“Pasiyentə iki gün ərzində 900 manatlıq hansı xidmət göstərilib?”
“Leyla Şıxlinskaya” klinikasından narazılıq bitmir
“Bəzi həkimlər, tibb bacıları işləri asan olsun deyə, körpəyə süni qida verir”
“Pasiyentə iki gün ərzində 900 manatlıq hansı xidmət göstərilib?”
“Pasiyentə iki gün ərzində 900 manatlıq hansı xidmət göstərilib?”
"Leyla Şıxlinskaya” klinikasında böyük məbləğdə mənimsəmə ittihamı üzrə keçirilən məhkəmə prosesində ilginc ifadələr səslənmişdi. Şahid qismində ifadə verən Xalidə Məmmədova deyib ki, klinikada mama-ginekoloq işləyib. Klinikaya müraciət edənlərin ödənişinin 50 faizi onlara verilib.
Aylıq qazancı 7-12 min manat təşkil edib. Təqsirləndirilən şəxs Polad Əliyev isə deyib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olub, reallıqda isə aylıq 25 min manat alıb. Başqa şahid - bir neçə ilə əvvəl klinikada ginekoloq işləmiş Samirə Tağıyeva da müayinələr və əməliyyatlar üçün pasiyentlər tərəfindən kassaya köçürülən ödənişin 30, sonra isə 50 faizini alıb. Məhkəmə prosesində danışılanlara diqqət edəndə klinikada bir vaxtlar mövcud olmuş mənzərə aydınlaşır.
Amma hazırda da bu klinikadan narazılıqlar var. Tanıdığım gənc xanımın bu günlərdə körpəsi dünyaya gəlib. L.Şıxlinskaya klinikasında. Hamiləlik dövründə xanıma nəzarət eləmiş həkim həm də 2 saylı doğum evində çalışır. Gənc xanım müalicə həkiminin yanına ora gedirmiş. Doğuş yaxınlaşanda həkim xanıma "məsləhət” görüb "Şıxlinskaya” klinikasına gəl. Burda (2 saylıda) lazımi aparatlar yoxdur. Birdən nəsə olar, kömək edə bilmərik. Orda hər cür aparatlar var, şərait yaxşıdır. Uşaq burda doğulsa, sonra ora göndərmək çətin olar, çox xərciniz çıxar. Bəri başdan ora gəl”. Bu minvalla, xanım Şıxlinskaya klinikasına yatırılıb. Ailəsi klinikaya 900 manat ödəniş edib. Ailəyə bildirilib ki, bütün xidmət bu ödənişə daxildir. Lakin sonra onlara əlavə 60 manat da ödəniş etmək tapşırılıb, guya ki, hansısa analiz üçün bu lazımdır.
Doğuşdan sonrakı üçüncü günün yarısında xanım evə buraxılıb. Gənc ananın südü gəlmirmiş deyə, bu iki gün yarımda körpəyə "Nutrilon” süni qidası verilib. Gənc ananı evə yola salan həkim "Bu qidadan verərsən” deyib. İndi ananın südü gəlir artıq. Amma "yaramaz cocuq” "Nutrilon”dan savayı heç nə yemir. Ana südünü əmmir. "Nutrilon”un bir qutusu 25 manatdır. Bir qutu süni qida 3 günə çatır. Xanım da, həyat yoldaşı da 3 gündən bir "Nutrilon” almaq üçün pulu hardan tapacaqlarını fikirləşirlər.
Suallar çoxdur. Pasiyentə iki gün ərzində 900 manatlıq hansı xidmət göstərilib? Pasiyent klinikada nə yeyib, nə içib ki, 900 manata başa gəlir? Ən əsas məsələ? Körpə doğulan kimi niyə ona süni qida yedizdirilib? Ananın südü olmayıb, ona görəmi? Köhnə arvadlar deyir ki, əksər analar adətən eyni vəziyyətlə üzləşir. İlk günlər ananın südü olmur, sonrakı günlər yavaş-yavaş süd gəlməyə başlayır. Ananın öz südü gələnədək xəstəxanadakı digər analar körpələri əmizdirərdi. Amma indi, uşaq olan kimi, süni qidanı yedizdirirlər körpəyə, o da buna öyrəşir, ana südündən imtina edir.
Doğuşdan dərhal sonra körpənin süni qida ilə yedizdirilməsi vacibdirmi?
Bu sualla 20 saylı poliklinikanın həkim-pediatrı Gülsüm Məmmədovaya müraciət etdik. Həkim-pediatr bildirdi ki, körpəyə süni qida yalnız xüsusi göstərişlə və ya çıxılmaz vəziyyət yarandıqda verilməlidir:
- Heç bir qanun, qayda yoxdur ki, körpə dünyaya gəldiyi ilk gündən süni qidalandırılsın. Həkimlər imkan vermir ananın südü gəlsin. Doğulan kimi körpəni süni qida ilə yedizdirirlər. Gözləmirlər ananın südü gəlsin. Doğuşdan dərhal sonra ananın südünün olmaması və ya az olması çox görünən haldır. Ananın südü gəlmirsə, südün gəlməsini təmin edə biləcək müxtəlif vasitələrdən istifadə edilməlidir. Süd gətirən çaylar içirmək olar ən azından. Başqa vasitələr, üsullar da var. Anaya kömək etmək lazımdır. Günlər keçdikcə ananın fiziologiyasında uyğunlaşma prosesi gedəcək və süd də gələcək. Körpənin süni qidalandırılmasına yalnız xüsusi həyati göstərişlər olduqda, çıxılmaz vəziyyət yarandıqda icazə verilir. Bəli, heç südü olmayan analara da rast gəlinir. Amma doğuşdan dərhal sonra ananın südünün gəlib-gəlmədiyini gözləmədən körpəni süni qidalandırmaq qətiyyən yolverilməzdir. Dəfələrlə şahidi olmuşuq ki, baş həkimlər körpənin ana südü ilə qidalandırılmasını tapşırır, ilk günlərdə körpəyə süni qidaların verilməsini qadağan edirlər. Amma yenə eyni vəziyyət təkrarlanır. Süni uşaq qidalarından yerli-yersiz istifadə etmək olmaz. İlk günlərdə körpənin mədəsi onsuz da kiçicikdir və ən az miqdarda ana südü ilə kifayətlənir. Ananın öz südü gəlmirsə, başqa analardan körpəni əmizdirmələri xahiş edilməlidir. Heç bir ana bundan imtina etməz. Amma bəzi həkimlər, tibb bacıları işləri asan olsun deyə, körpəyə süni qida verir. Bununla da körpənin gələcək sağlam həyatını təhlükə altına salırlar. Süni qidalar gələcəyimizin məhvi deməkdir. Çalışmaq lazımdır ki, körpə doğulan gündən ana südü ilə qidalansın, ana südünə alışsın. Ana südünü heç nə əvəz etmir. Ələlxüsus da süni qidalar.
Məlahət Rzayeva