Medianı sarıyan xəstəlik hamını təhdid edir

“Reket” jurnalistlərə qarşı mübarizə təkcə Mətbuat Şurasının deyil, həm də cəmiyyətin məsələsidir



Azərbaycanda "reket” jurnalistlərə qarşı həyata keçirilən tədbirlər - hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, o cümlədən, Azərbaycan Mətbuat Şurası ilə peşəkar media orqanlarının əməkdaşlığı müsbət nəticələr verir.

Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket” jurnalistlərin fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb.

 Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi, bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan verir. Heç şübhəsiz, bu, həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qeyri-qanuni əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar. 

Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanlarının fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması, bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında üəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket” jurnalistlərə qarşı mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var. Qeyd edək ki, oktyabrın 27-də "Realliq.info" saytının baş redaktoru İkram Rəhimov saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

"Mən ümumiyyətlə reket fəaliyyəti ilə məşğul olanların adlarının qarşısında jurnalist sözünün yazılmasının əleyhinəyəm”. Bunu "Şərq”ə açıqlamasında "Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli deyib.

Onların bir çoxunun jurnalist olmadığını vurğulayan R.Bəşirli bu cür şəxslərin həqiqi jurnalistləri gözdən saldığını deyib: 

"Biz Azərbaycanda aşağı-yuxarı jurnalist fəaliyyəti ilə məşğul olanları tanıyırıq. Bu adamların əksəriyyəti isə jurnalistika sferasında tanınmırlar. İnsan peşəsindən asılı olmayaraq cinayət törədibsə, buna görə mütləq cavab verməlidir. Bu baxımdan özünü jurnalist kimi xarakterizə edən hansısa şəxs reket fəaliyyəti ilə məşğul olursa, cəzalandırılmalıdır. Lakin məsələ tək cəzayla bitmir. Biz əksər hallarda görürük ki, bəzən jurnalist adlandırılan bu reketlər həbsdən çıxdıqdan sonra yenə də fəaliyyətlərini davam etdirirlər. Ona görə də, cəza tədbirləri ilə yanaşı, onları bu əməllərdən çəkindirmək üçün başqa yollar da tapılmalıdır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrət isə hesab edir ki, bu problemi kökündən həll etmək üçün kompleks tədbirlər həyata keçirmək lazımdır.

Onun sözlərinə görə, Mətbuat Şurası səlahiyyətləri çərçivəsində gücü çatdığı qədər addımlar atır: "Jurnalistikadan sui-istifadə edənlərlə bağlı tədbirlər görürük.

İlk növbədə el qınağının təşkil olunmasıdır, peşə-davranış qaydalarını pozanlara xəbərdarlıq edilməsidir və bundan nəticə çıxarmayanların adlarının "qara siyahı”ya salınmasıdır. Amma bütün bunlar da tam olaraq effektiv metod deyil və biz də bundan o yana gedə bilmirik. Çünki adam gedib yeni sayt və ya qəzet açır, yenə böhtan yazmağa davam edir, vəzifəli şəxsləri hədələyir”.

MŞ İH üzvü təklif edir ki, qanunvericiliyə dəyişiklik və əlavələr edilsin: 

"Məsələn, necə ki, sürücü ağır qəza törədəndə bəlli müddətə sürücülükdən məhrum edilir və yaxud rüşvət alan məmur vəzifəsindən uzaqlaşdırılıb dövlət qulluqçusu kimi fəaliyyət göstərə bilmir, eləcə də jurnalistikada üzqarası olanlara bu peşə ilə məşğul olmaq 6 aylıq və yaxud ömürlük müddətə yasaqlansın.

Çünki başqa yol qalmayıb, xəbərdarlıq edirsən, gedib başqa sayt açır, jurnalist adına ləkə yaxır, jurnalistikanı gözdən salır, çirkin niyyətlərini həyata keçirməyə başlayır. Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə tədbirlər görürlər. Lakin ilk növbədə ictimai qınaq güclənməlidir, ikincisi də qanunvericiliyə dəyişiklik olunaraq sərt tədbirlər həyata keçirilməlidir”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin fikrincə, "reket” jurnalistlərə qarşı mübarizə təkcə Mətbuat Şurasının deyil, həm də cəmiyyətin məsələsidir. Onun sözlərinə görə, mediada reketlik yeni bir şey deyil, bu, neçə illərdir ki, Azərbaycan mətbuatını sarıyan bir xəstəlikdir: 

