Reklam böyük bir biznes və böyük idarəçilikdir. Bu mənada media orqanlarımızda bu ənənə yavaş-yavaş formalaşmağa başlayır
Mətbuatın reklam problemi var
Menecerlik zəifdir, özəl sektor isə çap mediasına isti yanaşmır
Reklam böyük bir biznes və böyük idarəçilikdir. Bu mənada media orqanlarımızda bu ənənə yavaş-yavaş formalaşmağa başlayır
Reklam böyük bir biznes və böyük idarəçilikdir. Bu mənada media orqanlarımızda bu ənənə yavaş-yavaş formalaşmağa başlayır
Mətbuatın əsas problemlərindən biri reklam məsələsidir. Bu gün xüsusən çap mediası reklamsızlıq yaşamaqdadır.
Əsas səbəb isə potensial reklamçıların qəzetlərlə işləməkdən yayınmasıdır. Araşdırmalar göstərir ki, burada əsas günahkar tərəf kimi özəl sektor özü çıxış edir. Belə ki, özəl sektor KİV-lə, xüsusən də qəzetlərlə işləməkdə o qədər də maraqlı deyil.
Bu problemlər isə birmənalı olaraq, Azərbaycanda çap mediada menecment sahəsində vəziyyətin qənaətbəxş olmadığı faktını ortaya çıxarır. Elə ekspertlər də etiraf edirlər ki, hələ Azərbaycan çap mediasında menecer fəaliyyəti öz sözünü deyə bilmir. Media Menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzudur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.
Bu günlərdə jurnalistika fakültəsində "Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyasından sayca ikinci olan "Müasir mediada reklam və marketinq” kitabının təqdimatı keçirilib. Tədbirin moderatoru elmi işçi Samir Mirzəyev "Müasir mediada reklam və marketinq” kitabı barədə qısa məlumat verib. S.Mirzəyev qeyd edib ki, topluda reklam və marketinq probleminə müxtəlif istiqamətlərdən diqqət yetirilir. Azərbaycan mətbuat tarixində reklam ənənələrindən başlayaraq müasir mediamızda sözügedən sahədə mövcud olan vəziyyət nəzərdən keçirilir.
Tədbirdə iştirak edən kitabın elmi redaktoru, professor Nəsir Əhmədli, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu İnformasiya Təminatı sektorunun rəhbəri, dosent Xatirə Hüseynova, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli, Tarix fakültəsinin dosenti Səidə Quliyeva, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva, dosentlər Ayaz Musayev, Zaur Babayev, Məmmədismayıl Mehdiyev çıxışlarında kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndiriblər və bu kimi tədbirləri təşkil etdiyi üçün fakültə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Nəsir Əhmədli olan toplunun redaksiya heyətinə professorlar Cahangir Məmmədli, Şamil Vəliyev, Həmid Vəliyev və Allahverdi Məmmədli daxildir.
Kitabda nəzəri problemlərin analizi fonunda müasir mediada reklam və marketinqin təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, eyni zamanda müqayisə üçün Türkiyə və Rusiya media sektorunda reklam və marketinqin vəziyyəti ilə bağlı ayrıca geniş şərhlər təqdim edilir. Əsər jurnalistika sahəsində araşdırma aparan tədqiqatçılar, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Jurnalistika fakültəsinin dekanı, nəşrlər seriyasının rəhbəri, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev "Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyasının yaranma təşəbbüsündən, yeni medianın reklam və marketinq strategiyasının auditoriyaya ciddi təsir edən başlıca amillərdən biri olduğuna diqqət çəkərək vurğulayıb ki, kitabda faktoloji materiallar əsasında internet mediada müasir reklamçılığın başlıca meyarları və formalaşması prinsipləri təhlil edilir.
V.Zifəroğlu bildirib ki, Azərbaycanda inkişaf etmiş reklam bazarı var. Onun sözlərinə görə, bu reklam bazarından ənənəvi və yeni tipli KİV-lər maksimum dərəcədə yararlanmağa çalışırlar:
"Çap məhsullarında gedən reklamların şahidi oluruq. Ən azından informasiya portallarından, internet mediadakı reklamların həcmindən görürük ki, Azərbaycanda inkişaf etmiş reklam bazarı mövcuddur. Bildiyiniz kimi, reklam bir biznes sferasıdır. Ümumiyyətlə, mediamızın özündə reklam və marketinq yanaşmasının sistemləşdirilməsinə böyük ehtiyac var. Bu da ondan irəli gəlir ki, adətən bizdə reklamçılar, marketoloqlar media sferasından daha çox böyük müəssisələrdə reklam kampaniyalarının təşkilinə üstünlük verirlər. Hər halda Azərbaycan mediası reklam bazarlarından kifayət qədər yararlana bilir.
Məlumdur ki, marketinq satışın idarə olunmasıdır. Bu mənada düşünmürəm ki, ümumiyyətlə, Azərbaycan mediasında hazırkı dönəmdə reklam və marketinqlə bağlı hər hansı bir problem var. Sadəcə olaraq savadlı yanaşmadan çox şey asılıdır. Reklamları konspektə uyğun seçə bilmək, reklam verənlərlə əlaqələrin qurulması olduqca vacibdir.
