Kəndi və kəndlini dirçəldən islahatlar: Aqrar sahənin böyüməsində dövlət dəstəyinin rolu böyükdür


Heç kimə sirr deyil ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. O da məlumdur ki, hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. 

Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticələrini verməkdədir. Statistikaya fikir verin: 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.


Xatırlayırsınızsa, dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sahədə aparılan islahatlar barədə danışarkən bunları demişdi: “Bu sahə daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq”.


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mətbuata verdiyi açıqlamasında aqrar islahatların əsas istiqamətlərini barədə danışarkən bildirir ki, bu istiqamətlərdən biri idarəetmə sistemində çevikliyin və səmərəliliyin artırılmasıdır. “Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin rayon bölmələri inzibati strukturdan xidmət qurumları olan Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) çevriliblər. DAİM-lərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq fermerlərə 70-ə yaxın xidmət göstərilir. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb, aqrar sahədə 11 assosiasiya yaradılıb. Dövlət dəstəyinin fermerlər üçün daha əlçatan olması, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin etmək üçün Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması prioritet vəzifədir”.

Mərkəz direktoru digər istiqamətdən danışarkən, fermerlərin resurs və xidmətlərlə təminatının daha da yaxşılaşdırılmasını qeyd edib. 

“Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlar nəticəsində texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub. Bununla lizinq bazarında azad və ədalətli rəqabət mühiti formalaşıb, bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub. Fermerlərə baytarlıq, fitosanitar, toxumçuluq və texniki nəzarət üzrə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması üçün nazirliyin nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb”.

Qeyd edək ki, ötən il fermerlərə güzəştlə satılan mineral gübrələrin həcmi əvvəlki illə müqayisədə 72,3 faiz, pestisidlərin həcmi isə 4,5 dəfə artıb. “Aqrolizinq” ASC tərəfindən 6046 ədəd müasir texnika, o cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb. Artıq bu ildən fermerlər texnikanı “Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il faizsiz kredit tətbiq edilməklə özlərinin seçdikləri istənilən şirkətdən əldə edə biləcəklər.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların gətirilməsi tədbirləri də davam etdirilir. Keçən ildən yerli təsərrüfatlardan cins heyvanların alınması mexanizminin tətbiqinə başlanılıb.

2018-ci ildə süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 22,4 min baş və ya 48,1 faiz artıb. Texnikalarda olduğu kimi, fermerlər damazlıq heyvanları da bu ildən “Aqrolizinq” ASC-dən deyil, 60 faiz güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən əldə edə biləcəklər.

Mərkəz direktorunun fikrincə, islahatların 3-cü istiqaməti isə yerli istehsal potensialının daha da gücləndirilməsidir. Hazırda müvafiq xidmətlər və təchizat üzrə bazanın daha da gücləndirilməsi hesabına taxıl və pambıq istehsalı üzrə məhsuldarlığın yüksəldilməsi və istehsal həcminin artırılması üçün zəruri tədbirlər görülür. Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq, badam, qoz və zeytun bağlarının genişləndirilməsi prioritet vəzifələrdəndir. 

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovunun dediyinə görə, bu ilin altı ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcminin artması, Ümumi Daxili Məhsulda aqrar sahənin payının 5,6 faizə yüksəlməsi göstərir ki, aqrar sahədə yüksək inkişaf dinamikası təmin edilib. Dövlət dəstəyi hesabına fermerlərin əsas istehsal vasitələri ilə təminatı yaxşılaşıb, fermerlər üçün əlverişli bazar şərtləri formalaşıb. Nəticədə bu il fermerlərin gəlirləri daha da artıb. 

“Kənd təsərrüfatı məhsullarının ixrac həcminin ötən ilin müvafiq dövrünə nisbətən 27,9 faiz artması ciddi bir göstəricidir, bu həm fermerlərin gəlirlərinin artması, həm ixracda qeyri-neft sektorunun payının yüksəlməsi, həm də xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının öz mövqeyini yüksəltməsi deməkdir. Hər üç prosesdən qazanclı çıxan fermerlərdir. Bu il bütün sahələr üzrə məhsuldarlıq göstəriciləri müsbətdir. Aqrar sahənin bu qədər böyüməsində dövlət dəstəyinin rolu çox böyükdür. Dövlət dəstəyinin hər il daha da genişləndirilməsi bu sektorun daha da inkişafını təmin edəcək, fermerlərin sosial rifah halı daha da yaxşılaşmış olacaq”.

V. Hüseynov deyir ki, kənd təsərrüfatının inkişafında aparılan son islahatların rolu böyükdür. “Bilirsiniz ki, Cənab Prezidentin imzaladığı Fərmanlar əsasında Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə xidmətləri həyata keçirən 4 dövlət xidməti birləşdirilərək Aqrar Xidmətlər Agentliyi formalaşdırılıb. Eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə satışının dövlət-özəl sektor tərəfdalığı çərçivəsində həyata keçirilməsini təmin edən yeni mexanizm formalaşdırılıb. Nəticədə kənd təsərrüfatı texnikası bazarı tam liberallaşıb, qiymətlər 30 faizədək ucuzlaşıb. Eyni zamanda aqrar sahədə yeni subsidiya mexanizmlərinin formalaşdırılmasına başlanıb. Bu islahatlar aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir, onların aqrar fəaliyyətini stimullaşdırır”.