“Mənim də, oğlumun da səhhətində irəliləyişlər var" - Könül Xasıyeva

“Əgər mənə dövlət qayğısı göstərilməsəydi, indi yəqin dünyamı dəyişmişdim, sağ olsunlar"


Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva hazırda Bakıdan kənarda müalicələrini davam etdirir.

Səhhəti ilə bağlı "Şərq"ə danışan xanəndə "Bakıdan kənardayam. Oktyabrın sonlarında Bakıya qayıdacam. Qayıtdıqdan sonra xəstəxana şəraitində müalicələrim davam edəcək. Oğlum da yanımdadır. O da ev şəraitində müalicə alır. Bakıya gələndə onun həkimləri ilə də görüşəcəm ki, müalicələrin davamı olsun. Səhhətimdə xeyli irəliləyiş var. Artıq özüm hərəkət edə bilirəm. Ayaqlarımda olan kəskin ağrılar qismən aradan qalxıb. Müalicələrim davam edir. Şükür Allaha, nitqimdə olan problem aradan qalxıb. Nitqim tutulmuşdu, danışa bilmirdim. İndi rahat danışa bilirəm, əllərimin hərəkəti bərpa olunub. Allah ölkə başçımıza, Mehriban xanım Əliyevaya can sağlığı versin. Onların diqqəti, qayğısı sayəsində şükür Allaha ki, səhhətimdə olan problemlər aradan qaldırılır, mənim müalicəm üçün hər bir imkan yaradılır. Oğlumun da müalicəsi gedir. Kazımın müalicəsi üçün maddi sıxıntılarım var idi. Sağ olsun prezidentimiz, mənə təqaüd ayırdı. İndi təqaüdümlə Kazımın da müalicələrinin xərcini ödəyirəm. Uzun müddətdir işləmirəm. Amma təqaüd mənim dolanmağıma imkan verir. Kazım bu il 5-ci sinfə getməlidir . Amma müalicələrə görə hələ məktəbə gedə bilmir. İdmanı, futbolu çox sevir. İdmançı olmaq arzusundadır. Təbii ki, bunun üçün səhhəti imkan verməlidir. Nə deyim ki, əgər mənə dövlət qayğısı göstərilməsəydi, indi yəqin dünyamı dəyişmişdim. Oğlumun səhhəti ilə əlaqədar uzun müddət çətinliklər yaşamışam. Həyatımda olan ağır günlər məni stressə saldı. Az qala canımı tapşırırdım. Bunları yaşayan insan olaraq deyirəm ki, bu günümə şükür olsun. Allah hər kəsə kömək olsun. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Tahirə