Reklam yalnız danışmaq, kimdənsə reklam alıb media orqanında yayımlamaq deyil. Reklam işi çox böyük bir biznes işidir və böyük idarəçilikdir. Bu mənada media orqanlarımızda belə ənənə yavaş-yavaş formalaşmaqdadır. Reklama münasibət, medianın marketinq siyasəti son illər ölkəmizdə formalaşmağa başlayıb. Əvvəllər bu sahədə problemlər və bir sıra boşluqlar var idi. Amma indi bu çatışmazlıqlar aradan qaldırılıb”.
Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının doktorantı, "Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Xalidoğlu isə düşünür ki, müasir dövrümüzdə medianın reklam bazarı qənaətbəxş deyil:
"Düzdür, əvvəlki illərə baxanda irəliləyiş var. Məsələn, görürük ki, yaradıcı reklamlar çəkilir, yavaş-yavaş inkişaf olur. Əvvəllər götürülmə reklamlar olduqca çox idi. Yəni xarici şirkətlər tərəfindən çəkilmiş reklamların tərcümə olunmuş variantları nümayiş olunurdu. Artıq hiss olunur ki, yerli bazarda həmin şirkətlər elə burda çəkilmiş reklamlarla təmsil olunmaq istəyirlər. Bu, yaxşı xüsusiyyətdir. Dünya praktikasından, xüsusən də Türkiyədən götürülmə sosial reklamlar indi çoxalmağa başlayıb. Təbii ki, bu da yaxşıdır. Bilirik ki, burada əsas məqsəd maddi qazanc yox, cəmiyyətin mənəvi qazancıdır. Bu cəhətdən sosial reklamları qənaətbəxş kimi hesab edə bilərik. Amma əsas problemlər dil üslubu ilə bağlıdır. Görürsən ki, Azərbaycan dilinin normalarına əməl olunmur. Bir çox reklamlarda fərqli tərcümələr olur. Bu isə normal qarşılanmır, ya mənasını tam başa düşmək olmur. Ona görə də müəyyən qüsurlar var. Həmçinin mediadakı reklamlarla bağlı yaradıcı qism bir az zəifdir. Hələ ki, bu sahədə formalaşma prosesi gedir”.
BDU-nun jurnalistika fakültəsinin professoru, telejurnalist Qulu Məhərrəmlinin fikrincə, mətbuatımızda ümumi peşəkarlıq səviyyəsi aşağı düşdükcə, bir çox problemlər ortaya çıxır:
"Bu problemlərdən biri də reklamla bağlıdır. Çox təəssüf ki, bu gün Azərbaycan mediasının reklam bazası çox zəifdir. Ümumiyyətlə, ölkəmizdə reklam siyasəti 10-15 il bundan əvvələ nisbətən xeyli geriləyib”.
Professorun sözlərinə görə, reklam istənilən qurum üçün marketinqin ciddi bir sahəsidir:
"Medianın əsas gəlir mənbələrindən biri reklam olmalıdır. Dünya təcrübəsinə nəzər salsaq, Avropada, Amerikada qəzetlərin, televiziyaların gəlirlərinin demək olar ki, 90 faizi reklamla bağlıdır. Yəni reklam bazası olanda media da özünü iqtisadi baxımdan inamlı hiss edir. Təəssüf ki, Azərbaycanda reklam bazarının mənzərəsi çox solğundur. Əvvəlki illərlə müqayisədə reklam verənlərin sayı yarıya qədər azalıb. Reklam bazarının ümumi qiyməti çox aşağı düşüb. Məsələn, Baltikyanı ölkələrlə müqayisə etsək, Azərbaycanda əgər reklam bazarının qiyməti 4-5 milyondursa, digər ölkələrdə bu, 150-200 milyondur. Bizim ölkənin iqtisadi yüksəlişimiz var, amma mediada reklam bazarımız məhduddur. Ümumiyyətlə, bizdə mətbuatın, o cümlədən də elektron informasiya daşıyıcılarının reklam bazasının bu dərəcədə zəif olması olduqca kədərli mənzərə yaradır. Bu o deməkdir ki, bizim qəzetlərin iqtisadi vəziyyəti digər ölkələrin qəzetləri ilə müqayisədə aşağıdır”.
Q.Məhərrəmli bildirib ki, medianın reklam bazarını yaxşılaşdırmaq üçün düşünülmüş reklam siyasətini formalaşdırmaq lazımdır:
"Həmçinin mediadakı reklam münasibətlərini qaydaya salmaq əsas şərtdir. Əvvəllər bu barədə söhbətlər olurdu. Amma sonra təəssüf ki, bu öz nəticəsini göstərmədi. Ona görə də reklam bazarı bizim ən yaralı yerimizdir və bu sahədə vəziyyət ürəkaçan sayılmaz. Düşünürəm ki, əslində bu məsələ iqtisadi siyasətdir və burada yəqin ki, media bazarında reklam bazarının üstün olması arzuolunandır. Medianın ictimai həyata, o cümlədən geniş mənada iqtisadi proseslərə təsiri əsasdır. Bu sahədə gedən prosesləri obyektiv izləmək, mövcud nöqsanları görmək və göstərmək və beləliklə, dolayısı da olsa iqtisadi inkişafa yardımçı olmaq lazımdır.
Yeganə Bayramova