Şəhidimizin meyiti hələ də düşmən əlindədir, dünya isə susur
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşiklə görüşüb.
Görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub. Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb. Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.
Qeyd edək ki, ötən il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan-Azərbaycan sərhədini pozmağa cəhd göstərərkən, düşmənin həmləsini uğurla dəf edən və qəhrəmanlıqla döyüşüb şəhidlik zirvəsinə ucalan əsgər Çingiz Qurbanovun nəşi hələ də geri qaytarılmır. Erməni tərəfi müxtəlif bəhanələr uydurmaqla şəhidin nəşinin geri qaytarılması prosesini qəsdən uzadırlar.
Bəs, Azərbaycan şəhid əsgərimizin nəşini necə geri qaytara bilər?
Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərovun sözlərinə görə, beynəlxalq qurumların işi-gücü Azərbaycanı "yola vermək”dən ibarətdir:
"Şəxsən mən Anjey Kasprşikin səmimiliyinə inanmıram. Onun Azərbaycana qarşı tutduğu mövqe ilə ermənilərin mövqeyi arasında heç bir fərq yoxdur. Cənab nazirlə görüşdə Kasprşik qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib. Sual edirəm, Çingiz Qurbanovun şəhid olduğu gündən bu yana, o, neçə dəfə Ermənistan rəsmiləri ilə görüşüb, şəhidin nəşiin qaytarılması məsələsini qaldırıb? Əlbəttə ki, belə bir danışıq olmayıb. Əks halda, əllərində bayraq edib, guya böyük səy göstərdiklərini bəyan edərdilər. Açıq-aşkar ermənipərəst mövqedən çıxış edən bir adamın fəaliyyətindən heç bir gözləntim yoxdur. Hətta çox təəssüflənirəm ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə monitorinq keçirmək üçün icazə verir.
Onlar qarşısında tələb qoyulmalıdır ki, Ermənistana şəhidimizin meyitini qaytarmaq üçün təzyiq edilmədiyi təqdirdə bu cür monitorinqlərə icazə verilməyəcək. Belə olan təqdirdə, ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dərhal Ermənistan rəhbərliyi ilə görüşüb bu məsələnin həllinə çalışacaqlar. Digər beynəlxalq qurumlar da bir-iki bəyanat yaymaqla özlərini bu məsələnin həllində maraqlı kimi göstərdilər. Halbuki Çingiz Qurbanovun nəşinin qaytarılması üçün Azərbaycandan başqa fəallıq göstərən bir ölkə yoxdur. Onların atdığı addımlar sadəcə görüntüyə hesablanıb. Şəhidimizin meyiti hələ də düşmənin əlindədirsə, hansı tədbirlərdən danışırlar. Belə çıxır ki, beynəlxalq təşkilatlar Ermənistan qarşısında acizdirlər? Əgər doğrudan da şəhidimizin nəşinin qaytarılmasına çalışır, amma buna nail ola bilmirlərsə, biz onda niyə vaxt itiririk?! Əsgərimizin həlak olduğu gündən az qala bir ay ötür, bu müddət ərzində Azərbaycan kimlərə müraciət etməyib?! Ortada isə heç bir nəticə yoxdursa, biz niyə hələ də özümüzü aldadırıq ki? Bir şəhidi ermənilərin əlindən ala bilməyən qurumlar Qarabağ münaqişəsini həll edəcək, yoxsa işğal olunmuş torpaqlarımızı ermənilərdən azad edəcək?!”
Şəymən