Amerikanın Stenford universitetinin mütəxəssislərinin ötən il apardıqları araşdırmalara görə, konservləşdirilmiş qidalardan istifadə diabet və ürək-damar xəstəlikləri riskini artırır.
Alimlərin fikrincə, bir konserv insan orqanizmində bisfenolun konsentrasiyasını 24 faizədək artırır. Əgər gündə bir konservdən çox istifadə olunarsa, onda bu göstərici 54 faizə çatır. Bisfenol isə ən zərərli maddələr siyahısındadır. Onun orqanizmə olan əsas mənfi təsirlərindən biri diabet və ürək-damar xəstəlikləridir.
Konservlərin həddindən çox istehlak edilməsini yerli ekspertlər də zərərli hesab edir.
Bu barədə "Sherg.az”a fikirlərini bölüşən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da deyib ki, qida zəhərlənmələrinin böyük əksəriyyəti konserv məhsulları ilə bağlıdır:
"Konserv məhsullarının zərərləri nəticəsində zəhərlənmə halları baş verir. Bu zaman ən təhlükəli məqam isə botulizm infeksiyasının qeydə alınmasıdır. Həmin xəstəliyi formalaşdıran infeksiyalar konserv məhsulları, ev və zavod şəraitində hazırlanan turşular, mürəbbə və kompotlarda yaranır, insan orqanizminə ötürülür. Rayon və kəndlərdə, kustar üsulla hazırlanan konserv məhsullarından dəfələrlə zəhərlənmələr baş verib. Təəssüf ki, bu faktların bəziləri ölümlə nəticələnib”.
Konserv məhsullarının yüz ildən çox tarixi olduğunu xatırladan həkimin sözlərinə görə, bunlar təmiz, steril şəraitdə hazırlanıb, qablaşdırılarsa, heç bir problem yaşanmaz:
"Yaxşı təmizlənmiş, qaynadılmış məhsullar sterilizə edilmiş qablara yığılsa, təhlükəsiz istifadə oluna bilər. Konservlərin saxlanma şəraitindən də çox şey asılıdır. Günəş şüalarından qorumaq, sərin və quru yerdə saxlamaq konservlər üçün başlıca şərtdir. Qarşıdan yay ayları gəlir. Konservləşdirilmiş ət, tərəvəz məhsulları, mayonez kimi qidalar daşınanda, mağazalarda satılanda çox zaman saxlanma şəraitində diqqət edilmir. Bir mayonez bankasının günəş şüaları altında 20-25 dəqiqə qalması, onun zəhərli maddəyə çevrilməsinə kifayət edir”.
Ş. Məmmədov onu da əlavə edib ki, yaşlı insanların, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin konserv məhsulları istehlak etməsi məsləhət görülmür.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə konservləşdirilmiş məhsulların həvəskar istehlakçıları olduğunu söyləyib. O bildirib ki, buna baxmayaraq, konserv məhsulları son illər əhalinin gözündən düşür:"Xüsusilə, mal əti konservləri, Ukraynadan, Rusiyadan, Belarusiyadan ölkəmizə gətirilən bu cür məhsullardan imtina edilir. Maraqlıdır ki, yerli konserv məhsullarına üstünlük verilir.
Əslində konserv məhsulları arzuolunan qida deyil. Amma istifadə etdikdə, heç olmasa yerli konservlərə üstünlük vermək lazımdır. Çünki bunların tərkibində qatqılar, uzunmüddətli saxlanma üçün əlavə olunan maddələr azdır.
Dəmir qablarda istehsal olunan konservlərdən üzərində "Qost” yazılanları daha təhlükəlidir. Konserv alarkən, qablaşdırmanın şişməməsinə, saxlama müddətinə və qeyd etdiyim kimi üzərindəki "Qost” yazısına diqqət etmək lazımdır. Meyvə-tərəvəz, süd məhsulları konservlərində isə açarkən üst qatda ağ örtüyün olmaması önəmlidir”.
Aysel Aslan