Lavrovun açıqlaması təsadüfi deyil

“Rusiya münaqişənin həllini dondurulmuş vəziyyətdə saxlamağa çalışır”
Məmmədyarov siyasi balans üçün Moskvaya çağırılmışdı

Ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərivəsində xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.

Görüşdə həmçinin, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə müşahidə olunan gərginliyə toxunulub. 

Bu kimi məsələlərin davamlı diqqətdə saxlanılması barədə razılığa gəlinib. Görüşlə bağlı "Şərq”ə fikirlərini bildirən politoloq Natiq Miri deyib ki, Elmar Məmmədyarovun Moskvaya dəvət olunması bir növ protokol xarakteri daşıyırdı: 

"Lavrov bundan bir müddət əvvəl Ermənistan XİN rəhbəri ilə Moskvada görüşərək münaqişənin həlli istiqamətində müzakirələr apardı. Bu kontekstdə Azərbaycan xarici işlər naziri də Rusiyaya dəvət olundu. Ən azından siyasi balans üçün bu addımı atmaq zəruri idi. Ancaq Azərbaycan rəsmiləri özləri də Moskvaya səfər etməkdə və xüsusən Lavrovun dilindən bəzi qaranlıq məqamlara aydınlıq gətirməkdə maraqlı idilər. Çünki Sergey Lavrov mətbuat konfransında beynəlxalq hüquqa, indiyə qədər 
Dağlıq Qarabağla bağlı qəbul edilən bütün qərarlara, Rusiyanın özünün prinsiplərinə zidd açıqlamalar vermişdi. Çox güman ki, Lavrovdan bunlara aydınlıq gətirilməsi tələb edilib. Axı son günlərdə nə dəyişdi ki, Rusiya birdən-birə Kazan formulu ilə bağlı mövqeyini dəyişdi və Ermənistanın tələb etdiyi paket həll variantına üstünlük verdi”. 

Ekspert bildirib ki, ermənilər torpaqların boşaldılması ilə Qarabağın status məsələsinin eyni anda müzakirə edilməsini istəyirlər. Rusiya XİN başçısı da problemi birbaşa rəsmi İrəvanın mövqeyinə uyğun olaraq dəyərləndirdi: 

"Bu da təbii olaraq Azərbaycanda ciddi narazılıq yaratdı. Hələlik, görüş zamanı aparılan danışıqların təfərrüatı ilə bağlı detallar açıqlanmayıb. Əgər Rusiya problemin paket həlli variantına meyl edibsə, E.Məmmədyarovun səfəri bu mövqeyi dəyişə bilməz. Görünür, Rusiya münaqişənin həllini dondurulmuş vəziyyətdə saxlamağa çalışır. Hesab edirəm ki, Lavrovun sözləri təsadüfən ortaya çıxmayıb. Moskva müəyyən mənada rəsmi Bakıya təzyiq göstərməyə çalışıb. Ola bilər, Azərbaycanın atdığı hansısa addımlar Moskvanı narahat edib”.

İsmayıl