Rusiya-Ukrayna müharibəsində qüvvələr nisbəti dəyişir: “Fərq xeyli azalıb”

  • İlqar Altay: “Rusiya nə qədər zərbə endirirsə, Ukrayna da ciddi zərbələr endirə bilir”

NATO Baş katibi Mark Rütte Rusiyanın Ukraynada davam edən müharibə zamanı itkiləri ilə bağlı açıqlama verib. Rütte Rusiyanın hazırda əlverişli vəziyyətdə olmadığını, iqtisadiyyatının da çətinliklərlə üzləşdiyini bildirib. NATO rəhbəri qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda ay ərzində 40 mindən çox insan itirdiyi iddia olunur:

“Bu rəqəmlər çox böyükdür. Bu, ilk növbədə həmin insanların ailələri üçün dəhşətli xəbərdir”. O, həmçinin Rusiyanın müharibədə böyük insan itkiləri hesabına hərəkət etdiyini və bu vəziyyətin davam etdiyini vurğulayıb. Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. 

Rusiya–Ukrayna müharibəsinin hazırkı vəziyyətini şərh edən İlqar Altay Sherg.az-a  bildirib ki, müharibənin 4 il 7-ci ayında tərəflər arasında hərbi imkanlar baxımından əvvəlki fərq xeyli azalıb. Onun sözlərinə görə, müharibənin ilk mərhələsində Rusiya quru qoşunları say, silah və təminat baxımından üstün mövqedə idi:

“Lakin Ukrayna ordusu həm öz imkanlarını səfərbər edib, həm də Qərbin dəstəyi hesabına bu fərqi böyük ölçüdə aradan qaldırıb. Müəyyən mərhələdə Rusiya İran istehsalı “Şahed” dronlarından istifadə etməklə bu sahədə üstünlük əldə etsə də, Ukrayna sonradan pilotsuz sistemlər üzrə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hətta bəzi istiqamətlərdə Rusiyanı üstələyib. Altayın fikrincə, Rusiyanın ballistik raketlər sahəsindəki üstünlüyü də tədricən azalır. Ukraynanın öz raketlərini istehsal etməsi və Rusiyanın dərinliklərinə zərbələr endirməsi bunu göstərir. Hazırda vəziyyət elədir ki, Rusiya Ukraynaya nə qədər zərbə endirirsə, Ukrayna da Rusiyaya adekvat və ciddi zərbələr endirə bilir. Üstəlik, Ukrayna bu payız quru cəbhəsində də əks-hücum əməliyyatlarına keçib”.

İ. Altay son günlərdə Donetsk istiqamətində Ukrayna qüvvələrinin əks-hücum əməliyyatlarını davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun keçirdiyi əməliyyatlar nəticəsində bir sıra yaşayış məntəqələrində nəzarət bərpa edilib, Rusiya qüvvələri itkilərə məruz qalıb və Ukrayna ordusu Liman istiqamətində irəliləyiş əldə edib:

“Rusiya tərəfi də müxtəlif istiqamətlərdə hücum cəhdlərini davam etdirir və müəyyən ərazilərdə irəliləyişə nail olur. Lakin Kremlin müharibənin ilk mərhələsində Ukraynanı, o cümlədən Kiyevi qısa müddətdə nəzarətə götürmək planı reallaşmayıb. Rusiyanın qarşıdakı qış üçün hazırlığı, böyük ehtimalla, müharibədə nəticə əldə etmək üçün növbəti və mühüm cəhd olacaq. Bu cəhd də istənilən nəticəni verməsə, yaz aylarında Moskvanın sülh danışıqlarına daha ciddi şəkildə yönəlməsi mümkündür”.