Məcburi köçkünlər üçün ayrılan pullar ünvanına rahat çatacaq

Prezidentin fərmanı şəffaflığı təmin edir, bürokratik əngəlləri aradan qaldırır



Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən məcburi köçkünlər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində aylıq müavinət müəyyən edilib. 

Hər bir məcburi köçkün ailəsinin minimum 4-5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, onda bu məbləğ onların aylıq kommunal ödənişlərini rahat şəkildə ödəməyə imkan verəcək. Dövlət bu yolla həm məcburi köçkünlərin sosial müdafiəsini gücləndirir, həm də ünvanlılıq məsələsini daha da dəqiqləşdirir. Bu baxımdan Prezidentin sözügedən Fərmanı həm bu qrupdan olan şəxslər, həm də ümumilikdə ictimaiyyət nümayəndələri tərəfindən böyük məmnunluqla qarşılanıb.

"Əvvəlki güzəşt və ödənişlər birləşdirilir, heç biri ləğv edilmir”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, dövlət başçısının Fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək: "Fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdıracaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən üçdə birini kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər”. Baş nazirin müavini bildirib ki, Fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir. Ə.Həsənov əlavə edib ki, həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq: "Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək”.

"Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, Prezident bütün sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir: "Prezidentin qayğısı erməni işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşları yaşadır və gələcəyə ümidləndirir. Təbii ki, dövlət başçısının qayğısı davamlı olacaq. Dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq. Prezidentin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra o ərazilərdə quruculuqla bağlı çox böyük planları var. İnşallah, onlar da tezliklə yerinə yetəcək”.

"Dövlətin bu addımı vaxtında və məqsədəuyğun tədbirdir”

Özünün də məcburi köçkün olduğunu qeyd edən millət vəkili Elman Məmmədov verilən qərarın vaxtında və məqsədəuyğun olduğunu söyləyib: "Mən bir neçə il icra başçısı vəzifəsində çalışmışam. Hazırda isə qaçqın və məcburi köçkünləri təmsil edən millət vəkiliyəm. Ona görə prosesin mexanizmi haqqında məlumatlıyam. Həmin vəsait qaçqın və məcburi köçkünlərə əvvəl də müəyyən formada ayrılırdı. "Çörək pulu” adlandırdığımız vəsait məcburi köçkünün kartına yüklənirdi, onlar bunu nağd şəkildə ala bilirdi. Kommunal xidmətlərə görə verilən müavinətlər isə ayrı-ayrı təşkilatların hesabına köçürülürdü. Burada belə məsələ yaranırdı ki, ailələrin bəzisi az, bəziləri çox istifadə edirdi. Bu zaman müəyyən söz-söhbət yaranırdı. İndi məqsəd ondan ibarətdir ki, dövlətimiz tərəfindən ayrılan vəsait həmin məcburi köçkünün plastik kartına yerləşdirilir. Artıq bu pul məcburi köçkünün özünün sərəncamına verilmiş olur. Həmin ailələr özləri hesablayır ki, bu verilən puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə ayıracaq. Bununla başqa iddialara yol verilməyəcək. Burada həmçinin qənaət məsələsi nəzərdə tutulub. Bu mənada hesab edirəm ki, dövlətin ehtiyaclı kateqoriyaya aid insanlara istiqamətlənən bu addımı məqsədəuyğundur”.

"Məcburi köçkünlərə ayrılan müavinətin taleyi hansısa qurumdan asılı olmayacaq”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də bildirib ki, cənab Prezidentin məlum fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq. Deputat bildirib ki, buna qədər istər enerji daşıyıcıları, istərsə də çörəklə bağlı qaçqın və məcburi köçkünlərə ayrılan normalar müvafiq qurumlar tərəfindən verilirdi. Bundan sonra hər məcburi köçkünə konkret 36 manat ayrılacaq və onlar birbaşa bu məbləğdən istifadə edə biləcəklər: "Eyni zamanda, vəsait itkisinin qarşısı alınacaq, mexanizmlər sadələşəcək və hər bir qaçqın, məcburi köçkün ona ayrılan vəsaiti özünə uyğun şəkildə istifadə etmək imkanı qazanmış olacaq. Bu mənada Prezidentin fərmanı irəliyə atılmış bir addımdır”. M.Quliyevin sözlərinə görə, fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq, nəinki hansısa qurumdan: "Pul onların kartına oturulacaq, yaxud nağd şəkildə veriləcək, bu, artıq prinsipial deyil. Əsas odur ki, birbaşa özlərinə veriləcək”.

"Şəffaflıq baxımından çox düzgün yanaşmadır”

Mövzunu şərh edən iqtisadçı-ekspert Qalib Toğrul da deyib ki, fərman şəffaflıq baxımından çox gərəklidir: "Məlum olduğu kimi, məcburi köçkünlər üçün ayrılan güzəştlər "çörəkpulu” istisna olmaqla əvvəl kommunal xidmət göstərən ayrı-ayrı qurumların balansına köçrülürdü. Həmin dövlət qurumlarında isə bu vəsaitlərin uçotu şəffaf aparılmırdı. Bəzən bir ailədə həmin kommunal limitlərin çoxu istifadə olunmamış qalırdı və digərlərinin borclarının silinməsinə sərf olunduğu barədə faktlar var idi. İndi isə fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq”. Ekspertə görə, bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün müəyyən edilən 36 manat məqbul məbləğdir: "Çünki elə əvvəlki limitləri toplayanda da təxminən elə bu məbləğ edir, ona görə hər hansı narazılıq ola biləcəyi mümkün deyil. Şəffaflıq baxımından çox düzgün yanaşmadır”.

İsmayıl