FED uçot dərəcəsini qaldırsa belə Azərbaycana təsiri az olacaq
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini yenə də dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb. FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksər üzvləri isə uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər.
Bu məsələnin artıq uzun müddətdir müzakirə predmeti olduğunu vurğulayan iqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, 2008-ci il qlobal maliyyə-iqtisadi böhranından sonra FED və digər dünya mərkəzi bankları iqtisadi aktivliyi saxlamaq üçün "yumşaq” pul siyasətini həyata keçirdilər: "Həmin vaxtlarda FED dollar kütləsini artıraraq bazara kifayət qədər vəsait buraxdı. Nəticədə isə kriz dönəmində FED-in aktivləri 800 milyarddan 4 trilyona yüksəldi. Bu gün isə Amerika iqtisadiyyatında müəyyən qədər böyümə meyilləri hiss olunur. İşsizlik aşağı səviyyəyə düşüb və hətta bu proses davam edir. Dolların
məzənnəsinin kəskin möhkəmlənməsi isə iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Bu baxımdan, Amerika inflyasiya və digər iqtisadi tendensiyaların ola biləcəyini nəzərə alaraq aktivliyi bir az azaltmaq niyyətindədir. Bunun yolu isə FED tərəfindən dolların uçot dərəcəsinin yüksəldilməsi fonunda dövriyyədə olan dolların geri yığılmasından keçir. Yəni söhbət dolların qiymətinin qalxmasından gedir. Ancaq proses uzun müddət davam edəcəyi üçün artıq dünya iqtisadiyyatı, valyutalararası münasibətlər mövcud duruma hazırlanıb”.
Ekspertin sözlərinə görə, uçot dərəcəsinin aşağı dərəcədə saxlanılmasının Amerika iqtisadiyyatına ziyan verəcəyinə dair gözləntilər olduğu üçün Amerika Mərkəzi Bankının faiz dərəcələrini qaldıracağı gözlənilirdi: "Yəni FED uçot dərəcəsini yuxarı çəkərək pul siyasətini sərtləşdirmək və ucuz dolların bazara verilməsini azaltmaq niyyətindədir. Bununla da bazara buraxdığı 4 trilyon aktivlərin bir hissəsini geri götürməyə çalışır. Amma qısa müddətdə dolların faiz dərəcəsi yüksəldiyi üçün insanlar aktivlərini dollarla saxlamaq istəyirlər”.
FED-in uçot dərəcəsinin mütləq yüksələcəyini proqnozlaşdıran ekspert hətta bunun qaçılmaz olduğunu deyib: "Amerika iqtisadiyyatında ciddi dəyişiklik baş verməzsə, FED uçot dərəcəsini artırmağı hədəfləyir. Prosesin bu ilin sonuna qədər və ya gələn ilin əvvəllərində baş verəcəyini dəqiq demək mümkün deyil. Ancaq onu deyə bilərəm ki, FED uçot dərəcəsini yavaş-yavaş yüksəldəcəyi üçün digər valyutalar üzərində sürətli hərəkəti gözlənilən deyil. Çünki son bir il ərzində dolların digər valyutalar üzərində ciddi dəyər dəyişikliklərini görməmişik. FED uçot dərəcəsini 1 faizin üzərinə qaldırmadığı müddətdə stabilliyin bu şəkildə də davam edəcəyini düşünürəm”.
Konkret olaraq, FED-in qərarının Azərbaycan manatına təsirinə gəldikdə isə C.İbrahimli deyib ki, manat Mərkəzi Bank tərəfindən tənzimlənən valyuta olduğu üçün FED tərəfindən alınan qərarın ciddi bir təsiri olacağı ehtimal olunan deyil: "FED-in alacağı qərarların Azərbaycan manatı üzərində müəyyən təsirləri olsa da, bu, bir o qədər də ciddi əhəmiyyət kəsb etmir. Çünki biz indiyə qədər FED-in aldığı qərarların manat üzərində elə bir basqısını hiss eləməmişik. Manata ölkə daxilində baş verən iqtisadi-siyasi proseslər, daha dəqiq desək, iqtisadiyyatımızın özünün fundamental problemləri daha çox təsir edir”.
Şəymən