Kreml AŞ PA kimi tribunanı əldən vermək istəmir

Rusiyanın səsvermə hüququ geri qaytarılsa, bundan Moskva qazanacaq, Kiyev itirəcək




24 iyunda Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçiriləcək. Bundan əvvəl isə AŞ PA reqlament komitəsinin üzvləri Parisdə "Parlament Assambleyasının səlahiyyət və səsvermə ilə bağlı qərarların qəbul edilməsi prosesinin təkmilləşdirilməsi” adlı qətnaməsinin mətnini qəbul ediblər. Əgər AŞ PA millət vəkilləri 24 iyun tarixində Strasburqda yay sessiyası zamanı bu qətnaməni dəstəkləsələr, Rusiya nümayəndə heyətinin Assambleyaya şərtsiz qaytarılması təmin edilə bilər. Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra AŞ PA-da səsvermə hüququndan məhrum edilib.

Mövzunu "Şərq”ə təhlil edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiyaya qarşı sanksiyalar bir neçə dəfə uzadılıb: 

"Rusiyanın AŞ PA-dakı nümayəndə heyəti buna etiraz olaraq 2016-cı ildən başlayaraq qurumun sessiyalarında iştirak etmir. Buna baxmayaraq, hiss olunur ki, Rusiya bu tribunanı əldən vermək istəmir, ona görə də geri qayıtmağın yollarını arayır. Moskva bu məqsədlə Avropada lobbi çalışmalarını genişləndirib. AŞ PA-da Rusiyanın geri qayıtmasında maraqlı olanlar var. Məsələ burasındadır ki, Rusiya AŞ PA büdcəsinin formalaşmasında iştirak edirdi, bu maliyyədən məhrumiyyət qurumda müəyyən ixtisarlara səbəb olub. Odur ki, Avropadan olan bir qrup deputat Rusiyanın təşkilatda səsvermə hüququnun geri qaytarılmasını istəyir. Bu baş verərsə, deməli, qurum Krımın işğalı məsələsini arxa plana keçirəcək. Bu isə Ukraynanın haqlı narazılığına səbəb olacaq. Təşkilatda Rusiyanın xeyrinə lobbiçilik edən avropalı deputatların mövqeyi belədir ki, rusiyalı deputatlar AŞ PA-da tənqidlərə cavab vermə imkanına malik olmalıdırlar. Ancaq rusiyalı deputatlar Krım məsələsində yekdil mövqeyə malikdirlər və onların verəcəyi cavab bəllidir: "Krım Rusiyanındır və Ukraynaya geri qaytarıla bilməz”.

Analitikin sözlərinə görə, bizi maraqlandıran əsas məsələlərdən biri AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin ortaya qoyacağı mövqedir: 

"Dəfələrlə deyilib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və qeyd-şərtsiz Dağlıq Qarabağı Azərbaycan ərazisi saydığı kimi biz də Ukraynanın ərazi bütövlüyünü və Krımın Ukraynaya məxsusluğunu dəstəkləyirik. Ona görə də Krım məsələsində Rusiyanın yanında ola bilmərik. 2014-cü ilin aprelin 10-da Rusiyanın səsvermə hüququnun əlindən alınması məsələsi səsverməyə qoyulanda Azərbaycan nümayəndə heyəti bitərəf qaldı. Növbəti səsvermədə də Azərbaycan nümayəndə heyəti iki variantdan birini seçməlidir: ya bitərəf qalmalı, ya da səsvermə zamanı zalı tərk etməlidir. Rusiyanın lehinə səs vermək Krımın işğalına haqq qazandırmağa bərabər olacaq”.

Ekspertin fikrincə, Rusiya hər dəfə BMT Baş Assambleyasında Azərbaycanın Dağlıq Qarabağla bağlı hazırladığı qətnamələrin əleyhinə səs verir: 

"Buna baxmayaraq, Azərbaycan nümayəndə heyətləri müxtəlif qurumlarda Rusiyanın əleyhinə səs vermirlər. Rəsmi Bakı Kremli qıcıqlandırmaq istəmir. Əlbəttə, Rusiyanın təzyiq və təxribat imkanlarını nəzərə alaraq ölçülüb-biçilmiş qərarları hardasa anlamaq olar. Ancaq ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və bu məsələlərdə Azərbaycan Rusiyanın yanında yer ala bilməz, yer almamalıdır. Əks halda bu bizim Qarabağla bağlı arqumentlərimizi zəiflədər. Ukrayna və Avropa AŞ PA-da Rusiya ilə bağlı kimin necə səs verəcəyini diqqətlə izləyəcək. Bu baxımdan yanlış qərar verə bilmərik”.

İsmayıl