Elxan Şahinoğlu: "...Ona görə də mən bu məsələdə tələsməyin əleyhinəyəm"
Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin İsrailə təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Bu barədə Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, Lapşinin təhvil verilməsi ilə bağlı İsrail hökumətindən Azərbaycanın Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir:
"Sorğu təxminən 5-6 gün ərzində gəlməlidir. Ondan sonra məhkəməyə müraciət edəcəyik”. Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönəlik çağırışlar verməyə görə, məhkum edilib və cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum olunub. Bundan sonra Lapşin özü İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək İsrailə verilməsini istəyib.
Məsələni "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Lapşin İsrail, yaxud vətəndaşlığını daşıdığı digər ölkələrə ekstradisiya edilərsə, həbsdə qalmayacaq. Ekspertin sözlərinə görə, onu Azərbaycandan çıxan kimi dərhal azadlığa buraxacaqlar:"Lapşin sərbəst qalan kimi yenidən Azərbaycan əleyhinə bəyanatlar verəcək, təbliğat aparacaq. Ona görə də mən bu məsələdə tələsməyin əleyhinəyəm. Erməni separatçılarının əlində girovlarımız var. Daim gündəmə gətirməliyik ki, əgər kimlərsə Lapşinin ekstradisiyasını, yəni vaxtından əvvəl azad edilməsini tələb edirsə, o halda girovluqda olan iki vətəndaşımızın sərbəst qalması istiqamətində də işlər görməlidirlər. Əsas da bu tələbi Rusiyadan etmək lazımdır. Bildiyiniz kimi Azərbaycan və Ermənistan dini liderləri Moskvada görüşəcəklər. Böyük ehtimalla həmin görüşdə girovlarımızla bağlı məsələ gündəmə gətiriləcək. Bu baxımdan tələsik qərar verməyin tərəfdarı deyiləm. Lapşinin məhkəməsi yeni başa çatıb. Danışıqları davam etdirmək və Lapşini öz vətəndaşlarımızla dəyişməyə çalışmaq lazımdır”.
İsmayıl