Mən o qədər ağılsız biriyəm ki, səhnəyə içkili çıxım?

Fərda Xudaverdiyev: “Hansı ağlı başında olan sənətçi səhnəyə çıxmağa hazırlaşanda içki içər?”


Tanınmış aktyor Fərda Xudaverdiyev jurnalistlərə hörmətsizlik edib. Aktyor dünən "Nizami” Kino Evində təşkil olunan "Selfinaz 2” stand-ap şousunu təqdim edərkən media mənsublarını qapı arxasında qoyub.

Qeyd edək ki, tədbirə dəvət olunan jurnalistlər stand-apı izləməyə buraxılmayıblar. Konsertinə sərxoş vəziyyətdə qatılan Fərda söyüş söyməkdən də çəkinməyib. Konsertin təşkilatçısı bunu belə izah edib:
"Media mənsubları da bilet alaraq şouya qatılmalıydılar.

İnsidentlə bağlı Fərda Xudaverdiyev "Şərq”ə açıqlama verdi:

"Türklərlə bağlı çəkilişlərim var idi. Əslində layihə sonradan çıxdı. Əvvəldən də danışdıq ki, mayın 5-də mənim çəkilişlərimdi. Yəni konsertlə çəkilişlər üst-üstə düşdü. Konsertin vaxtını dəyişməyimi təklif etdilər, istəmədim. İnsanlara mayın 5-nə söz vermişdim, istəmədim vaxtı dəyişim. Sonra onu da yozardılar. Deyərdilər yəqin çatdırmadılar, filan. Qaldı jurnalistlərə, həmin tədbirə 10-15 jurnalist gəlmişdi. Hörmətlə qarşılandılar, onlara açıqlamalar verdim, suallarını cavablandırdım, getdilər. Mən də səhnəyə çıxmağa hazırlaşırdım. Bilirsiz, səhnəyə çıxan insanda həm həyəcan olur, həm məsuliyyət hissi. Necə deyərlər, mən o az müddəti səhnəyə özümü hazırlamağa çalışdım. Bu məqamda ikinci etap jurnalistlərin gəldiyini bildirdilər. Təşkilatçılarla aralarında yüngül mübahisə də baş veribmiş. Mənə dedilər, mən də çalışdım problemi olmasın. Baxmayaraq ki, artıq səhnəyə çıxmağıma az qalmışdı, mətbuat konfransı da bitmişdi, mən gələn digər jurnalist heyətinə də müsahibə verməyə imkan yaratdım. Dedim mətbuata hörmət etməliyik. Əlavə jurnalist qrupu ilə də görüşdüm. Bildirdim ki, səhnəyə çıxmağıma az vaxt qalıb, amma yenə mətbuatın sualları cavabsız qalmasın. Əslində ikinci dəfə gələnlər məqsədli şəkildə gəlmişdilər. Amma yenə suallarına cavab verməyə çalışdım. İlk sual elə bu oldu ki, "Selfinaz 2” də 16+ olacaq? Əslində aidiyyəti olmayan sual idi. Çünki anonslarda da bildirilmişdi ki, 16+ olacaq. Qaldı 18+ gəlincə, başa salmağa çalışdım ki, qardaş, mənim təqdimatımda olan bu proqramda 18+ də nəyə deyirsən. Necə ki, Türkiyədə Cem Yılmaz stend-ap təqdim edir, sözləri ilə tamaşaçını güldürür, mən də öz stend-apımı təqdim edirəm. Hətta zarafat da edərək, necə deyim, dostcasına 18+ mənasını da izah etdim ki, belə olsaydı, 18+ də olardı. Yəni jurnalistləri özümə yaxın bilib dostcasına izah verdim. Bildirdim də ki, bax, bunları yazmaq üçün demirəm, sadəcə dost kimi sizə 18+ də nə ola bilər, onu izah edirəm. 

Bunu yazmayın. Dedilər, Fərda, heç bir problem yoxdu. Sağollaşdılar, mən də səhnəyə çıxmağa hazırlaşdım. Sonra təşkilatçılardan biri onlar zala girəndə kobudluq edib. Mən hələ tapa bilməmişəm ki, kim edib bu hörmətsizliyi, amma axtarıram, tapacam. İndi bəziləri qərəzlə ora gəlib, qərəzlə də yazı yazmaqla məni niyə qaralamağa çalışırlar? Qaldı içkili olub, söyüş söyməyimə, hansı ağlı başında olan sənətçi səhnəyə çıxmağa hazırlaşanda içki içər? Mən 2 saata yaxın səhnədə olacağımı bilə-bilə sizcə içki içə bilərəm? Bu nə qədər inandırıcı görünür. Mən aylarla bu təqdimata hazırlaşmışam, indi deyirsiz səhnəyə çıxanda içki içərəm? Bu, məntiqə sığır? Mən o qədər ağılsız biriyəm ki, 2 saat tamaşaçı qarşısında stend-ap təqdim etməyi dərk edərək səhnəyə içkili çıxım. Mən sənətə gəldiyim gündən bu günə qədər mənə qarşı qara piar hazırlanıb. İlk dəfə deyil ki. Sadəcə mən bunu yazanları vicdanları ilə baş-başa buraxıram. İnsan vicdanına yalan danışa bilmir”.

Tahirə