KİV-də ictimailəşən müraciətlərə baxılırmı ? - DİN-dən açıqlama





Son vaxtlar bəzi elektron Kütləvi İnformasiya Vasitələrində ayrı-ayrı şəxslərin qəbulla əlaqədar daxili işlər naziri Ramil Usubova müraciətlərinə rast gəlinir. Bir qayda olaraq müraciət müəllifləri əvvəlcə nazirin, o cümlədən daxili işlər orqanlarının ünvanına təriflər yazdıqdan sonra keçirlər sözlərinin necə deyərlər, "mustafası”na: Daxili işlər nazirindən onları 5 dəqiqəliyinə də olsa qəbul etmələrini xahiş edirlər. 

Maraqlıdır, mətbuat vasitəsi ilə ictimailəşən belə müraciətlərə DİN-dən hansı reaksiya verilir ?

Sualmızı cavablandıran nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Sherg.az-a bunları bildirib: 

"Bəli, belə hallara biz də rast gəlirik. Aztanınan bir neçə sayt var ki, sanki məhz bu sahədə ixtisaslaşıblar. Kiminsə müraciətini ictimailəşdirməklə vəd verirlər ki, nazir səni dərhal qəbul edib dinləyəcək. Bununla da onlar rəhbərlik etdikləri mətbuat vasitəsini həm öz qanuni vəzifəsindən yayındırmış olurlar, həm də vətəndaşı aldadırlar. Çünki iş qrafiki daim sıx olan daxili işlər nazirinin KİV-də gedən hər müraciət əsasında qəbullar keçirməsi mümkün deyil. Hamıya məlumdur ki, nazir R.Usubov ayda iki dəfə vətəndaşların qəbulunu keçirir. Bunlardan biri ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Respublikanın müxtəlif bölgələrində, ikincisi isə DİN-in inzibati binasında keçirilir. 

Onu da qeyd edim ki, cənab nazirin ayda iki dəfə olan qəbul günləri barədə əvvəlcədən bütün KİV-də elanlar verilir. Bundan əlavə, DİN-in rəsmi veb saytında (www.mia.gov.az) daimi fəaliyyət göstərən onlayn müraciət forması və nazirliyin rəsmi elektron poçt ünvanı (info@mia.gov.az) da birbaşa müraciət etmək istəyən vətəndaşlarımızın ixtiyarındadır. Buyurub rəsmi qaydada müraciət etsinlər. Əmin ola bilərlər ki, onların müraciətinə operativ və obyektiv şəkildə baxılacaq və özlərinə də bu barədə məlumat veriləcəkdir. 

Müraciətini KİV-lər vasitəsi ilə ictimailəşdirməklə cənab nazirin qəbuluna düşəcəyinə inananlar səhv edir. Bir daha qeyd edirəm ki, belə müraciətlərə baxılmayacaq".