövlət yoxsulluğun aradan qaldırılması istiqamətində müxtəlif layihələr, güzəştli şərtlərlə kreditlər və bu kimi digər imkanlar yaradır ki, vətəndaşlar sosial həyatlarını təmin etmək üçün bunlardan yararlansınlar. Təbii ki, bu layihələr dövlət nəzarəti altında tənzimlənməlidir ki, kreditlərin silinməsi, güzəştli ipotekaların verilməsi və digər məqamlarda yeyintilərə yol verilməsin. Konkret olaraq aztəminatlı ailələr, onlar üçün yaradılan şəraitdən maksimum istifadə edə bilsinlər. 

Ona görə fikrimcə, əslində bu təsərrüfatların ucuz, kredit resurslarına çıxışı asanlaşdırılmalıdır. Sahibkarlıq fəaliyyəti ilə ev təsərrüfatları səviyyəsində məşğul olmaları üçün onlara şərait yaratmaq vacibdir. Yəni dövlətin pay verməsi yaxşıdı, əsas odur ki, o paya həmin insanlar biganə yanaşmasın. Bu baxımdan hesab edirəm ki, icmalar, kəndlər, bələdiyyələr səviyyəsində maarifləndirmə işlərinə də önəm verilməlidir ki, bu layihələri həyata keçirən məsul şəxslər də vəzifələrindən sui-istifadə etməsinlər. Ehtiyacı olan ailələr də qanun çərçivəsində hüquqlarından xəbərdar olsunlar. "Hansı ailələr bu güzəştli imkanlardan yararlana bilər" sualına maarifləndirmə işləri vaxtında aparılarsa, cavab da tapmaq olar. Əsas məqamlardan biri də vətəndaşlara verilən həmin əkin sahələrindən və onlardan istifadə qaydalarını rahatlaşdırmaq məsələsidir ki, burada bazara çıxış xüsusi önəm daşıyır. Bu sistem səliqə ilə həyata keçirilərsə, güzəştdən istifadə edənlərin ailələri sosial yardımdan istifadə etməklə yanaşı, qalan məhsullarını topdansatış məntəqələrinə satmaqla da gəlir əldə etmiş olar. Bunun üçün isə onlara tədarük məntəqələrinın qurulması vacibdir. Adətən belə böyük layihələrə kompleks yanaşmaq lazımdır. 

Əgər hər kəs üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirərsə, faydası çox olar ".
İqtisadçı onu da qeyd edib ki, əhalinin məşğuliyyətini təmin etmək üçün torpağın, iqlim şəraitinin uyğunluğu da nəzərə alınmalıdır: "Bu layihələri həyata keçirərkən paralel olaraq maarifləndirmə məsələsi də qısa müddətdə həllini tapmalıdır ki, müraciətlər könüllü şəkildə reallaşsın. Belə olduğu təqdirdə fermerlər, kəndlilər birgə korporativlər yaradaraq özləri torpaq sahələrini birgə istifadə etməyə maraqlı olarlar. Bu sahədə texnoloji yeniliklərin imkanlarından da yararlanmaq lazımdır. Yəni mexanizasiya nə qədər yüksək olsa, bir o qədər məhsuldarlıq yüksək olar. Bununla da əl əməyinə ehtiyac qalmaz. Bu baxımdan torpağın münbitliyi nəzərə alınaraq torpağın infrastrukturuna uyğun işlər aparılmalıdır. 

Nəzərə alsaq ki, Azərbaycan 9 iqlimdən ibarət bir relyefə malikdir, ölkəmizin ayrı-ayrı rayonlarında müxtəlif kənd təsərrüfatlarını yetişdirmək imkanları var ki, bundan da yararlanmaq lazımdır. Hansı bölgədə hansı kənd təsərrüfatını yetişdirmək məqsədəuyğundu, bu işlər mütəxəssislərin də məsləhəti ilə həyata keçirilməlidir. 

Məsələnin gəlir, maliyyə tərəfi də vacibdir. Buna görə dövlət bölgələrdə tədarük məntəqələrinin sahibkarlar tərəfindən yaradılmasını təşkil etməlidir. Bölgələrdə tədarük-emal müəssisələri yaratmaq üçün sahibkarlara kredit verilməlidir. Burada söhbət ucuz kreditdən gedir, faizdən yox. Bilirik ki, monopoliya olan ölkədə müxtəlif qurumlar, emal müəssisəsi qurumları kiçik emal müəssisələrinin işində əngəl yaradırlar. Məhz monopoliya nəticəsində də əhalinin yetişdirdiyi məhsullar ucuz qiymətə satılır. Çünki rəqabət olmur deyə qiymət kəndliləri qane etmir".

İlahə Əhmədqızı