Məsələ artıq bitib, deputatlar mandatdan məhrum edilə bilər

Tahir Kərimli: “Dünyada mövcud olan 196 dövlətin içində sadəcə biz bu məsələni gündəmə gətirmişik”


Milli Məclis qalmaqallı sənədin müzakirəsini təxirə salıb. Məlumata görə, "Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşu parlamentin yaz yox, payız sessiyasında müzakirə ediləcək. Hazırda qanun layihəsi üzərində iş aparıldığı bildirilir. Deyilənə görə, qanun layihəsində olan bəzi məqamlar yumşaldılacaq və xeyli dəyişikliklər ediləcək.

Qanun layihəsi parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Lakin müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov və bir neçə deputat qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildiriblər. Xatırladaq ki, layihənin müzakirəsi zamanı etiraz bildirən millət vəkillərindən biri Tahir Kərimli olub.

 Narazı olduğu məqamlarla bağlı "Şərq”ə açıqlama verən deputat deyib ki, bir cümlədən ötrü müxtəlif dillərdə 70-ə yaxın ölkənin konstitusiyası ilə tanış olub. Lakin heç bir dövlətin qanunvericiliyində deputat etik davranışına görə mandatından məhrum edilmir: 

"Dünyada mövcud olan 196 dövlətin içində sadəcə biz bu məsələni gündəmə gətirmişik. Fikrimcə, bu qanun layihəsi bizi cəmiyyət içində nüfuzdan salır. Düzdür, məsələ artıq bitib, mövcud konstitusiyada dəyişiklik edə bilmərik. Ona görə də başqa məqamları dilə gətiririk. Birincisi, konkret qeyd edilməlidir ki, deputat hansı qeyri-etik davranışa görə, mandatından məhrum edilə bilər. Bu məsələ aydın deyil. İkincisi isə şərtləri mürəkkəbləşdirmək lazımdır ki, millət vəkilinin mandatına asanlıqla xitam verilə bilməsin. Deputat əvvəlcə bir neçə dəfə xəbərdarlıq almalıdır, ona töhmət verilməlidir. 

Daha sonra İntizam Komissiyası deputatın işinə baxmalıdır, Ali Məhkəminin rəyi alınmalıdır və s. Tələb olunan şərtlər ağır və çox olmalıdır. Deputatlıqdan məhrumetmə cəzası mexaniki hal almamalıdır. Ona görə də məsələ parlamentdə çox ciddi götür-qoy edildi, müzakirə olundu”. Deputat bildirib ki, bələdiyyə üzvlərinin etik davranış kodekslərində sadəcə xəbərdarlıq və töhmət var. Heç şiddətli töhmət cəzası da yoxdur: "Amma bu boyda deputat hansısa davranışına görə asanlıqla mandatından məhrum edilmək istənilir. Əgər "deputatın etik davranış qaydaları haqqında” qanun qəbul edilərsə, bununla bağlı bir çox sənədlərdə dəyişiklik etmək lazımdır. 

Milli Məclisin daxili nizamnaməsində, Seçki Məcəlləsində və başqa qanunvericilik aktlarında dəyişiklik zəruri hala gələcək. Məncə, bu məsələni təkcə İntizam Komissiyasına həvalə etmək olmaz. Çünki komissiya qərar yox, sadəcə rəy vermək səlahiyyətinə malikdir. Çox yaxşı hal idi ki, spiker Oqtay Əsədov bizimlə razılaşdı və layihəni təkrar baxılmağa və daha dəyərli hazırlanmağa göndərdi. Onu da bəyan edim ki, bizdə bütün sahələr üzrə etik davranış kodeksləri qəbul olunur. Amma onların 80 faizi eyni mahiyyətə malikdir. Fikrimcə, polis, ədliyyə, hakim, bələdiyyə və digər sahələr üzrə ümumi etik kodeksi müəyyən etmək, hamısına eyni prinsiplə yanaşmaq mümkündür”.

İsmayıl