"Bu xəstəlik cəmiyyəti təhdid edir. Ona görə də biz Mətbuat Şurasında Şikayətlər komissiyasının təklifi ilə müəyyənləşdirmişik ki, bu kimi məramlara, müxtəlif qrupların maraqlarına xidmət edən media vasitələrini və jurnalistləri qara siyahıya salaq. Bu insanların və ya dırnaqarası jurnalistika ilə məşğul olan qurumların, saytların jurnalistikaya heç bir aidiyyəti yoxdur. Bu gün jurnalistika qapalı fəaliyyət sahəsi deyil, hər bir kəs bu sahədə çalışa bilər. Amma bu şərtlə ki, "Kütləvi İnformasiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa, Mətbuat Şurasının qəbul etdiyi müvafiq qaydalara əməl etsinlər. Yəni müəyyən edilmiş etik çərçivədən çıxmasınlar. Çox təəssüf ki, bu gün bir qrup insanlar var ki, jurnalist adından istifadə edib öz korporativ maraqlarına xidmət edirlər. Bu kimi şəxslər təbii ki, qanun qarşısında məsuliyyət daşıyır. Çünki insanların şəxsi həyatına qarışmaq, təhdid etməklə onlardan pul tələb eləmək qanunla qadağandır. Bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddələr təsbit olunub”.

Y.Məmmədli qeyd edib ki, "Reallıq.info” saytı ilə bağlı məsələ də son hadisələrdən biridir. Mətbuat Şurası daim bu kimi hallarla mübarizə aparır. Bu məsələ təkcə Mətbuat Şurasının deyil, həm də cəmiyyətin məsələsidir:

 "Çox yaxşı haldır ki, cəmiyyətin müxtəlif üzvləri bu məsələdə Şuraya yaxından köməklik göstərdilər. Belə "jurnalistlər”in fəaliyyəti ilə bağlı Mətbuat Şurasına konkret şikayətlərlə müraciət etdilər. Mətbuat Şurası da həmin müraciətlər əsasında məsələni araşdırıb onların kimliyi barədə cəmiyyətə informasiya verdi. Bu hadisə artıq hər kəsə dərs olmalıdır ki, qanundan kənar fəaliyyət, insanların həyatına müdaxilə, onları təhdid edən hər bir şəxsin aqibəti belə olacaq”.

"Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli deyib ki, mətbuat cəmiyyətdəki naqislikləri, ayrı-ayrı məmurların özbaşınalıqlarını işıqlandırmalı, burada əsas mənafe ictimai maraqlar olmalıdır. Yəni media, jurnalist öz işini görməli, qanunsuzluqları, özbaşınalıqları açıb göstərməli, ictimai müzakirəyə verməlidir: 

"Əgər jurnalist müşahidə etdiyi məmur özbaşınalığı və ya qanunsuzluq halları ilə bağlı anons verirsə, demək, başqa gizli marağı var. Ya gedib məmurdan bu faktı açıb-ağartmamağın müqabilində rüşvət, hədiyyə alacaq, ya da hansısa işini aşıracaq. Bu, peşə etika qaydalarına uyğun deyil. 15 il öncə Azərbaycan jurnalistlərinin 1-ci qurultayında yaradılmış Mətbuat Şurası daim bu hallara qarşı mübarizə aparıb. "Reket" jurnalistlərin "qara siyahı”sı müəyyən edilib. Bunda məqsəd ictimai qınaq yolu ilə dilənçi jurnalistikaya meyillənən qələm adamlarını bu yoldan çəkindirmək olub. Lakin biz başqa mənzərə ilə rastlaşırıq. Aşkar görünür ki, bəzi reket media nümayəndələri artıq Mətbuat Şurasının özünü belə hədəfə almaqdan çəkinmir, MŞ üzvlərinə hədə-qorxu gəlirlər. Bu artıq dözülməzdir. Bu halda hüquq-mühafizə orqanları işə müdaxilə etməlidir. Fikrimcə, Azərbaycan mətbuatının üz qarası olan reket jurnalistikası ilə mübarizə sərtləşdirilməlidir. Sonuncu qurultayda jurnalistlərin Mətbuat Şurasının vahid "press-kart”ları ilə təmin edilməsi təklifi irəli sürülmüşdü. Hesab edirəm ki, buna yenidən qayıtmaq olar. Ciddi mediada çalışan jurnalistlərin siyahısı bəlli olmalı, onlar vahid kartla təmin edilməlidir. Qalan KİV-lər dövlət qurumlarına buraxılmamalı, onlarla təmas kəsilməlidir. Qaydaları pozanlar da sərt cəzalandırılmalıdır”.

Şəymən

(Davamı olacaq…)